PDF Oxu

Köşə

  • 13

ALP və “VİP”-i “İP”-ə buraxmadılar

ALP və “VİP”-i “İP”-ə buraxmadılar

Lalə Hacıyeva:

"VİP"-dən ALP-dən yüksək durarıq,

Dostu dəstəkləyib, yadı vurarıq,

"İP"-dən daha möhkəm blok qurarıq,

İsalar, Əlilər geridə qalar.

Əli Əliyev:

İndi bu palata bədxah, tipçilər,

Bürüyüb qurumu "xıx-pu", "həp-çi"lər,

Bizdə əzmkarlıq görüb "İP"-çilər,

Qəm-kədər içində xəyala dalar.

Lalə Hacıyeva:

Xeyir görmədiniz o kövrək ipdən,

Lider çıxmaz Əli, İsa tək tipdən,

Üzvlərin hamısı qaçar o "İP"-dən,

Bizim bu quruma meylini salar.

Əli Əliyev:

"İP"-i batırmayın nahaq qan-tərə,

Çünki arxalanmır möhkəm sipərə,

"Yurd"un kürəyini vurram mən yerə,

Lalə də İsadan intiqam alar.

Lalə Hacıyeva:

Əsil gözdağıdı o pis qüvvələr,

Sizi pulsuz qoyar xəsis qüvvələr,

"İP"-i çökdürəcək xəbis qüvvələr,

İsa da, Əli də sizləri talar.

Əli Əliyev:

Sən ey asi kütlə, üsyanı tezdə,

Qüvvəni "İP"-çün yox, bizimçün gizdə,

"İP"-çilər qalacaq quraqlıq düzdə,

İsa da, Əli də teyxa bal yalar.

Lalə Hacıyeva:

Dostçün dost məclisi ancaq dost qurar,

Kütlə cəlb etməkçün ifrat tas qurar,

"Yurd" Əli yıxılmış "İP"-ə yas qurar,

İsa daz başının saçını yolar.

Əli Əliyev:

"İP" qalıb İsayla gözüyumulu,

Səpər başımızdan bosslar da pulu,

Bir blok qurarıq əzmkar, ulu,

Tez, ya gec "İP"-çilər bizimlə olar.

Lalə Hacıyeva:

Bizə doğru gələn "Fiad" qazanar,

Yalnız öz blokum həyat qazanar,

İsa əvvəlki tək pis ad qazanar,

"Yurd" Əli "İP"-dəki yerini bular.

Əli Əliyev:

İfratlar üstünlük verib xosuna,

Zərbəmiz bənzəyir lider pasına,

Lalə ayaq qoysa astanasına,

"İP"-də dəyişərdi rənglər və çalar.

Lalə Hacıyeva:

Qurumun üstünü alıb yalanlar,

Başlayıb basabas, dava, talanlar,

"İP"-də tum çıtlayıb bekar qalanlar,

Balaban, zurna, ney, klarnet çalar.

Əli Əliyev:

Qışda da haqlamaz bizləri qarlar,

Sözsüz ki, duruldar bizi axarlar,

"VİP"-də, liberalda sifətlər parlar,

Əlinin, İsanın bənizi solar.

Lalə Hacıyeva:

Arxa var İvanlar, Smitlər kimi,

Üzvlər qaçışmaqda ac bitlər kimi,

"İP" də gedərgidi lap itlər kimi,

Ancaq yanımızda durular sular.

Əli Əliyev:

Gedin, sözlərimiz adi kəlməsə,

Geniş kütlələrdən istək gəlməsə,

Lalədən və "VİP"-dən dəstək gəlməsə,

"İP"-dəki liderlər təklikdən ular.

Lalə Hacıyeva:

Hər kəs sabahını özü seçəcək,

Xaric yalanı yox, düzü seçəcək,

Sözsüz ki, bosslar da bizi seçəcək,

Sonra mütəmadi cibimiz dolar.

Əli Əliyev:

"İP"-in də əmlakı bizə qalacaq,

Sıramız get-gedə üzvlə dolacaq,

Mərkəzdə yerimiz Bakı olacaq,

Lerik-Yardımlıda Arvana, Alar.

Lalə Hacıyeva:

Qurum yaradarıq yarpaq üstündə,

Əlini, İsanı çırpaq üstündə,

Mal-qara gəzəcək torpaq üstündə,

Üzəcək göllərdə qaz, ördək, qular.

Əli Əliyev:

Təlaşla gedərlər yerinə gəlsək,

"İP" bizə qoşular kədəri bölsək,

Biz "İP"-i sıradan çıxara bilsək,

Bizim məclislərdə çadır qurular.

Lalə Hacıyeva:

Yüksək tutsalar da çox özlərini,

Artıq qatlayıblar öz dizlərini,

Biz bəyan eyləsək iç üzlərini,

Onlar bulandıran sular durular.

Əli Əliyev:

Laləylə birlikdə arzuma çatdım,

"İP"-i uçurmaqçün marında yatdım,

"VİP"-imdə mən atsam bir qəti addım,

Əli də, İsa da, sözsüz, vurular.

Lalə Hacıyeva:

Bənzətməsəydilər tipə məni də,

Mindirsə idilər cipə məni də,

Üzv etsə idilər "İP"-ə məni də,

Çökərdi vaxtından əvvəl barılar.

Əli Əliyev:

Mən qalib gələrdim İsa div olsa,

Biz işə salardıq işlək çiv olsa,

"İP"-ə qəbul bir az obyektiv olsa,

Qələmə çəkilən sütun cırılar.

MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər