Qurban Məmmədov:
Özgə atlarına saxta nal olun,
Bosslarla, xariclə əhli-hal olun,
Ya "İP"-də bərkiyib radikal olun,
Ya da "VHF"-mə təşrif buyurun.
Sərdar Cəlaloğlu:
Başlara baş qoşub çox salma haray,
Meydanda-küçədə sən olmusan zay,
Qardaş, "VHF"-ni "İP"-ə tutma tay,
Gəl bu yoxuşlarda sındırma burun.
Qurban Məmmədov:
Səndə yenə loyal bir vəziyyətdi,
Səninki həmişə zülm, əziyyətdi,
Nə vaxtdan, de, yaxşı xüsusiyyətdi,
Rəsula əl açıb, otarmaq qarın.
Sərdar Cəlaloğlu:
Sənə çağırış yox, yaraşır giley,
Əlinə götürmə bundan sonra ney,
Deməklə eyləmək başqa-başqa şey,
Artıq içindəsən özün sərt torun.
Qurban Məmmədov:
Qardaşım da olsan, Sərdar, az qudur,
İş görülməyibsə, zaman unudur,
Məni öyrətmə ki, siyasət budur,
Deyilsən içində repvari xorun.
Sərdar Cəlaloğlu:
Zamanı çevirmə, valın deyildir,
Polad kimi möhkəm dalın deyildir,
Saqın ki, sərbəstlik malın deyildir,
Gəl sən bal axtarma içində şorun.
Qurban Məmmədov:
Baxmısan çox şeyə ənənə kimi,
Topladın başına zənənə kimi,
Rəsuldan pul umdun dünənə kimi,
Atalar demişkən, çatlasın gorun.
Sərdar Cəlaloğlu:
Fırtına gözlənmir sizin dənizdə,
Müəmma oxunur üzlərinizdə,
Bir qəpiyə dəyməz üzvləriniz də,
Gedib forumunda bayquş uçurun.
Qurban Məmmədov:
Sizə xarici boss qol-qanad verib,
Onlar nə veribsə, tam babat verib,
Mitinq, piket deyə bəyanat verib,
Hara gedirsiniz, dayanın, durun?!
Sərdar Cəlaloğlu:
Səsiniz aləmi bürüyüb gedib,
"VHF" sizləri sürüyüb gedib,
Sizin arabanız çürüyüb gedib,
Siz nə edirsiniz, bir "İP"-dən sorun?!
Qurban Məmmədov:
Qüssə yığın-yığın, dərd yığın-yığın,
Batıbsan içində palçığın, lığın,
Nə qazanıbsan, get "İP"-inə sığın,
Hansı mətləblər var könlündə korun?!
Sərdar Cəlaloğlu:
Əvvəl yerinizi eyləyin təyin,
Sonra ruzinizi bölüşüb yeyin,
Eyni təbili siz az döyəcləyin,
Siz eyni nöqtəni gəlin az vurun.
Qurban Məmmədov:
Boss da ala bilməz götürdüyünü,
Çalış ki, qaytarma ötürdüyünü,
Qaytara bilməzsən itirdiyini,
"İP"-in təzyiqindən, a yazıq, qorun.
Sərdar Cəlaloğlu:
Biz az bel bağladıq "TASS"-a ürəkdən,
Axır bədənə də massa ürəkdən,
Mən də ağız açdım bossa ürəkdən,
"İP" də xahiş edir: bizi doyurun!
Qurban Məmmədov:
Gəlin az danışın bossdan, xörəkdən,
Sizə arxa çıxmaz adi dirəkdən,
Açın düyününü "İP"-in ürəkdən,
Xalq üçün münasib qurum qayırın.
Sərdar Cəlaloğlu:
Həmişə bol oldu bol əziyyətin,
Yenə düzəlmədi heç vəziyyətin,
Duymaq daxilini çətindən çətin,
Ondan da mürəkkəb sənin bayırın.
Qurban Məmmədov:
Qatmayın aranı gəlin siz qəsdən,
Biz də oxumayaq bəyanat pəsdən,
Heç zaman tutmayın dördəlli pisdən,
Əvvəl siz yaxşını pisdən ayırın.
Sərdar Cəlaloğlu:
Artıq gedərisiz, yeriniz nəmiş,
Daim qoyulmaqda sizə bir qəmiş,
Güclü rəqib "İP"-i süqut etməmiş,
Siz də qarşıduran cəbhəni yarın.
Qurban Məmmədov:
Yalandan deməyin yeyirsiz kabab,
Sonra da edirsiz onlarla savab,
Bosslar hayınıza verməyir cavab,
Boğulun içində namusun-arın.
Sərdar Cəlaloğlu:
"İP"-in planları yaxşıdı, vallah,
Burda İsa, Əli, burdadı Pənah,
Boss da pul göndərər bizə, inşallah,
Tezliklə üzərik içində varın.
Qurban Məmmədov:
"İP" səfil, sizlərin hamısı səfil,
"İP"-i "VHF"-yə eyləyin təslim,
Qışın soyuğunda donmusuz qəfil,
Bizə kömək etdi odu baharın.
Sərdar Cəlaloğlu:
Zənci lider verər bizə Mərv özü,
Bizi canlandırıb sizlə hərb özü,
"İP"-i dəstəkləyir bütöv Qərb özü,
Sizlər qurbanısız iti axarın.
Mirzə QƏRƏNFİL