PDF Oxu

Köşə

  • 6

“Yurd həqiqətləri” “Yurd” liderini hədəfə alıb

“Yurd həqiqətləri” “Yurd” liderini hədəfə alıb

Mirmahmud Fəttayev:


Sədr qalmaq üçün işlətdi min "mız",

"Yurd" şefi özü də qalıbdı yalqız,

Əli Kərimovun əlindən yalnız,

Əlbəttə, cəbhəni dağıtmaq gəlir.


Əli Kərimov:


Nahaq cilovlama Dürat, Qıratı,

Sən dost yox, düşmənsən, əlbəttə, qatı,

Saxlaya bilmirsən elektoratı,

Əlindən kadrı axıtmaq gəlir.


Mirmahmud Fəttayev:


Sənə təsir etmir, əsla, söz dağı,

Hər kəsə bəsidi, vallah, öz dağı,

"Yurd həqiqətləri" sənə gözdağı,

Kitabı əlimdən oxutmaq gəlir.


Əli Kərimov:


Konflikt törətmək qalıb canlarda,

Qaralıq çoxalıb duru qanlarda,

Cəbhə dağılanda, gərgin anlarda,

Əlimdən üfunət qoxutmaq gəlir.


Mirmahmud Fəttayev:


Bossdan nağd alırsan həmişə pulu,

Gözünün altına almısan nolu,

Bizləri sayırsan buyuruq qulu,

Həmişə krupnu pəl atmaq gəlir.


Əli Kərimov:


Meydan oxuyasan mənə nəbadə,

Qoşaram adına çoxlu şəbədə,

Artıq süqutunuz durur növbədə,

Sizin kimiləri tez udmaq gəlir.


Mirmahmud Fəttayev:


Cüzi süqutuma durub əl çaldın,

Cəbhəni dağıtdın, özün alçaldın,

Hərlənib-fırlanıb "Yurd"da tək qaldın,

İndi də xoşuna çox yatmaq gəlir.


Əli Kərimov:


Ağılın axsayır, özün balqabaq,

Tükənibdi qüvvə, boşalıb tabaq,

Sizləri əbədi süqutdan qabaq,

Möhkəm silkələyib oyatmaq gəlir.


Mirmahmud Fəttayev:


Araya sən saldın konflikti, bəhsi,

Cəbhəni dağıtdın, gətirdin nəhsi,

"Yurd həqiqəti"nin bu, nəticəsi,

Maykanı narıncı boyatmaq gəlir.


Əli Kərimov:


Minmişəm mən bossun qəzəb atına,

Getdin işarəmlə yerin altına,

Səni də salmışam ayaq altına,

Bu yerdə məqsədə tez çatmaq gəlir.


Mirmahmud Fəttayev:


Olmadı bir məhəl qoyan səsinə,

Özün tət demədin bəd nəfəsinə,

Dağıtmaq çatanda pik nöqtəsinə,

Dalınca günaha həm batmaq gəlir.

Əli Kərimov:


Qrantverənlər də işləmir bacsız,

Onlar hökmdardı, başları tacsız,

O ki bəla gəldi, qaldın əlacsız,

Boss verən qrantı həm dadmaq gəlir.


Mirmahmud Fəttayev:


Hamını tovlayıb yaman aldatdın,

Bossları talayıb arzuna çatdın,

Bilirsən, bir zaman Cəbhəni satdın,

Növbəti addımda boss satmaq gəlir.


Əli Kərimov:


Hardan üzləşdirdi bizləri gərdiş?!

Uğurdan dönməyə etmişik vərdiş,

Əlindən gələcək yeganə bir iş,

Deyəsən, aranı tam qatmaq gəlir.


Mirmahmud Fəttayev:


Bürünüb zülmətə şəxsi fərdimiz,

Tərsinə dönməkdə xiyar kərdimiz,

Qübar etməkdədi bizim dərdimiz,

Əlindən qaysağı qanatmaq gəlir.


Əli Kərimov:


Siz qaraçı köçü, xalis taborsuz,

Daim aramızda hasar, zaborsuz,

O qədər xəsissiz, kraxaborsuz,

Pulu təkrar-təkrar sanatmaq gəlir.


Mirmahmud Fəttayev:


Sən gəldin, heç bəxt də olmadı bizdə,

Min oldun, biz qaldıq əllidə-yüzdə,

Bizim hamımızı qoymusan düzdə,

Əlindən dikdirə can atmaq gəlir.


Əli Kərimov:


Məhv etdin, nə yeznə, quda bilmədin,

Heç zaman yerini tuta bilmədin,

Bu dəfə yenə də uda bilmədin,

Bəxtini yenidən sınatmaq gəlir.


Mirmahmud Fəttayev:


Elə ki, yatağa çökür dumanlar,

Xoruz qarşısında düşür tumanlar,

Yumurta xoruzlu olan zamanlar,

Xoruzun beyninə ban atmaq gəlir.


Əli Kərimov:


Özümdən çox əskik sayırdım səni,

Sıravi bir "cırtdan" qayırdım səni,

Elə ki, özümdən ayırdım səni,

Tale nəsibinə don atmaq gəlir.


Mirmahmud Fəttayev:


Ayağa durmadın sən İvan kimi,

Çökdün Misir kimi, həm Livan kimi,

İş görsən yalançı pəhləvan kimi,

Çöhrənə işgüzar fon atmaq gəlir.


Əli Kərimov:


Daş at, əgər sənə diş atmışamsa,

Çəkin, qabağına leş atmışamsa,

Mən sənin qarşına beş atıramsa,

Meylindən önümə on atmaq gəlir.


Mirzə QƏRƏNFİL

Digər xəbərlər