PDF Oxu

Köşə

  • 15

Müxalifətin mitinq maraqları

Müxalifətin mitinq maraqları

İsa Qəmbərov:


Keçdik qırğınlardan, faciələrdən,

Dəstək gördük nəvə-nəticələrdən,

O gün razı qaldıq nəticələrdən,

Tökmüşdük küçəyə bütün milləti.


Əli Kərimov:


İnam yoxdu təhər-töhürlərində,

Biz yatdıq kütlənin sehrlərində,

Ayaz, Əbdürrəhman dövrlərində,

Çəkdik neçə-neçə ağır zilləti,


İsa Qəmbərov:


Dönərlər mitinqlər lap su yoluna,

Çevrildik könüllü bossun quluna,

İndi sığınmışıq xaric puluna,

Polislər verməkdə bizə illəti.


Əli Kərimov:


Öpüb göz üstünə qoyduq "İncil"i,

Yedik boss göndərən xaçlı ənciri,

Bağlandı boğaza bossun zənciri,

Ayaqlar altına atdıq hörməti.


İsa Qəmbərov:


Sədası altında kamanın, tarın,

Bir çox aksiyadan biz keçdik harın,

Özümüz bosslarla doldurub qarın,

Kütlənin üstünə yaxdıq töhməti.


Əli Kərimov:


Bossdan güc alaraq, demişdim bayaq,

Qaldırdıq kütlənin başına ayaq,

Xarici dolları yağmalayaraq,

Verdik kütlələrə ağır zəhməti.

İsa Qəmbərov:


İstədik önündə gedək millətin,

Ancaq boss qoymadı olmağa mətin,

İndi elektorat tapmaq çox çətin,

Çıxardıq meydana o vaxt biz qəti.


Əli Kərimov:


"Cırtdan" qurumları saldıq pis hala,

Artıq palatada qurmuşuq qala,

"İP"-də Mirmahmudu salıb qandala,

İtirdik Raufu, bir də Əhmədi.


İsa Qəmbərov:


Əvvəl boss başımdan yağdırdı maaşı,

Sonra başımıza əndərdi daşı,

Diz çökdük, paralel töküb göz yaşı,

Bossların önündə qurduq xidməti.


Əli Kərimov:


İstəyəndə qırır bizi qanad tək,

O, "İP"-də bizlərə baxmaqda yad tək,

Bizi meydanlarda yortdurub at tək,

Özünə götürür İsa neməti.


İsa Qəmbərov:


İndi Ələddinin çırağı məndə,

Erməni dığanın yarağı məndə,

Əlinin, Raufun marağı məndə,

Bizə boslar verir yaxşı qiyməti.

Əli Kərimov:


Mənə meşə, kollar İsaya qalsın,

Ağır yoxuş yollar İsaya qalsın,

Ucuzlaşan dollar İsaya qalsın,

İstərəm özümə alam zinəti.


İsa Qəmbərov:


"Yurd" şefi adi bir darğa, üzüklə,

Sanki yüklənibdi qarğa üzüklə,

Qoy Əli oynasın sırğa-üzüklə,

Seçirəm radikal yönlü sənəti.


Əli Kərimov:


Özüm radikalın ön sırasında,

Gözlərim qalıbdı boss parasında,

Qalsaydım mən iki qütb arasında,

Əlbəttə, seçərdim yalnız cənnəti.


İsa Qəmbərov:


Bəzi "cırtdan"ları öyüb pul versəm,

Əhmədi, Pənahı döyüb pul versəm,

Əgər mən Əliyə söyüb pul versəm,

Götürməz üstünə heç bir minnəti.


Əli Kərimov:


İsa istəyər ki, maraq azalda,

Sponsor axtarmaz heç kəs "Azal"da,

Qoy yürüş-mitinqlər qalsın sığalda,

Əsil bir bəladı piket sünnəti.

İsa Qəmbərov:


Satıb pul düzəltdim qəzet köşkünü,

Saldım siyasətə sevgi-eşqimi,

Kütlə üzərində qurdum məşqimi,

Hazıram idarə edəm ümməti.


Əli Kərimov:


Bossu yanlamaqdı İsa peşəsi,

Məndə pul azalıb, onun nəşəsi,

Olacaq nəsibim cənnət guşəsi,

İsa qazanacaq gorda lənəti.


İsa Qəmbərov:


"Yurd" Əli olubdu pula ilk cuman,

Onu belə həris etməzdim güman,

O, heyrətlənərdi pul görən zaman,

Xeyli müəmmalı Əli heyrəti.


Əli Kərimov:


Kütlənin marağı heçliyə axdı,

İsanın döşünə boss medal taxdı,

Tərs gəldi axırda radikal baxtı,

Biz pulu götürdük, xaric qeyrəti.


İsa Qəmbərov:


İti sürətimi gördü ləng kimi,

Əli də dalımca baxdı şəkk kimi,

Çaxdım meydanlarda bir şimşək kimi,

Qarışqadan ləngdi Əli sürəti.


Əli Kərimov:


İsa qarışqadı, mənəm fil kimi,

Keçdim küçələrdən daşqın sel kimi,

Onun qabağında səkdim yel kimi,

İsada görmədim lider cürəti.


Mirzə QƏRƏNFİL

Digər xəbərlər