PDF Oxu

Köşə

  • 8

Müsavatın xilası İsa Qəmbərovun getməsindədir

Müsavatın xilası İsa Qəmbərovun getməsindədir

Rauf Arifoğlu:


Güvəndiyi kürsü, masa getməsə,

Əlindəki təsbeh, əsa getməsə,

Əgər başqanlıqdan İsa getməsə,

Müsavatın halı olacaq yaman.


Vurğun Əyyubov:


Boyu da qısalıb, həm alçalıbdı,

Saçları ağarıb lap qocalıbdı,

İsa son zamanlar fikrə dalıbdı,

Başının üstündə sıxlaşıb duman.


Rauf Arifoğlu:


Ordunun çökəyi oyuqlaşıbdı,

Deyirdi qartalam... toyuqlaşıbdı,

Divanda yatağı soyuqlaşıbdı,

Altına səribdi bir çəngə saman.


Vurğun Əyyubov:


Yazıq öz evini özü yıxıbdı,

Uzun illər bossdan qrant tıxıbdı,

Dedi ki, başqanlıq əldən çıxıbdı,

Mən İsadan çıxmaz, hətta heç şaman.


Rauf Arifoğlu:


Tez qaçar, ağzına zərbə gedərsə,

Cəbhə yolu da var hərbə gedərsə,

Əgər o düşünüb Qərbə gedərsə,

Yolunu gözləyir qayıqlı liman.


Vurğun Əyyubov:


Xarici dəstək də ziyana qalsın,

Bizim mübarizə qoy sona qalsın,

Lənətullah başqan o yana qalsın,

Artıq Müsavatda itibdi iman.

Rauf Arifoğlu:


Qoy özünə qalsın basdığın paçkan,

Ruzi gətirməsin xarici toçkan,

Guya qənimətdi bizim bu başqan,

Bəlkə saxlamaqçün içək and-aman.


Vurğun Əyyubov:


Təşkil etməkdədi limon, çay günü,

Hər gün keçməkdədi, vallah, zay günü,

Yetişib İsanın artıq vay günü,

Çatışmır nağara, ney və tar-kaman.


Rauf Arifoğlu:


Yediyi qrantı qorxur ki, ödər,

Axmayır alnından İsanın qan-tər,

Vaxt olar bosslar da imtina edər,

O vaxt İsa olar çörəyə cuman.


Vurğun Əyyubov:


İsa qərargaha intizar gəlir,

Dilinə qəm-kədər, dərd-qubar gəlir,

Əyninə narıncı köynək dar gəlir,

İndi dəbdə deyil narıncı tuman.


Rauf Arifoğlu:


Xaric də yenidən yandırıb çıraq,

Ömür səhifəmdən açaram varaq,

İsa bəy yorulub qatlasa qıraq,

Mən özüm olacam umacaq uman.

Vurğun Əyyubov:


Əldə qaval tutan şaman bezibdi,

Müsavat üstündə duman bezibdi,

Sükunətdən İsa yaman bezibdi,

Deyir ki, oturub yazacam roman.


Rauf Arifoğlu:


Başqan kürsüsünə mən özüm ennəm,

Boss az avro versə, boynuna minnəm,

İsadan danışdın, başqan cəhənnəm,

Sənin özünün də zülmətdi səman.

Vurğun Əyyubov:


İstərdin bosslardan qrant alasan,

Kürsüdə yellənib həm zövq alasan,

İddia edirdin sədr olasan,

Onunçun başına uçubdu koman.


Rauf Arifoğlu:


Vermisən özünü Qərbdə sərinə,

Mən sakit durduqca endin dərinə,

Gəlmək istəyirsən başqan yerinə,

Artıq yavaş-yavaş açılır siman.


Vurğun Əyyubov:

Cibində həmişə quru nəşən var,

Qəzetində iri sütun köşən var,

Əlində aqranom, baytar peşən var,

Başqan postu sənə gəlməsin asan.

Rauf Arifoğlu:


Hələ də tanımır öz sağ-solunu,

O, çıxara bilmir sudan çulunu,

Mən çox yerimişəm onun yolunu,

Qoy sənin təpənə dəysin öz İsan.


Vurğun Əyyubov:


Bostanın nə qarpız, nə yemiş yetirmir,

Qeyri-münbit torpaq qanqal bitirmir,

O nitq ki, cibinə qrant gətirmir,

Qoy ağzında yansın o dil, o lisan.


Rauf Arifoğlu:


Ən çox qrantlar da itər əlində,

Görərdim mən səni xətər əlində,

Saxlaya bilməsən əgər əlində,

Qoy əlindən düşsün təsbehin, əsan.


Vurğun Əyyubov:


Bədnam adamların tökülsün gözü,

Əllini saymaram, istərəm yüzü,

İsanı da adam saymıram, düzü,

Təəssüf ki, özünü sayırsan insan.


Rauf Arifoğlu:


İstərdim özümü tez "İP"-ə dürtüm,

Atımı İsadan kənara sürdüm,

Səni mən masanın altında gördüm,

Başına çevrilib İsa tək masan.


Vurğun Əyyubov:

Azca şaqqıldasa, kola hürürsən,

Boss qarşına çıxsa, yola hürürsən,

Bir ildir daima yala hürürsən,

Hiss eyləyirəm ki, boşalıb kasan.


Mirzə QƏRƏNFİL

Digər xəbərlər