Mirmahmud Fəttayev:
Yenidən sədr seçdi məni qurultay,
Mənə ruh verməkdə yeni qurultay,
Qarşımdan qovmaqda çəni qurultay,
"KAXCP" yenə əlimdə qaldı.
Mübariz Əhmədoğlu:
Sən sədr seçildin, gəl az düyün düy,
Hələ çənənizdə lax durmaqda çüy,
Ölçüyəgəlməzdir burdakı hay-küy,
Məqsəd-məramınız xeyli daraldı.
Mirmahmud Fəttayev:
Özümü seçdilər gözüm uşaqlar,
Göstərdi bolluca dözüm uşaqlar,
Yaxşı danışırdı bizim uşaqlar,
Sənin çıxışından qanım qaraldı.
Mübariz Əhmədoğlu:
Bildim dərdinizin min olduğunu,
Gördüm qəlbinizdə kin olduğunu,
Mən milli liderin kim olduğunu,
Sərt dedim, hamının üzü saraldı.
Mirmahmud Fəttayev:
Bizim "klassiklər" yan-yörə, böyür,
Demədim üstümə təpilib yüyür,
Bizim istəyimiz gur, ceyran, cüyür,
Sənin dediyinsə ali maraldı.
Mübariz Əhmədoğlu:
Reallıq çulğaşıb ruhumu bəzər,
Sənin xəyalların buludda gəzər,
Bakı sahilini yalayır Xəzər,
Deyirsən yalandı, bu göl Araldı.
Mirmahmud Fəttayev:
Sənin, mənim kimi adi lider çox,
Bizlər də, sizlər də fərasətsiz, lox,
"Ən böyük Elçibəy, başqa lider yox",
Başqa lider dedin, sənə "halaldı".
Mübariz Əhmədoğlu:
Sizinki hay-küydü, yalandı, şərdi,
O lider vətənə, yurda sipərdi,
Ümummilli Lider bircə nəfərdi,
Sizinki gopçuluq və qilu-qaldı.
Mirmahmud Fəttayev:
Bizimlə nisbətdə güclü biləkdin,
Sən arzuolunan real diləkdin,
Elə bir liderin adını çəkdin,
Bütün "klassiklər" xəyala daldı.
Mübariz Əhmədoğlu:
Prezident qaçdı, arqument varmı?
Kimsə bu liderə yaxşı baxarmı?
Sizin lideriniz yaddan çıxarmı?
Dörd il Kələkidə o, məskən saldı.
Mirmahmud Fəttayev:
Boss dəvət edəndə cipə giririk,
Elə bilirik ki, küpə giririk,
O ki biz candərdi "İP"-ə giririk,
İstək çoxlu qrant, boss verən yaldı.
Mübariz Əhmədoğlu:
Sizə qənim olsun qadir Yaradan,
Keçir əlinizə puldan-paradan,
Real bir iş görmək qalxıb aradan,
İşiniz-gücünüz rəmldi, faldı.
Mirmahmud Fəttayev:
Danışma, qorxuruq böyük kəslərdən,
İlham almaqdayıq şərdən, pislərdən,
Sən dəm vurmaqdasan ali hisslərdən,
Vacib qoyun-keçi, mülklərdi, maldı.
Mübariz Əhmədoğlu:
Gedib Kələkidə gözü qaraldı,
Düz dörd il pəjmürdə xəyala daldı,
Bir ildə sizinki duruxub qaldı,
Mən dediyim gəldi, qələbə çaldı.
Mirmahmud Fəttayev:
Burdan Qərbin qrant əli, Kərimov,
Qəmbərovu dəli, dəli Kərimov,
Çökdürdü bizləri Əli Kərimov,
Elçibəy bizlərə bir çarə qıldı.
Mübariz Əhmədoğlu:
Dirilik suyunu içmişlər udub,
Həqiqət yolunu keçmişlər udub,
Siyasətdə daim bişmişlər udub,
"İP"-dəki, cipdəki liderlər kaldı.
Mirmahmud Fəttayev:
Qarşında xeyirxah amac durubdu,
Önümüzdə yoxuş, yamac durubdu,
Reallıq gözünü qamaşdırıbdı,
Bizi məşğul edən xortdandı, haldı.
Mübariz Əhmədoğlu:
Şadam, sizlərisə boğmaqda qəhər,
Mindiyiniz yabı, mindiyim kəhər,
İşiniz xata-şər, içkiniz zəhər,
Azad vətənimdə yediyim baldı.
Mirmahmud Fəttayev:
Çox zəif görmüşəm sizi uçuşda,
Gözünüz sentlərdə, qəpik-quruşda,
Soyuqdan qoruyan bizləri qışda,
Sizin çiyninizə salınan şaldı.
Mübariz Əhmədoğlu:
Xaric əlinizlə sağılmaqdadı,
Səsiniz keyləşib boğulmaqdadı,
Qurumunuz içdən dağılmaqdadı,
Sizin "İP"-inizdə problem boldu.
Mirmahmud Fəttayev:
Bizlər maliyyəçi xariclə şərik,
Elçibəy deyərik, həm büzüşmərik,
Biz relsdən çıxmışıq, relsdən dönmərik,
Siz sağçılarsınız, yolumuz soldu.
Mübariz Əhmədoğlu:
Qrantlardan qanad açacaqsınız,
Bossunuza doğru uçacaqsınız,
Çətin məqamlarda qaçacaqsınız,
Əlbəttə, bu, sənin girdiyin koldu.
MİRZƏ QƏRƏNFİL