PDF Oxu

Köşə

  • 58

Pənah Hüseynov Sərdar Cəlaloğlunun “Xalq Parlamenti”nə gəlmək istəyir

Pənah Hüseynov Sərdar Cəlaloğlunun “Xalq Parlamenti”nə gəlmək istəyir

Pənah Hüseynov:


Baş nazir olanda küpdən çıxmışam,

Hamı rol oynayır, tipdən çıxmışam.

Mən istefa verib "İP"-dən çıxmışam,

"Xalq Parlamenti"nə doğru

gedirəm.


Sərdar Cəlaloğlu:


"İP" cırtdan, bu "XP" azman bir divdi,

Xalqın parlamenti geniş bir evdi,

Bizim "XP" "İP"-ə alternativdi,

Gəl bura, mən səni sədr edirəm.


Pənah Hüseynov:


Bundan sonra bizə ərk etmə dedi,

Bəyanat verəndə bərk etmə dedi,

Çoxu mənə "İP"-i tərk etmə dedi,

Bir "XP" eşqinə göstərdim dirəm.


Sərdar Cəlaloğlu:


Sənə ikiəlli eyləyirəm əl,

"İP" uçuq bir bina, "XP" bərk təməl,

Nə desən can-başla edərəm əməl,

Sən möhtəşəm çinar, qarşında tirəm.


Pənah Hüseynov:


Sərdar dəvət etdi, ürəyim yuxa,

Onlar aza qane, mən özüm çoxa.

Əlidən, İsadan qurtardım yaxa,

"İP" bir cəhənnəmdi, "XP" əsl İrəm.


Sərdar Cəlaloğlu:


İsanı qoy gəlsin iti qılınca,

Çerez Əli gedib bossu bulunca,

Sən gedib o "İP"-də quzu olunca,

Burdan rəqiblərə de ki, mən şirəm.


Pənah Hüseynov:


"XP"-də daha çox şirə, bal-pətək,

"İP"-ə yox, mən bossa açaram ətək,

Təqdim olunaram Qərbə lider tək,

Çətin uduşumu mən əldən verəm.


Sərdar Cəlaloğlu:


"XP" ədalətin, haqqın yoludu,

Pənahın lider tək canı suludu,

"Yurd" Əli, əlbəttə, "İP"-in quludu,

Artıq sarsıtmaqda İsanı vərəm.


Pənah Hüseynov:


Toplaya bilməzsən orda var belə,

"İP"-də çox darıxar padşah, çar belə,

Burda ağlar qalmaz Məcnunlar belə,

"İP"-də Əslisiyçün ağlayar Kərəm.


Sərdar Cəlaloğlu:


İsa, Əli olub "İP"-ə bir ləkə,

Burda yeyəcəyik bolluca kökə,

İşgüzar bir tərzdə Pənah tər tökə,

Arzu eyləyirəm bir xoş gün görəm.


Pənah Hüseynov:


"İP"-də deyirlər ki, murdar burdadı,

Bossun verəcəyi pul, var burdadı,

Çox hörmət etdiyim Sərdar burdadı,

"XP"-yə cəhd edib gərək tez girəm.

Sərdar Cəlaloğlu:


"İP"-in başçıları çəkməkdədi car,

Yazıqlar qalıblar naəlac, naçar,

Pənah ideyası gətirəcək bar,

Mən də önə çıxıb bol məhsul dərəm.


Pənah Hüseynov:


"İP"-dən qaçmaq üçün yaratmışam bum,

Dolsun hamısının gözlərinə qum,

Mənlə tən gəlməyən "İP"-çilər məzlum,

Mən öz ideyamla bir qadir ərəm.


Sərdar Cəlaloğlu:


Ruzimi göndərən Allahım olar,

Pənah bəy, əslində, pənahım olar,

Pənah ideyası silahım olar,

Gərək rəqibimi tez yerə sərəm.


Pənah Hüseynov:


Sərdar, mən gəlirəm, özünü qoru,

Birgə rəqibimiz "İP"-ə at toru,

Mən xalis "ideya generatoru",

Gərək mən "XP"-də ömrümü sürəm.


Sərdar Cəlaloğlu:


Tanış-bilişlərlə dolacaq postlar,

Şəninə deyilər münasib tostlar,

Ağıl dağarcığı söyləyir dostlar,

Rəqiblər deyirlər azğın sərsərəm.

Pənah Hüseynov:


"İP"-də kin, qəzəbdən hövsələlər dar,

"XP"-də ardıcıl bir sabitlik var,

Ürək tərəfimdə oturar Sərdar,

Yeni üzvlərlə dolacaq kürəm.


Sərdar Cəlaloğlu:


Çəkilib üstlərdən Tanrının əli,

"İP"-də sıravilər olmaqda dəli,

Bədxahlıq yolunda İsayla Əli,

Niyə hər ikisi demir ki, şərəm.


Pənah Hüseynov:


Qərbdən "XP"-çiyə xeyli dəvət var,

İsada, Əlidə kəskin xiffət var,

Sərsəm radikala məndə nifrət var,

Yalan deyirəmsə əclafam, xərəm.


Sərdar Cəlaloğlu:


Bizim hədiyyəmiz Qərbdən paylardı,

Əlilər, İsalar ölüvaylardı,

"İP"-in liderləri dayaz çaylardı,

Pənahla birlikdə Arazam, Kürəm.


Pənah Hüseynov:


Səmada şimşək tək çaxmaqda sözüm,

Məndə xoşa gələn əzmimlə dözüm,

Xoruz tinətliyəm, əlbəttə, özüm,

"İP"-in liderləri toyuğum, fərəm.


Sərdar Cəlaloğlu:


Biz bir günahsızlıq, "İP"-çilər günah,

"XP" gələcəyi işıqlı sabah,

Hazırlıq görürəm tez gəlsin Pənah,

Gərginlik içində, vallah, qan-tərəm.


Mirzə QƏRƏNFİL

Digər xəbərlər