Vurğun Əyyubov:
Digər qurumların başlayıb yası,
Əli də, Sərdar da uduzub tası,
"İP"-də Müsavatın diktaturası
Yaxşı, Etibarın sükunətindən.
Yusif Bağırzadə:
"İP"-də püskürməkdə artıq zəlzələ,
Londondan qayıtmır Etibar hələ,
AMİP-də canlara düşür vəlvələ,
Yoxdu bir fərqimiz sütun itindən.
Vurğun Əyyubov:
Dövrün qaydasını Zərdüşt görmədi,
İfrat faydasını gərdiş görmədi,
İsa siyasətdə bir iş görmədi,
Çıxıbdı sümüyü bütün ətindən.
Yusif Bağırzadə:
Diz üstə durmuşuq burda iməkdə,
Orda Rəsul bəyə çox tost deməkdə,
Etibar Londonda kotlet yeməkdə,
Düşbərə də yedik bitin ətindən.
Vurğun Əyyubov:
Burda Pənah kimi qanqal bitirdik,
Qurumda biz neçə lider itirdik,
"İP"-ə iki şaqqa Çindən gətirdik,
Sənə saxlayarıq itin ətindən.
Yusif Bağırzadə:
Bizdə rast gəlməzsiz ağıllı tipə,
Deyəsən, axırda girəcəm "İP"-ə,
Elə ki, yolunuz düşdü AMİP-ə,
Dəymə yarımçığa, götür bütündən.
Vurğun Əyyubov:
Etibar ayılar vaqiəsindən,
Londonda qorxarlar şaqraq səsindən,
Bezib Rəsul ilə əlaqəsindən,
Narıncı köynəkdə gələr sətindən.
Yusif Bağırzadə:
İfratlar üzündə qəm-kədər, vallah,
İsanın təlaşı çox hədər, vallah,
Etibar "İP"-i də hürküdər, vallah,
Rəsulla sıçrayıb çıxar bətndən.
Vurğun Əyyubov:
Etibar Londonda yada inandı,
İsa "İP"-çiləri vaxtında qandı,
Hamı yaxşı bilir asan asandı,
Sən özün dördəlli yapış çətindən.
Yusif Bağırzadə:
Etibar özünü məlul göstərir,
Rəsul həmkarına məhsul göstərir,
Maliyyə dəstəyi Rəsul göstərir,
Etibar dördəlli tutub setindən.
Vurğun Əyyubov:
Çoxları yuxudan durur, ayılır,
İndidən qəribə xəbər yayılır,
Etibar haranın fəxri sayılır,
Siz "fəxri lider"i silin mətndən.
Yusif Bağırzadə:
Hər iki üzündə bir iri ziyil,
Çox lider o "İP"-ə eyləyir meyil,
Ağıllı liderlər qorxulu deyil,
Qorxun bizimki tək xalis kütündən.
Vurğun Əyyubov:
Bizə doğru yönəl meyvə-bar üçün,
O, Rəsula dönüb dövlət-var üçün,
Ünvanla Londona Etibar üçün,
İngilis "no"sundan, rusun "net"indən.
Yusif Bağırzadə:
Etibarım yoxdu, hətta qaynıma,
Sənimi mən sıxım indi qoynuma?
Bizdə mandatlılar çıxır boynuma,
Qorxuram mən "İP"-in bezbiletindən.
Vurğun Əyyubov:
Rəqib qapısına vurmaq çətin qol,
Burda sağlar azdı, əksəriyyət sol,
Burda yığıncaqda demokratlıq bol,
Az qala boğulam tüstü-tütündən.
Yusif Bağırzadə:
AMİP dəb gətirib çiti Londona,
Gəlmişdi Rəsulun iti Londona,
Etibar aparıb biti Londona,
Bizə də pay göndər "İP"-in bitindən.
Vurğun Əyyubov:
Tale ürəkləri daşdan edibdi,
Qəlb bərkiyib gözü yaşdan edibdi,
Rəsul Etibarı başdan edibdi,
Səsləndir sədrinin London xitindən.
Yusif Bağırzadə:
Sağ qalmaq çox çətin cip arasında,
Qalmışam həm iki tip arasında,
Boğuldum AMİP-lə "İP" arasında,
Bundan nə götürər naşükür bəndən?!
Vurğun Əyyubov:
Yaddaşlarda "SİDSUH" - o "beşlər" qalıb,
Yeyilmiş qarpızlar, yemişlər qalıb,
Arxada de hansı xoş işlər qalıb,
Hansı faciələr görünür öndən?
Yusif Bağırzadə:
Yanıb-sönən simürğ kül verməkdədi,
İsa "İP"-çilərə gül verməkdədi,
Etibar Rəsula dil verməkdədi,
Adam eşidəndə partlayır kindən.
Vurğun Əyyubov:
Qiyməti ucuz et, baha gözləmə,
Nyu-Yorkdan Rəsul tək düha gözləmə,
Sən gəl Etibarı daha gözləmə,
Qoşul cəsarətlə "İP"-ə bu gündən.
Yusif Bağırzadə:
Biz-biz dayanıbdı başımda tüküm,
Mənə zəhrimardan ötür bir büküm,
Çox gəncəm, gözləyir məni təlatüm,
Bu işə baxmaq da çətindi gendən.
Mirzə QƏRƏNFİL