Əhməd Oruc:
Hər birinin var sərsəm, gicliyi,
Radikal xoşlayır puçu, heçliyi,
"İP"-də Əli, İsa, Pənah "üçlüy"ü,
Qurumda yeganə qərar verəndi.
Pənah Hüseynov:
İfratlar içində Əhməd adi tir,
Nədənsə özünü saymaqdadı şir,
Subyektiv amillər onu dindirir,
Hər karvan dalınca düşüb hürəndi.
Əhməd Oruc:
İsa, Əli, Pənah çox kinli, hirsdi,
Demək, mümkün deyil biri dürüstdü,
Hər üçü sərsəmdi, avantüristdi,
"Üçlüy"ün nəhs oxu daşa dirəndi.
Pənah Hüseynov:
Boş-boş danışmağı bacarır ancaq,
Məqamı düşəndə qoyub qaçacaq,
Bu adam ağzını yumub-açacaq,
Ağzının sözünü bilmir, çərəndi.
Əhməd Oruc:
Bunlar hətta məndən beş-betər ötkəm,
Neştərli sözləri həm hədər, ötkəm,
Bu qərar verənlər o qədər ötkəm,
Üzvlər "İP"-dən də pərən-pərəndi.
Pənah Hüseynov:
Boş-boş danışmaqdan ləzzət aparır,
İftira danışır, ifrata varır,
Fürsət düşən kimi üzə qabarır,
Əhməd bədxahlığı gözlə görəndi.
Əhməd Oruc:
İsanın rəisi olubdu milis,
Əlini qorxudur ən adi silis,
Onların içində Pənahdı ən pis,
Dostlar orta dirək, Pənah kərəndi.
Pənah Hüseynov:
Əhmədin tutubdu qarnını sancı,
Onun xasiyyəti tündməcaz, acı,
Bizim "üçlük" iti Misri qılıncı,
Əhməd Oruc isə koruş kərənti.
Əhməd Oruc:
Ömründə nə "Volqa", nə də cip görüb,
İsa, Əli kimi naqis tip görüb,
AXP-dən çıxıb geniş "İP" görüb,
Pənah özü səfil həyat sürəndi.
Pənah Hüseynov:
Əhməddə bu anlar çətin durumdu,
Düşdüyü daima sərt uçurumdu,
Həmişə gördüyü "cırtdan" qurumdu,
Əhməd çox vecsizdi, kola girəndi.
Əhməd Oruc:
Hər biri nitqidə bozarır, çaşır,
Yalan vədlər verir, həddini aşır,
Üçü də iş görmür, boş-boş danışır,
Onların hansısa guya ərəndi.
Pənah Hüseynov:
Kütlələr bir zaman "İP"-ə dönəcək,
Çox ifrat qurumu, sözsüz, yenəcək,
Onun dairəsi genişlənəcək,
"İP" bu "üçlük" ilə müsbət törəndi.
Əhməd Oruc:
Yoxdu içlərində irəli gedən,
Qrantdan doymazdı Pənahda gödən,
İsa da, Əli də cibişdan güdən,
Pənah həmkarlara tələ hörəndi.
Pənah Hüseynov:
Şəxsiyyət də deyil, nəfər o yana,
O, adi uğursuz, zəfər o yana,
Əhməd savadsızdı, şəhər o yana,
Heç tapşırmaq olmaz ona bir kəndi.
Əhməd Oruc:
Aldığı qrantı izsiz yeyəcək,
Pənahı qulaqsız, gözsüz yeyəcək,
İsa "Yurd" Əlini, sözsüz, yeyəcək,
Yenə keçməyəcək Pənahın fəndi.
Pənah Hüseynov:
İsanın başını yağlayırdı o,
Əlinin qəlbini dağlayırdı o,
Dünən bıldır-bıldır ağlayırdı o,
Boş-boş danışmağa meyl edir indi.
Əhməd Oruc:
Öz bədxah adını tezcə pozdurdu,
Özünü xeyirxah kimi yozdurdu,
İsanın əlində o, bir muzdurdu,
Pənahı idarə eyləyən kindi.
Pənah Hüseynov:
Əhməd siyasətdə qarşımızda qaz,
Gəlib bizə "İP"-də olmaqdadı paz,
Əhməd aramızda sərsəm, tündməcaz,
Zəhər dadı verir zalımın qəndi.
Əhməd Oruc:
Deyəsən, qurtarıb yazığın pulu,
"İP"-də o, Əlinin, İsanın qulu,
Pənah addım atır gözüyumulu,
Onu zülmətlərə aparır zəndi.
Pənah Hüseynov:
Demədim, yağ damır onun piyindən,
Səsindən bezmişik, nə ki, iyindən,
Gərək o, susaydı sərsəmliyindən,
Ancaq Əhməd Oruc nədənsə dindi.
Əhməd Oruc:
"Üçlük" itib-batıb pasda, paxırda,
Görür uğurunu araq-çaxırda,
Bu adam dayanıb "İP"-də axırda,
Pənahdı "üçlüy"ün ən zəif bəndi.
Pənah Hüseynov:
Özünü Yel Əhməd veribdi yelə,
Gəlməyib özünə o vaxtdan hələ,
Hələ qazanmayıb bir uğur belə,
Əhməd məchulluğa, heçliyə təndi.
Mirzə QƏRƏNFİL