Nurəddin Məmmədli:
"İP"-də demokratik meyillər çoxdu,
Burda qruplaşma həvəsi yoxdu,
İsayla Əliyə sataşan loxdu,
Bədxahlar ətrafda sıxlaşıb yaman.
Fərəc Quliyev:
Dikbaşlar burada bir bazar qurub,
"Yurd" Müsavat ilə bir hasar qurub,
İsa Əli ilə inhisar qurub,
"İP"-in üzərinə çökübdü duman.
Nurəddin Məmmədli:
Quzunu verirlər qurda bərabər,
Üzvlər qüvvədə, zorda bərabər,
Hamının hüququ burda bərabər,
Doğru dediyimi göstərər zaman.
Fərəc Quliyev:
Belə müdhiş xoru görməmisənsə,
O kobud qüsuru görməmisənsə,
"İP"-də vurhavuru görməmisənsə,
Bundan xəbər verir aşkarca siman.
Nurəddin Məmmədli:
Gələnlərin üzü solmayıb hələ,
Əsəblər kükrəyib dolmayıb hələ,
"İP"-də heç bir "ÇP" olmayıb hələ,
Yalandan nə üçün çəkirsən aman?
Fərəc Quliyev:
Gəl, səninlə birgə biz bir püşk ataq,
Sən nə danışırsan vaxtından qabaq,
Yayda, de, nə vaxtdan soyuyub otaq?
"İP"-də nə zamandan qızıbdı soban?
Nurəddin Məmmədli:
Səni heç saxlamaq olmaz, qudursan,
Hamı yaxşı bilir dayaz şüursan,
Sən harada gəlib irad tutursan,
Harada qalıbdı vətənin, oban?
Fərəc Quliyev:
Dediyin tək olsun təki liderin,
İsadı, Əlidi, pəki, liderin?
Bir-birini didən iki liderin,
Biri donuz kimi, o biri qaban.
Nurəddin Məmmədli:
"İP" kobud görünür, hə, gözlərinə,
Get söylə sözünü sən özlərinə,
Təkcə mən gülmürəm bu sözlərinə,
Onlara qəşş edib gülərdi Şaban.
Fərəc Quliyev:
Nəqd "Zaparoj" nisiyə cipdən yaxşıdı,
Az qrant, sent o boş küpdən yaxşıdı,
"MDH", əlbəttə, "İP"-dən yaxşıdı,
Sizin o quruma atmaram daban.
Nurəddin Məmmədli:
Fikrin vertolyotu, ya "MiQ"i olsun,
Çalış iftiranın dəqiqi olsun,
Böhtanı elə de, həqiqi olsun,
Sən boş danışmaqdan çıxardım çiban.
Fərəc Quliyev:
Güclü axarınız əsrarəngiz Nil,
Deyirsən İsa da, Əli də bir fil,
Əlində tutmusan rəmzi qərənfil,
Narıncı olmağa başlayıb əban.
Nurəddin Məmmədli:
Rəqib papağını yerə soxdular,
Sənin kimiləri vurub yıxdılar,
Əli də, İsa da haqlı çıxdılar,
Yenə də hədəfdən yan sapdı yaban.
Fərəc Quliyev:
Bossa deyirsiniz sən qida gəti,
Basıb yeyirsiniz birəni-biti,
İsa bəy acıqlı bir qoyun iti,
Sənin Əli bəyin təkrarsız çoban.
Nurəddin Məmmədli:
Cəbhədən bu yana gərdiş görmüsən,
Sınan və sınmayan çox diş görmüsən,
Nə özün əməlli bir iş görmüsən,
Bir işə yaramaz "MBH" topan.
Fərəc Quliyev:
Daim itirdiyin mayalardan çıx,
İsa uydurduğu röyalardan çıx,
Özündə qüvvə tap, xülyalardan çıx,
"İP"-əmi yüyürür yerindən qopan?
Nurəddin Məmmədli:
Liderlər səni tez eyləyərlər əfv,
İdeal birliyi gəl eyləmə məhv,
"İP"-də yürütdüyün mülahizən səhv,
Yalançı bir səmtə tuşlanıb zopan.
Fərəc Quliyev:
Dərin ideyalar çatışmır bakda,
Çoxlu problemlər vardır qabaqda,
"İP" dərin çuxura yuvarlanmaqda,
Sizdən uzaqlaşar düz yolu tapan.
Nurəddin Məmmədli:
Mənə Dəli Domrul, Beyrək göstərmə,
Qalın qabırğasan, göyrək göstərmə,
Gəl sən də özünü yüyrək göstərmə,
İsa, Əli deyil hər atı çapan.
Fərəc Quliyev:
Vətən kərpicini, daşını yeyib,
Bossun göndərdiyi maşını yeyib,
Onlar üzvlərin başını yeyib,
İsadı, Əlidi o "İP"-də papan.
Nurəddin Məmmədli:
Sözsüz, filankəsdən-filandan uzaq,
Hər biri beşillik plandan uzaq,
Elə hər ikisi yalandan uzaq,
İsanın, Əlinin meyarı qapan.
Fərəc Quliyev:
Gəl qov sən bu səfər cüvəllağını,
Boynuma atma tər cüvəllağını,
Açma başıma hər cüvəllağını,
Yadın ruzisini onlardı qapan.
MİRZƏ QƏRƏNFİL