Sərdar Cəlaloğlu:
Qurum gətirilib gərgin bir həddə,
Bir işıq görmədim hələ bu xətdə,
Gəlmir bir araya müxalifət də,
"İP"-də məzhəb itib, qarışıb ara.
Əli Kərimov:
Kim çalır hansısa fiti, bilmirəm,
"İP"-də nə baş verir, qəti bilmirəm,
Sizi məşğul edən nədi, bilmirəm,
Bizi düşündürür xaricdən para.
Sərdar Cəlaloğlu:
Onlar bir-birinə yaman qənimdi,
İsa söylədi ki, öz məskənimdi,
Əli bəy dedi ki, bura mənimdi,
Deyir get özünə yad qurum ara.
Əli Kərimov:
Sözümüz çəp gəlir İsayla yenə,
O, nə asteistdi, nə gəlir dinə,
Burada sataşan lap çoxdu mənə,
Barı sən qəlbimə gəl vurma yara.
Sərdar Cəlaloğlu:
Düzü, "İP"-də yaxşı bir üzv görmədim,
İsayla Əliyə əlvida dedim,
Mən "İP"-dən çəkinib könül vermədim,
Qorxdum radikallar ilqarı qıra.
Əli Kərimov:
Yadın endirdiyi zərbə görmədi,
Beş-üç dram verən kirvə görmədi,
"İP" başı üstündə zirvə görmədi,
Reytinq cədvəlində endi sıfıra.
Sərdar Cəlaloğlu:
Bağlanıb yan-yörə hər giriş "İP"-də,
Heç vaxt gözləmədim yaxşı iş "İP"-də,
Olmadı əməlli tərpəniş "İP"-də,
Onunçün get-gedə seyrəldi sıra.
Əli Kərimov:
Sağlar oynasa da, sol oynamadı,
Hətta İsa kimi nol oynamadı,
Nə mənim təklifim rol oynamadı,
Nə İsa təzyiqi gəlmədi kara.
Sərdar Cəlaloğlu:
Qıcqırıb yağımın, şorumun ipi,
Həm də sona çatıb turumun ipi,
Qırılıb sallanıb qurumun ipi,
Əlinin, İsanın həm bəxti qara.
Əli Kərimov:
Gəlib üstümüzdə deməyin ağı,
Keçin içəridə vurun arağı,
Bizə lazım deyil boğaz ortağı,
Salmaq istəyirik bossları tora.
Sərdar Cəlaloğlu:
Nə İsa, nə Əli çıxıb paxırdan,
Döyükən gözləri baxır çuxurdan,
Üzvlər danışır araq-çaxırdan,
"İP"-i döndəriblər kafeyə, bara.
Əli Kərimov:
Xəyalən qrantı bölənlər gedir,
Bizi tanıyanlar, bilərlər gedir,
Gedənlər gəlirlər, gələnlər gedir,
İsayla ikimiz veririk fora.
Sərdar Cəlaloğlu:
Burda xanımlar var gözləri badam,
Az deyil sırada kaftarkos madam,
Görmədim orada iş görən adam,
"İP"-ə doluşubdu aciz, avara.
Əli Kərimov:
"İP"-dən fil düzəltmək yekəsi gopun,
Kimlər nə verirsə, havada qapın,
Gedin özünüzə saf qurum tapın,
Bizlər çox bağlıyıq dövlətə-vara.
Sərdar Cəlaloğlu:
Dollar arzulayıb, qəpik çalırlar,
İçib yarım litr təpik çalırlar,
Əli nə deyirsə çəpik çalırlar,
İsa söz deyəndə çəkirlər ura.
Əli Kərimov:
Tale bəxtimizi qapqara yazdı,
Pul verməyən bosslar bir çürük qozdu,
Xoşluqla qrantı verənlər azdı,
Bizim hər birimiz tabeyik zora.
Sərdar Cəlaloğlu:
"İP"-də hər ağıllı, dəli qəzəbli,
Bossların verməyən əli qəzəbli,
Hirsindən göyərmiş Əli qəzəbli,
Az qalır İsanın ağzını cıra.
Əli Kərimov:
Yalançı vədlərə yoxdu bir sözüm,
İflas edən "İP"-də qalmayıb dözüm,
Yemək istəyirdik yetişmiş üzüm,
Çatdı əlimizə göyərmiş qora.
Sərdar Cəlaloğlu:
"İP"-də əzəl gündən şimşəklər çaxdı,
Üzvlər axının tərsinə axdı,
Hamı da danışır, dinləyən yoxdu,
Adam söz də tapmır bu müdhiş xora.
Əli Kərimov:
Bosslar pul vermədi, biz naçar qaldıq,
Sent cingildəmədi, tamam kar qaldıq,
Əzəldən qranta intizar qaldıq,
Töküb sifətimiz sağalmaz xora.
Sərdar Cəlaloğlu:
Burda üzvləri topa bilmədim,
Girib bu quruma, sapa bilmədim,
"İP"-ə başqa bir ad tapa bilmədim,
Sınıq dəyirmana bənzəyir bura.
Əli Kərimov:
Dövlət gətirən şey insan ağlıdı,
"İP"-də iş yeridi, həm də yağlıdı,
Bizim hər işimiz pula bağlıdı,
Xaricə qaçarıq düşəndə dara.
Mirzə QƏRƏNFİL