Qiyas Sadıxov:
Tarixi keçmişim, yenim özüməm,
Keçmiş sədrə belə qənim özüməm,
AXP-nin sədri mənim özüməm,
Çıxın partiyadan Pənah adını.
Əhməd Orucov:
AXP-dən qaçıb, "İP"-dən qaçıbdı,
Sərsəm xülyalarda Pənah uçubdu,
Mənim başıma da bəla açıbdı,
Allah alsın onun xoş saatını.
Qiyas Sadıxov:
Fərəhindən yaxşı Pənah qəmi də,
Lap tez-tez tuturdu sərsəm dəmi də,
Pis idi AXP sədri kimi də,
Qırmaq çox çətindi tərs inadını.
Əhməd Orucov:
Söz batırmaq olmur qalın gönünə,
Dərisi çevrilib malın gönünə,
Harda kim gəldisə gözü önünə,
Söyüşsüz qoymadı qızı-qadını.
Qiyas Sadıxov:
Qoy adamlığı da lap fəna qalsın,
Rəzil, xatakardı, ziyana qalsın,
Pənahın çörəyi o yana qalsın,
Yemək mümkün deyil, hətta cadını.
Əhməd Orucov:
Bişirib çıxarmır ağzında sözü,
Gözü bir alaca dananın gözü,
Pənahdan pisini görmədim, düzü,
Gördüm özümdən də mən bərbadını.
Qiyas Sadıxov:
Əliyə, İsaya dönmədi yonu,
Radikal durumda çatıbdı sonu,
Sərdarın "XP"-si açmadı onu,
O, çapa bilmədi "İP"-də atını.
Əhməd Orucov:
Mənim çox günümü o, gecə etdi,
Çaqqaldı, özünü o, cücə etdi,
Şahmatda həmişə heç-heçə etdi,
Çox arzulasam da onun patını.
Qiyas Sadıxov:
Bilmir nə bir şeri, nə bir bayatı,
Görüb siyasətdə hər bir boyatı,
O, davam etdirə bilmir həyatı,
Salıb boğazına kəndir, çatını.
Əhməd Orucov:
Onun tələləri çıxıbdı boşa,
Bu gün Pənah yaman düşüb təlaşa,
Çox dəyib başı da daşlardan daşa,
Gördü süqutunu, həm öz çatını.
Qiyas Sadıxov:
Pənah AXP-də, həm "İP"-də də nol,
İndi Qərb önündə oynamaqda rol,
Pənah tək liderlər it xılı tək bol,
Özüm tək liderin gördüm qıtını.
Əhməd Orucov:
Narkotik maddəni bütün tutubdu,
Pənah bir əlində tütün tutubdu,
Mitinqdə hər biri üstün tutubdu,
Polis dəyənəyi, Pənah odunu.
Qiyas Sadıxov:
Pənahda görmədim öz həmdəmimi,
Ondan gizlətmişəm daim qəmimi,
Görmədim Pənahı heç vaxt səmimi,
Hərarətsiz gördüm ürək odunu.
Əhməd Orucov:
Bir vaxt başımıza çıxdısa Pənah,
Gurlayıb şimşək tək çaxdısa Pənah,
Nə qədər yuxarı qalxdısa Pənah,
Azaltdım həmişə onun xodunu.
Qiyas Sadıxov:
Qərbə göz gəzdirir rəngli çul üçün,
Pənah xod da gedib min üsul üçün,
Çoxlu qrant üçün, çoxlu pul üçün,
O, qurban verərdi kəsib budunu.
Əhməd Orucov:
Gözləri kiçilib çuxurda qaldı,
Qəlbinin xıltı da paxırda qaldı,
Pənah bu dəfə də axırda qaldı,
Dəf edə bilmədi reytinq sütunu.
Qiyas Sadıxov:
Pənaha mən verdim düzgün yozumu,
Bir vaxt süpürərsən ayaq tozumu,
Rüsxət ver kökləyim mən öz sazımı,
Dedim kənara dur, çal öz udunu.
Əhməd Orucov:
Partiya ləbindən çəkdim ləbimi,
Mən onun cibinə qoydum həbimi,
Nə o, qavramadı mənim dəbimi,
Nə mən başa düşdüm onun modunu.
Qiyas Sadıxov:
Pənahla nə qədər tən gəzdimsə də,
Bir fayda görmədim mən gəzdimsə də,
Pənahdan nə qədər gen gəzdimsə də,
Onun ətrafında gördüm lotunu.
Əhməd Orucov:
Qaşqabaq göstərdi, sifət elədi,
Pislik gördü, dedi Əhməd elədi,
O, məni kafeyə dəvət elədi,
Həmişə mən verdim onun şotunu.
Qiyas Sadıxov:
Burda mən sədr oldum, qələbə çaldım,
Pənahı qısnayıb qəlibə saldım,
Ağzını aradım, könlünü aldım,
Öyrənə bilmədim onun kodunu.
Əhməd Orucov:
Minir onun-bunun haram cipinə,
Pivə çəlləyinin girir dibinə,
Pənah boss pulunu qoydu cibinə,
Kənara tulladı bomboş qutunu.
Mirzə QƏRƏNFİL