Əli Kərimov:
Qərbdən avro, burdan manat umuram,
Mən daha firavan həyat umuram,
Rəsul Quliyevdən imdad umuram,
Arxalanıram həm onun varına.
Rəsul Quliyev:
Düşəydi başına sənin daş rəvan,
Məndə işləməkdə ağıl, baş rəvan,
Mənim "ACP"-mə yaxınlaş rəvan,
Sənə təam verim doldur qarına.
Əli Kərimov:
İnanma işimi qəlp eyləyərəm,
Sənin "ACP"-nə qəlb eyləyərəm,
Çoxlu elektorat cəlb eyləyərəm,
Sən çörək verərsən neçə harına.
Rəsul Quliyev:
Keçir adamları min bir hasardan,
Daim qorunmuşam kəndir hasardan,
Atıla bilmirəm hündür hasardan,
Çalış yaxınlaşım sənin barına.
Əli Kərimov:
Məni qəbul eylə, sanma quduram,
Qrant verən olsa, dərhal uduram,
Viskini, pivəni üstün tuturam,
Cəbhəmi verərəm bircə barına.
Rəsul Quliyev:
Yüngül siyasətçi gələrdi baha,
Xəbərdar edirəm səni bir daha,
Sən mənim tarıma çıxacaqsan, ha,
Mən, əsla, çıxmaram sənin tarına.
Əli Kərimov:
Gözəl təklifimə razıdı hamı,
İnan ki, "Yurd"umun qazıdı hamı,
Hər bir partiyadan çoxlu adamı,
Əlbəttə, salaram, sənin toruna.
Rəsul Quliyev:
Pulu tam alarsan, sən tam gətirsən,
Badam alacaqsan, badam gətirsən,
Mənim "ACP"-mə adam gətirsən,
Qrant tıxayıram qida boruna.
Əli Kərimov:
Uzağam İsanın "İP"-inə görə,
Gedərəm lap pullu kəbinə görə,
Sənə bağlanmışam cibinə görə,
Həm İsa, həm Sərdar tanış zoruna.
Rəsul Quliyev:
Hiss eyləməkdəsən rəqabətimi,
Qazanmaq istəsən sən rəğbətimi,
İstəməsən yemək bol sərvətimi,
Qənaət edərsən yoxsa şoruna.
Əli Kərimov:
Pul və sərvət üzrə əsl silistsən,
İddia edən var Bethoven, Listsən,
İfratlar bilir ki, yaxşı solistsən,
Çox adam salaram sənin xoruna.
Rəsul Quliyev:
Üzüqara gəlsən, əzəli gəlmə,
Sırıyıb pul kimi xəzəli, gəlmə,
Sən mənim yadıma zədəli gəlmə,
Qoyma zərbə dəysin ağız-buruna.
Əli Kərimov:
Məni yanlarında say kərkədan, fil,
Sərdarı, İsanı siyahıdan sil,
İnanan az olsa sağlığında, bil,
Adamlar and içər ölsən, goruna.
Rəsul Quliyev:
Özümdən-pulumdan qalaraq razı,
Nə üçün dibədək basmayım qazı?
Dünyanın malına qalıb tamarzı,
Ümidlimi olum məhşər suruna?
Əli Kərimov:
Ləngimə çoxalıb öz şüurumda,
Xilas yolu yoxdu bu cür durumda,
İndi radikallar lap uçurumda,
Çoxu qurban gedər bircə çoruna.
Rəsul Quliyev:
Ya get Yerevanda keşişə qoşul,
Ya Sərdar, İsa tək leş-lüşə qoşul,
Məni qane edən bir işə qoşul,
Sənə pul verərəm, gələr karına.
Əli Kərimov:
Sözümü dinləyib, baxan olsaydı,
"ACP" tərəfə axan olsaydı,
İsa zülmətindən çıxan olsaydı,
Çoxlu üzv yığardım sənin nuruna.
Rəsul Quliyev:
Mənim mətbəximdə qaynayır qazan,
Yaxın gəlməsin hər yolun azan,
Sən mənə işləyib çoxlu pul qazan,
Hələ çox vaxt qalır seçki turuna.
Əli Kərimov:
Ən müdrik kəlamı yoq da danışıb,
Çoxlu mənim haqda haqq da danışıb,
Mənim pis olduğum haqda danışıb,
Desələr, inanma qulaqlarına.
Rəsul Quliyev:
Təpiklər atıblar hətta sırta da,
Məhəl qoymamışam parta-parta da,
Bir şey olmasa da hələ ortada,
Yaman sancı düşüb dalaqlarına.
Əli Kərimov:
Verməsən də olar hər aldığından,
Qarpızlar sallanır hər qoltuğundan,
Araz aşığından, Kür topuğundan,
Okean çıxmaqda balaqlarına.
Rəsul Quliyev:
Rəsul Nyu-Yorkda da möhkəm, mətindi,
Yığdığım var-dövlət, bil, millətindi,
Doğrunla yalanı seçmək çətindi,
Məəttəl qalmışam qılıqlarına.
Mirzə QƏRƏNFİL