Tofiq Yaqublu:
Qurum yaratmışam deyə bağırır,
Əli yanıma gəl deyib hayqırır,
İsanı yanına işə çağırır,
İqbalın ümidi çıxıbdı boşa.
İqbal Ağazadə:
Mənim həddən nikbin bir durumum var,
İfratla aramda uçurumum var,
"İP"-ə alternativ bir qurumum var,
Yanıma gələnlər, səni yüz yaşa.
Tofiq Yaqublu:
Günbəgün artmaqda İqbalın kini,
Hirslənəndə vurur beyninə cini,
Mənəm Müsvatın başqan müavini,
"İP"-də də İsayla durmuşam qoşa.
İqbal Ağazadə:
Qərbə boyun əyib, qəlb dağlamışam,
Boss deyib yaş töküb, çox ağlamışam,
Mən öz qurumumla bel bağlamışam,
Rusiyada Mişaya, ABŞ-da Buşa.
Tofiq Yaqublu:
İqbal zəhərlidi bu gün ilandan,
Deyir vaz keçmərəm bu cür plandan,
Dolu desə belə İqbal yalandan,
Əslində, dolu yox, bomboşdu xaşa.
İqbal Ağazadə:
Biz pullu oluruq həmişə sonda,
Başqaları kimi mən də min donda,
Kursum Mütəllibov kursuydu onda,
Uf da deməmişəm gedəndə Şuşa.
Tofiq Yaqublu:
Heç vaxt olmayıbdı oyundan uca,
Həmişə görünüb qoyundan uca,
İqbal tullansa da boyundan uca,
Həmişə ümidi dəyibdi daşa.
İqbal Ağazadə:
İstər ki, yem ola çox qarmaq üçün,
Müntəzir olan var həm barmaq üçün,
"İP"-dən liderləri çıxarmaq üçün,
Gərəkdir əlimdə ola bir maşa.
Tofiq Yaqublu:
İqbalın avazı yalan avazdı,
Ona inanan da, özü də qazdı,
Yayda çağırışa qoşulan azdı,
Ümid bağlamaqda payıza, qışa.
İqbal Ağazadə:
Mənim tək güclü şəxs çıxmaz tuşuna,
"İP"-də veyillənir o, boş-boşuna,
Deyir bənzərim var Simurğ quşuna,
Sifətdən oxşayır ancaq bayquşa.
Tofiq Yaqublu:
Etmir bəd işini qulaqda sırğa,
İstəyirdi olsun o, "İP"-də darğa,
Heyifdi yanında sağsağan, qarğa,
Özü bənzəməkdə eybəcər quşa.
İqbal Ağazadə:
İnqilab etmirəm mən əldə əlcək,
Dilim-dilçəyim var, "İP"-də yox dilçək,
Bir dəfə dedim ki, Tofiq, rəsm çək,
Əlləri bulaşdı rənglərə, tuşa.
Tofiq Yaqublu:
Zamanın küləyi onu yıxsa da,
"Ümid"də dərd-kədər həddən çoxsa da,
Arabir özünü gözə soxsa da,
İqbal indiyədək gəlməmiş xoşa.
İqbal Ağazadə:
İsa nə verdisə havada qapdı,
Gedib Müsavatda tayını tapdı,
Eşitmişdim onun başı xarabdı,
İnanmırdım Tofiq bu qədər coşa.
Tofiq Yaqublu:
İqbal "Ümid"ində nəfsinin qulu,
Məqsədi xaricin, bossların pulu,
O, gedir irəli gözüyumulu,
Öz bəd əməlindən eyləmir haşa.
İqbal Ağazadə:
Tofiqlər İsanın önündə mələr,
İqbal neştərilə bağrını dələr,
Mis, misə, qızıl da qızıla gələr,
Qazanmaq heç zaman baxmamış yaşa.
Tofiq Yaqublu:
Bossun ünvanında kabab, xaş gəzir,
Yüz əlli vuranda kefi xoş gəzir,
İqbal bəy burada cibi boş gəzir,
Cüzi qazanc üçün gedərdi Oşa.
İqbal Ağazadə:
Çoxdandır keçinir borşsuz-plovsuz,
Onu tutmaq olar qarmaq-tilovsuz,
Tofiqin ürəyi odsuz-alovsuz,
Nə bir qığılcım yox, nə də talaşa.
Tofiq Yaqublu:
Başında bir qətrə qalmamış bilik,
Qurum arzsu da olubdu çilik,
Ağzından axıdıb bir ləyən selik,
Elə bir yeyibdi beş-on alaşa.
İqbal Ağazadə:
Onun bir kafesi, bir dükanı yox,
Dişləmir, üstündə bir tikanı yox,
Tofiqin əlavə bir imkanı yox,
O, adi bir zağca, kiçik dolaşa.
Tofiq Yaqublu:
Məcnunu tükənmiş bir Leyli kimi,
İqbal həyatından gileyli kimi,
Dolaşır "Ümid"də tüfeyli kimi,
Onun bənzəri var, vallah, Balaşa.
İqbal Ağazadə:
Çoxları deyiblər uyuqdu sənə,
Həmkarların deyir toyuqdu sənə,
İsti havalar da soyuqdu sənə,
Ay Tofiq, get bürün palto-plaşa.
MİRZƏ QƏRƏNFİL