Əhməd Oruc:
Önündə nə qədər soncuqlayarlar?
Nə qədər etiraf açıqlayarlar?
Adamı nə qədər qıcıqlayarlar?
Bu Pənah əlimdə öləcək mənim.
Pənah Hüseynov:
Onun daxili də, çölü də çamır,
Bilmirəm bu adam məndən nə umur,
Gözünü açdımı ağzını yumur,
Bu naqqal da mənə kəsilib qənim.
Əhməd Oruc:
Mən arıq adamam, o, gombul-girdə,
Gözünü tökərəm, sözsüz, efirdə,
Görüşə hazıram o deyən yerdə,
Qoy gəlsin, yumruqla mən onu yenim.
Pənah Hüseynov:
Çoxu eyham vurur Əhmədə lağla,
Qoy gedib əylənsin o, yapalaqla,
Mən onu yıxaram bir şapalaqla,
İki Əhməd qədər uzunum-enim.
Əhməd Oruc:
Beləsi olanda tinə çıxıram,
Pənah kimisini vurub yıxıram,
Günbəgün yüksəlib dikə çıxıram,
Pənahda gözümlə gördüm mən enim.
Pənah Hüseynov:
Zəifdi, günbəgün getməkdə geri,
Nə ünvanı var, nə bilinir yeri,
Əhməd ateistin, dinsizin biri,
Onu pisləməyə yol vermir dinim.
Əhməd Oruc:
Gözucu da baxmır çox kitablara,
Daim qonaq edir boş xitablara,
O, məni çəkməkdə təxribatlara,
Pənah çox istəyir danışım-dinim.
Pənah Hüseynov:
O yalandan coşdu, yox mənim xatam,
O, daim meyxoşdu, mən müsbət adam,
Onun başı boşdu, mən ali məqam,
İstəyir yanında alçalım, sinim.
Əhməd Oruc:
Qalıb barmağımda neçə kirişi,
Daim tərəfimdən sananıb dişi,
Daim pis işləyib Pənahın DİŞ-i,
Bu yerdə çox fayda verərdi XİN-im.
Pənah Hüseynov:
Mənfiyə meyilli gicin karması,
Narahat eyləyir məni yorması,
Bezmişəm verməkdən qulaqburması,
Yenə də hirsimdən tutacaq cinim.
Əhməd Oruc:
Onun şərəfinə söylədim çox tuş,
Söhbəti heç kəsə gəlməmişdi xoş,
Bu Pənah hər yerdə danışır boş-boş,
Yenə partlamaqda yaddaşım, genim.
Pənah Hüseynov:
A keçmiş baş nazir, bu sitəmə döz,
Acı sözlərindən qəlbim oldu köz,
Onun ünvanına demədim pis söz,
Şayiə yayır ki, qalıqdı gönüm.
Əhməd Oruc:
Hər gələn radikal baş aldı yerə,
Gəldi baş aşağı Daşaltı yerə,
Onlar parçaladı beş-altı yerə,
Pənahın əlilə çökdü vətənim.
Pənah Hüseynov:
Vergilər ödədim sapalaq kimi,
Girdin zülmətlərə yapalaq kimi,
Sözü vurur uzə şapalaq kimi,
Əhmədi görəndə əsir bədənim.
Əhməd Oruc:
Zülmət aşiqiydi çıraqdan kənar,
Mən onu görmədim araqdan kənar,
Pənah olmamışdı maraqdan kənar,
Vəzifə başında maraq güdənim.
Pənah Hüseynov:
Çox Pənah kimilər şotumdan çıxır,
Ən zərərli gediş xadımdan çıxır,
Acanda siyasət yadımdan çıxır,
Məni ələ verib acmış gödənim.
Əhməd Oruc:
Çox bossun verdiyi paydan batırıb,
Onu iblis qəlbi, şeytan batırıb,
Pənah neçə-neçə meydan batırıb,
Gəlib missiyası burda bitənim.
Pənah Hüseynov:
Ən pis papağı da qafası geyib,
Narıncı libası vasvası geyib,
Yalançı pəhləvan maskası geyib,
Mənim qabağımda dil-dil ötənim.
Əhməd Oruc:
Öz nəsli kökünü saksa qaldırıb,
Adi danışığı faksa qaldırıb,
Məbləğdə həmişə taksa qaldırıb,
Bossu yalan-gerçək odda ütənim.
Pənah Hüseynov:
Zülmət gecələrdə fanar gəzənim,
Sözda Havay, Çili, Kanar gəzənim,
Gücü çatmayandan kənar gəzənim,
Qüvvəsi vaxt-bivaxt mənə yetənim.
Əhməd Oruc:
Xəritə üstündə gəzmir barmağı,
Qrantverən Qərbdən çıxıb qarmağı,
Artıq yadırğayıb qrant almağı,
Pul üçün hər nəyə desən, gedənim.
Pənah Hüseynov:
Çıxıb çənəsinə bərkidilən çüy,
Mənim qabağımda çərənçi, ütük,
Adi saatlarda qaldırıb hay-küy,
Fəallıq olanda, qaçıb itənim.
MİRZƏ QƏRƏNFİL