Tofiq Yaqublu:
Birlik məsəlini İsa qabardıb,
Əli tərəf ipi geriyə dartıb,
Ancaq bundan sonra problem artıb,
"İP" bu məsələni yarımçıq qoyub.
Fuad Qəhrəmanlı:
Sizin Müsavatdan iyrənir adam,
Sizə inanmaram, desə də atam,
Biz bu məsələyə vermişik xitam,
Çünki ondan mən də, sədrim də doyub.
Tofiq Yaqublu:
İsaya söz verdi beş-altı sərək,
Sizin cəbhə ilə oyuna girək,
Biz təklif etdiksə, birləşək gərək,
Yalan söz söyləmək deyildi ayıb.
Fuad Qəhrəmanlı:
Sizin Müsavatın hər səyi qəliz,
Sevinci, fərəhi, gileyi qəliz,
İsanın çərənçi mövqeyi qəliz,
Əli bu yalana yamanca uyub.
Tofiq Yaqublu:
Cəbhə qurumları heç yenə bilmir,
"Yurd" Əli nitq deyib nə dinə bilmir,
Sədrin heç bir yerə tərpənə bilmir,
Əliyə pul verən xarici soyub.
Fuad Qəhrəmanlı:
Öz dilinlə desək, ulu başqanın,
Qərbin, Vaşinqtonun qulu başqanın,
Sənin o məkrlə dolu başqanın,
Sədrin ayağının altını oyub.
Tofiq Yaqublu:
Neytral meydanda durub saç yolaq,
İsa arzu etmir, əsla, qəlp olaq,
Kimlərsə istəmir biz bir qəlb olaq,
Yadlaşmağımıza kimlərsə qıyıb.
Fuad Qəhrəmanlı:
Demə ki, o tip, ya bu tip eyləyib,
Arada nə olub, bil, "İP" eyləyib,
İsa birləşməyi təklif eyləyib,
Özüsə sonralar olubdu qayıb.
Tofiq Yaqublu:
Sabah nə olacaq, sonu bilmirik,
Açılarmı "İP"-in donu, bilmirik,
Əli nə sayıbsa, onu bilmirik,
İsa saydığını fələk də sayıb.
Fuad Qəhrəmanlı:
Heç biri cəbhəyə yerləşmir deyə,
Əliylə İsa bəy sirləşmir deyə,
Cəbhəylə Müsavat birləşmir deyə,
Xarici mətbuat məlumat yayıb.
Tofiq Yaqublu:
Əli öyünməsin ki, dədəmizdi,
Müsavat başqanı ümman dənizdi,
İsanın vicdanı safdı, təmizdi,
Üzərinə düşən günahı yuyub.
Fuad Qəhrəmanlı:
Başqanın yalandan dirəşə bilməz,
Əliylə birliyə girişə bilməz,
Müsavat cəbhəylə birləşə bilməz,
Bunu ilk olaraq "Yurd" Əli duyub.
Tofiq Yaqublu:
Yalan vədlər vermək işləyib genə,
Əli də, İsa da verməkdə gönə,
Müsavatla cəbhə birləşməsinə,
Yardım edə bilməz heç Rəcəb Tayyib.
Fuad Qəhrəmanlı:
Qaynar ehtiraslar daşa bilməyib,
Əsəbilik həddi coşa bilməyib,
İsa bəy o həddi aşa bilməyib,
Əli bəy baryeri artıq adlayıb.
Tofiq Yaqublu:
"İP"-də qeyd olunub Müsavat dəmi,
Sıfırdı yalançı vədlərin cəmi,
Yalandan vəd verib əvvəlki kimi,
İsa bəy sizləri yaman odlayıb.
Fuad Qəhrəmanlı:
İsa bəy ilk dəfə düzünü görüb,
Qorxubdu, rəqibin üzünü görüb.
Əlinin qəzəbli gözünü görüb,
Sənin başqanının bağrı çatlayıb.
Tofiq Yaqublu:
Bizim Əli bəy də inanmayacaq,
Başqan heç "İP"-də də sınanmayacaq,
İsa bu dəfə də qınanmayacaq,
Cücərməyən yalan toxum partlayıb.
Fuad Qəhrəmanlı:
Başqanın yalanı çatıb qırxa da,
Bizlər fərq qoymuruq mizan, nırxa da,
İsanı bir xeyli qoyub arxada,
Sürət götürərək Əli xodlayıb.
Tofiq Yaqublu:
Odlu-odlu baxar cəbhə tərəfə,
Başqan vurmaqdadı hələ hədəfə,
Əliyə kəf gələr hələ min dəfə,
Bossdan dəstək alan İsa şadlayıb.
Fuad Qəhrəmanlı:
İnanmıram İsa bəd işdən bezər,
Bunu "İP"-çilər də kənardan sezər,
Salır Müsavata Əli xoş nəzər,
Son zaman İsa da yaman yadlayıb.
Tofiq Yaqublu:
Bəlkə də çatlayıb canda buxarı,
Əli boş qoyubdu yəqin axarı,
Tutaraq özünü bir baş yuxarı,
Ona kəf gəlməyi İsa modlayıb.
Fuad Qəhrəmanlı:
Öyrənib, necə ki, cumur şir ətə,
Yəqin ki, üstünlük verib sürətə,
Əli son zamanlar gəlib cürətə,
Bunu görən İsa xeyli zadlayıb.
Mirzə QƏRƏNFİL