Sərdar Cəlaloğlu:
Daim arzulayıb qərbli tuz əşya,
AXP-nin sədri xalis buz əşya,
Pənah bu halıyla lüzumsuz əşya,
Ondan radikala bir fayda olmaz.
Pənah Hüseynov:
Radikal qurumlar qıc olub gedər,
Qazanc eşqi tamam heç olub gedər,
"İP"-iniz "6-lar" puç olub gedər,
Mənim ideyamın mənası solmaz.
Sərdar Cəlaloğlu:
Bir kəs bəyənmədi səni xoşundan,
Sən öz qüdrətini sil yaddaşından,
Bizə kömək çıxmaz o boş başından,
Səfeh ideyanla cibişdan dolmaz.
Pənah Hüseynov:
"İP" lüzumsuz qurum, ya his parçası,
Sən Sərdar adicə xəbis parçası,
Sizlərin hamınız bir mis parçası,
Mənsə cilalanmış nadir bir almaz.
Sərdar Cəlaloğlu:
Səndən heç çıxmadı adi masabəy,
Bizlər çox ucaboy, sənsə qısa bəy,
Bundan sonra Əli, nə də İsa bəy,
Səni görsə belə heç salam almaz.
Pənah Hüseynov:
Fayda qazanmadım sizin tək "dostdan",
İstefa verdim hər tutduğum postdan,
Qazanc götürməkçün xarici bossdan,
Çıxış yolu tapan xəyala dalmaz.
Sərdar Cəlaloğlu:
Hələ qalmaqdadı başda dumanın,
Həyata keçmədi bircə gümanın,
Sənin ideyandan dəstək umanın,
Arzusu-istəyi sabaha qalmaz.
Pənah Hüseynov:
Kimin nəyi varsa özündə qalar,
Mitinqlər dərənin düzündə qalar,
Adamın arzusu gözündə qalar,
Sizə arxalanan qələbə çalmaz.
Sərdar Cəlaloğlu:
Çoxu qəbul edir çox vaxt can kimi,
Pamidor rəngini görür qan kimi,
Aparır özünü müsəlman kimi,
Vacib günlərdə də o, namaz qılmaz.
Pənah Hüseynov:
Yüksəlməz əbədi alçalan insan,
Liberal cinahda qocalan insan,
Şəstlə zirvələrə ucalan insan,
Heç vaxt əksik düşməz, nə də qısılmaz.
Sərdar Cəlaloğlu:
Bu gün o kövrəldir hər fağırı da,
Boynuna götürür ən ağırı da,
Pənahın olmamış bir uğuru da,
Uğur qazanan kəs saçını yolmaz.
Pənah Hüseynov:
Onun arxasında durur klanlar,
Mənim əleyhimə qurur planlar,
Sərdar uydurmaqda yalan-palanlar,
Bu cür ifratlar düzə yozulmaz.
Sərdar Cəlaloğlu:
Xəbislər gözünə hər bir sözüm köz,
Yalanım yalandı, düzüm xalis düz,
Pənahda görmədim mən qızarmış üz,
O, bir aksioma, əsla, pozulmaz.
Pənah Hüseynov:
Təravət gəlməkdə tər ideyama,
Sərdar çox yaxsa da şər ideyama,
Rişxənd etsə belə hər ideyama,
Mənası sonra da heç vaxt azalmaz.
Sərdar Cəlaloğlu:
Belələri ilə aram çox sərin,
Vallah, bu adamda rəzillik dərin,
Pənaha nə qədər desəm də nifrin,
Kinim və nifrətim qəti az olmaz.
Pənah Hüseynov:
Deyirlər ki, guya çox acı şəxsəm,
Düz olmaz, desəm ki, onuncu şəxsəm,
Yaxud meydanlarda sonuncu şəxsəm,
Sərdar təsdiq etsə, sözsüz, düz olmaz.
Sərdar Cəlaloğlu:
Pənahı zülmətə gömdü əşşilər,
Köksünün altında yara deşilər,
Başqaları desə, başa düşülər,
Əgər Pənah desə, onda düz olmaz.
Pənah Hüseynov:
Təşviqat aparın əksimə qızğın,
O, qarğa, özünü saymaqda quzğun,
Sərdarın həmişə əhvalı pozğun,
Məni pisləyənin kefi saz olmaz.
Sərdar Cəlaloğlu:
Heç qane olmadı bu adam aza,
Pənah diri çıxmaz heç gələn yaza,
Bütün ifratları yığıb boğaza,
Onu gorda görsəm, ömrüm qısalmaz.
Pənah Hüseynov:
Gələcək görünməz xülya olsa dar,
Əlbəttə, Sərdardan bir gileyim var,
Daim ona dedim mən təkrar-təkrar,
Mənə sataşan kəs bir xeyir bulmaz.
Sərdar Cəlaloğlu:
Baxıb gözümə çər, ağrı deyibsə,
Mənim kimi şəxsə oğru deyibsə,
Əgər o, "FƏTH"-çiyə doğru deyibsə,
Fikrindən döndərməz Sərdarı "HƏMAS".
Pənah Hüseynov:
Anlamaz, közərtsən közü, Pənahçün,
Demək də artıqdı sözü Pənahçün,
O, "FƏTH"-i sevmirsə, düzü, Pənahçün,
Bir fayda verməzdi "HƏMAS"la təmas.
MİRZƏ QƏRƏNFİL