Əli Əliyev:
Mirmahmudla Əhməd iki yoluqdu,
Əli İsa ilə dolu tuluqdu,
"VİP"-in liberalla işi şuluqdu,
Bambaşqa tiplərdi İqballa Sərdar.
Əhməd Oruc:
Lider var qovrulur əzab içində,
Çoxusu gəzməkdə qəzəb içində,
Radikal liderlər əsəb içində,
Biri o biriylə edir pis rəftar.
Əli Əliyev:
Bir vaxt bəziləri xeyli tüklənib,
Lider var qulağı Qərbə şəklənib,
Radikal liderlər qəmlə yüklənib,
Bunların yükünü çəkməz yüz qatar.
Əhməd Oruc:
Lider var itirib öz vicdanını,
Bəzisi qoruyur ancaq canını,
Sədr var doldurar cibişdanını,
Lider var gizlincə aranı qatar.
Əli Əliyev:
Lider var götürür qrantı hədəf,
Sədr var yığmaqda bürünc və sədəf,
Bəzi halda durur sədrlər səf-səf,
Olur dayanırlar lap qatar-qatar.
Əhməd Oruc:
Sədr var sonuncu nəfəsindədi,
Lider var özünün qəfəsindədi,
Sədr var birləşmək həvəsindədi,
Lider var yerində tutmaqda qərar.
Əli Əliyev:
Elələri var ki, heç üzü gülməz,
Lider var yıxılar, özünə gəlməz,
Sədr var heç cüzi qorxu da bilməz,
Lider var qəlbini dəhşətlər sarar.
Əhməd Oruc:
Mirmahmud üç gündü etməmiş nahar,
İqbal bəy tapmamış hələ ki, axar,
"Yurd" Əli İsanın əlinə baxar,
İsa da xaricdən yardımlar sorar.
Əli Əliyev:
İsada, Əlidə qalmayıb həvəs,
Sərdar Qərbə baxıb almaz heç nəfəs,
Ciddi iş görməyə çəkinər Əvəz,
Əhməd ləng tərpənib adamı yorar.
Əhməd Oruc:
İsanı idarə eyləyən nazdı,
Əli siyasətçi deyil, bir qazdı,
Sərdarda işləmək həvəsi azdı,
"VİP" Əli sakit bir guşə axtarar.
Əli Əliyev:
Əhməd Oruc özü qalıb pis gündə,
İqbal zillət çəkər sakit bir tində,
Əvəz boyun əyər Lalə önündə,
Mirmahmud xəyalən xoş büsat qurar.
Əhməd Oruc:
İqbal qolundakı iflicdən deyir,
Sərdar "bir şey çıxmaz bu gicdən" deyir,
İsa "qrant allam xaricdən" deyir,
Əli vaxsey deyib yaxasın cırar.
Əli Əliyev:
Bişməyib İqbalın ağzının sözü,
Bozarıb hiddətdən Sərdarın üzü,
Yenə yad cibində Əlinin gözü,
İsa bu minvalla heçliyə varar.
Əhməd Oruc:
Əli çarəsizdi, bunu gizləmir,
Radikal durumu İqbal izləmir,
Artıq İsa "İP"-dən heç nə gözləmir,
O, daha möhtəşəm bir qurum arar.
Əli Əliyev:
İsa basabasda Əliyə dəyir,
Mirmahmud bu yerdə ağzını əyir,
Bizimkilər hələ məqam gözləyir,
Fürsət gözləyənlər toçkaya vurar.
Əhməd Oruc:
Titrəşər canavar görən quzular,
Uduzan tərəfə qəbir qazılar,
Pis siyasətçilər küncə qısılar,
Yaxşılar rəqibin bağrını yarar.
Əli Əliyev:
Kimlərdi günahkar: yazaq radikal,
Deyəsən, axtarır mazaq, radikal,
Birləşmə meylindən uzaq radikal,
Bizimkilər isə əlaqə qırar.
Əhməd Oruc:
Bəzisi özünü bənzədib şaha,
Bir kəllə də atır miskin Pənaha,
Cəsarətli tərəf dönüb cərraha,
Xəstə rəqibinin qarnını yarar.
Əli Əliyev:
İqbal da, Sərdar da düşüb qulunca,
Tənhalar baş qoyub yatar balınca,
İsa gedən zaman qrant dalınca,
Əli bir tərəfdə başını darar.
Əhməd Oruc:
"Yurd" Əli papağı lap yerə soxar,
İsanın xumardan gözləri axar,
Əli Əliyevə Mirmahmud baxar,
Bir iş görməsə də ağa şax durar.
Əli Əliyev:
Pis xorna çəkirlər, sanki mal yatıb,
Artıq oyansa da, çoxu kal yatıb,
Sükunət içində radikal yatıb,
Böyük sürət həddi göstərər radar.
Əhməd Oruc:
Düşübdü araya radikal yası,
Yüz faiz işləmir yəqin qafası,
Bizdə birləşməyən sədr tayfası,
Yuxu bişirərək, qıvrılıb yatar.
Mirzə QƏRƏNFİL