PDF Oxu

Köşə

  • 2 992

Pənah Hüseynov özünü Müsavat təmsilçisi kimi aparır

Pənah Hüseynov özünü Müsavat təmsilçisi kimi aparır

Rauf Arifoğlu:


Pənah girməkdədi bu gün min dona,

Bu istək onu da aparar sona,

Qəzetdə embarqo qoymuşam ona,

İsa tərifini qaldırır göyə.


Pənah Hüseynov:


Əlin çox yanıbdı mənim közümdən,

"Kölgə Kabineti" düşdü gözümdən,

Digər qurumlardan, "İP"-in özündən,

Məgər getmədimi mən söyə-söyə?


Rauf Arifoğlu:


Gedib oturmadı o öz qınında,

İsapərəstik var Pənah qanında,

Oturub Müsavat restoranında,

Yaman meyl edibdi son vaxtlar meyə.


Pənah Hüseynov:


İsanı çevirib adi hərifə,

Tutmuşam mən onu yağlı tərifə,

Rauf itələnib "Vosmoy" tərəfə,

Mən də Müsavatda tapmışam yiyə.


Rauf Arifoğlu:


O, bütün meylini salıb tavara,

Pənah hiss edəndə olub avara,

Dönüb qarınqulu ac canavara,

İstəyir İsanın mülkünü yeyə.


Pənah Hüseynov:


Turş xiyar tək üzüm sirkəsindədi,

Hələlik, qafillər ürgəsindədi,

Bəlkə də sərsəmlər ərgəsindədi,

Özünü oxşadır Rauf da bəyə.

Rauf Arifoğlu:


Zədə alıb ürək, könül qanından,

Qan qusur o qarın yatalağından,

Səndələyib İsa badalağından,

Qorxmur ki, kəlləsi sərt yerə dəyə.


Pənah Hüseynov:


"Vasmoy"da oturub özünü öyər,

Rauf ac, qarnının piyini yeyər,

Gərək kimliyimə verərək dəyər,

Qarşımda min dəfə başını əyə.


Rauf Arifoğlu:


Qərblə alverdədi indi ağalar,

Bosslar nə göndərsə, yeyib dağılar,

Müsavatda meyldən tamam sağalar,

Pənah dərman kimi əl atsa zəyə.


Pənah Hüseynov:


Ona mən vermərəm tazımı belə,

Qoxulaya bilməz qazımı belə,

İndi dərc etdirmir yazımı belə,

Həmişə əl tutdum özüm bu səyə.


Rauf Arifoğlu:


Pənah meydanlarda dəyərsiz fiqur,

Birlik daxilində ən fərsiz fiqur,

Mən arıq adamam, fiqurum fiqur,

Pənah özü daim verməkdə piyə.

Pənah Hüseynov:


Onu yaşadıbdı sadağa yolu,

Həmişə tutubdu qadağa yolu,

Raufun bağlıdı qabağa yolu,

Ehtiyac da yoxdu lüzumsuz səyə.


Rauf Arifoğlu:


Onu İsa səmtə soraq aparıb,

Orda içəcəyi araq aparıb,

Pənahı oraya maraq aparıb,

O, Müsavatda da gedibdi iyə.


Pənah Hüseynov:


Rəftarı olmadı o qədər incə,

Onu sıxışdırdı İsa da küncə,

Raufda o həddə dardı düşüncə,

Odur ki, üstünlük verir hay-küyə.


Rauf Arifoğlu:


Sıradan çıxıbdı qisas rotoru,

Bilmir ki, nasazdı əsas rotoru,

Guya o, "ideya generatoru",

Pənahınkı odu özünü öyə.


Pənah Hüseynov:


Sağalmaz mərəzi burun ağrısı,

O yandan yazıçı Qorun ağrısı,

Onu yaxaladı qarın ağrısı,

Çünki o, baxmadı bişmişə-çiyə.

Rauf Arifoğlu:


Gah sola, sağ yana boylanmaqda gah,

Yüklədi çiyninə o qədər günah,

O qədər bədxahlıq törətdi Pənah,

Az qalmışdı qaça Turana, Reyə.


Pənah Hüseynov:


İddia edir ki, Qarsı keçibdi,

Gah təsəvvür edir farsı keçibdi,

Guya zootexnik kursu keçibdi,

Bilmir buzov nədi, ya dana, düyə.


Rauf Arifoğlu:


Pənah kənar qaçır dili itidən,

Şəkidə olanda doymur pitidən,

Guya ki, baş açır cadu-pitidən,

Bənzəyir Qoqolun obrazı Viyə.


Pənah Hüseynov:


Xoşuna gələn şey ancaq sığaldı,

Rauf həm qısqancdı, həm də cığaldı,

Təpədən-dırnağa o, qülü-qaldı,

Əlimlə basardım qarnına tiyə.


Rauf Arifoğlu:


Xain ürəyini dağlamaq asan,

Onun zay gününə ağlamaq asan,

Pənahı ağaca bağlamaq asan,

Ona kifayətdi bir neçə ciyə.


Pənah Hüseynov:


Sanki qoltuğunda quzğun aparır,

Mənə nifrətini qızğın aparır,

Özünü son vaxtlar azğın aparır,

İstərdim Raufu dostlarım döyə.

MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər