Nurəddin Məmmədli:
Sürəti doqquzdan otuza qoyduq,
Maliyyə işini boss tuza qoyduq,
Yürüşü, piketi payıza qoyduq,
Mitinq keçirərdik olmasaydı yay.
Əhməd Oruc:
Sirrini rəqiblə bölməyəcəklər,
Radikal durumlar gülməyəcəklər,
Bunlar birləşə də bilməyəcəklər,
İstər payız olsun, istər sərin may.
Nurəddin Məmmədli:
İstilər bağlayıb qəfəsimizi,
Azaldıb aksiya həvəsimizi,
Qızmar yay kəsibdi nəfəsimizi,
İstərdik ki, alaq bosslardan çox pay.
Əhməd Oruc:
Heç biri olmamış nə Kərəm, Əsli,
Onlar çox aldadıb milləti, nəsli,
Qalıb mitinqlərsiz bütün yay fəsli,
Gedib çayxanada içəcəklər çay.
Nurəddin Məmmədli:
Bosslar göstərsələr küpün ucunu,
Biz ələ verərik "VİP"-in ucunu,
Qaldırarıq göyə "İP"-in ucunu,
İstəməzdik olaq Əhmədlərə tay.
Əhməd Oruc:
Radikallar fikrə dalar uğursuz,
İnşallah, köməksiz qalar uğursuz,
Mitinq sevdaları olar uğursuz,
Radikala verən olmayacaq hay.
Nurəddin Məmmədli:
Doyunca yeyərək balqabaq, kahı,
Çıxararıq önə lider pənahı,
Biz mitinq keçirsək günü sabahı,
Qarşımızı ala bilməz bir alay.
Əhməd Oruc:
Üzlərə yağdırıb zəhər və ağı,
Çəkib ürəklərə nisgili, dağı,
Onlar duran zaman başıaşağı,
Bizlər dövrəsində qurarıq halay.
Nurəddin Məmmədli:
Əhməd Oruc özü külə qalıbdı,
Lağ etmək topala-şilə qalıbdı,
Mitinq həvəsimiz hələ qalıbdı,
Bizimçün münasib, bizimçün qolay.
Əhməd Oruc:
Hay-küylə yalandan "boş-bas" ediblər,
Qərbi pullarından xilas ediblər,
Mitinqdə birlikdə iflas ediblər.
Onlarçün olardı maraqlı olay.
Nurəddin Məmmədli:
Çox bərələ qalmış gözü görmüşük,
Doğrudu, bosslarda üzü görmüşük,
Aksiya deyəndə yüzü görmüşük,
Mitinqdə, piketdə vacib deyil say.
Əhməd Oruc:
Parça ola bilməz bezdən aşağı,
Nurəddinin özü bizdən aşağı,
Həmişə olubdu dizdən aşağı,
Onların keçdiyi arxa oxşar çay.
Nurəddin Məmmədli:
Başa parik qoyub hörük düzəltsin,
İdeya düzəltsə, çürük düzəltsin,
Qoy Əhməd özüyçün körük düzəltsin,
Qab-qacaq götürüb eyləsin qalay.
Əhməd Oruc:
Gücünü sınasın əkin-biçində,
Versin cavabını səyin, gicin də,
Bərkdən eyləməsin "İP"-in içində
Liderləri kimi o, dalay-dalay.
Nurəddin Məmmədli:
Adi qızılgülü qoxlaya bilmir,
Rəqibi əməlli oxlaya bilmir,
Özünü ayaqda saxlaya bilmir,
Əhməd şux dayansın, vurmasın valay.
Əhməd Oruc:
Münasib olmayıb heç xərliyə də,
Yaramaz xeyirə, nə şərliyə də,
Nurəddin getməmiş çimərliyə də,
Əlinin, İsanın beynində Havay.
Nurəddin Məmmədli:
Hissləri tapdanmış yara balayam,
Bossun hüzurunda parabalayam,
Mən Qərb adamı yox, qarabalayam,
Mənə qismət olar, inşallah, Mumbay.
Əhməd Oruc:
Başını bişirdin "İP" buğu altda,
Batdın isaların buyruğu altda,
Yatdın eşşəklərin quyruğu altda,
Küçədə-meydanda bir iş gör, davay.
Nurəddin Məmmədli:
Qərb də silkələyir tələ torumu,
Bosslar dolduracaq qida borumu,
Çox da sən piləmə bizim qurumu,
"İP"-ə üzv yazılır yüzlərlə subay.
Əhməd Oruc:
Yaxın üzünüzə çirkabı, kiri,
Sizin bir qurum da deyildi diri,
Reytinq şkalası dönməkdə geri,
"İP"-də adam yoxdu sizlərdən savay.
Nurəddin Məmmədli:
Bu Əhməd Oruc da yaman dikbaşdı,
"DUİ" daxilində adı dolaşdı,
Sənin işin-peşən dava-dalaşdı,
İrəli gedərsən, oxu dolalay.
Əhməd Oruc:
Orada az için siz araq-çaxır,
Sular gurultayla Xəzərə axır,
"İP"-də liderlərin xaricə baxır,
İmkanın olarsa, sən Qərbə şaqay.
Mirzə QƏRƏNFİL