Sərdar Cəlaloğlu:
"Kölgə Kabineti" yaratdım ki, mən,
"İP"-i dağıdanda desinlər əhsən,
Pənah, səninləyəm, bil, hər nə desən,
Kinim-küdurətim "palata"yadı.
İqbal Ağazadə:
"İP"-çilərə çoxlu böhtan desə də,
Pənahdan ideya məngirləsə də,
Sərdar enişlərdə baş girləsə də,
Qalıb damağında liderlik dadı.
Sərdar Cəlaloğlu:
Araq-çaxır düzüb mizləri üstə,
Yedirər həmkarı dizləri üstə,
"Kölgə Kabineti" gözləri üstə,
Qəbul eyləyərdi hər dostu-yadı.
İqbal Ağazadə:
Sərdarın beynində ilan-qurbağa,
İstər ki, enişdən yüksələ dağa,
Layiq deyil Pənah başda durmağa,
Həm də mənasızdı qurumun adı.
Sərdar Cəlaloğlu:
Məndən ilham alır bütün el-mahal,
Yediyim ən yaxşı balıqdı kifal,
Düşür vahiməyə "İP"-çilər dərhal,
Üzə çıxaranda bir şeyi-zadı.
İqbal Ağazadə:
Enişlərdə qoyub Sərdar ürəyi,
Süquta aparır arzu-diləyi,
"KK" tapa bilmir buğda çörəyi,
Gözünə dürtməkdə adicə cadı.
Sərdar Cəlaloğlu:
Edəcəklərini məqbul edəcək,
O, hər bir üzvünü məşğul edəcək,
"Kölgə Kabineti" qəbul edəcək,
Hər bir kədərlini, qəmgini, şadı.
İqbal Ağazadə:
Yaratdığı qurum qalmaz heç yaya,
Çətin əldə etsin bundan bir maya,
Sərdarın meyli də bircə papkaya,
Həm də bir qovluğa, bir çantayadı.
Sərdar Cəlaloğlu:
Beyinlərdə olan cipi dağıtmaq,
Əli, İsa kimi tipi dağıtmaq,
Başlıca məqsədim "İP"-i dağıtmaq,
Ümidim qüdrətim bir bandayadı.
İqbal Ağazadə:
"İP"-çilər bir şirdi, Sərdarsa birə,
Onun bənzəri var lüzumsuz tirə,
"KK"-də sərinlik gətirən şirə,
"Sprayt", "Koko-Kola", bir də "Fanta"ydı.
Sərdar Cəlaloğlu:
Bölərik göndərsə bosslar pay-püşü,
Saf-çürük edirik hər bir görüşü,
Bizi gözləməkdə "Payız yürüşü",
İstiqamətimiz yaxşı ayadı.
İqbal Ağazadə:
İsanı, Əlini təntidən ölüb,
Dəncək ölməmişdən əvvəl dən ölüb,
"Kölgə Kabineti" indidən ölüb,
İflasın müddəti gələn yayadı.
Sərdar Cəlaloğlu:
Qrantı mənim tək havadaca qap,
Arzu eyləyən kəs qurumuma çap,
"6-lar" "şestyorka", "İP" kövrək bir sap,
"Kölgə Kabineti" sərt bir qayadı.
İqbal Ağazadə:
Lap tez iflas edər bicsiz təşkilat,
Bizdə ən müasir gicsiz təşkilat,
"Kölgə Kabineti" vecsiz təşkilat,
"İP"-də əllər açıq, ayaq sayadı.
Sərdar Cəlaloğlu:
"İP"-dən kütlələrə kömək, hay olmaz,
Bizə qoşulanın sonu zay olmaz,
"KK"-yə "altı", nə "İP" tay olmaz,
O, yerə sancılmış adi payadı.
İqbal Ağazadə:
İstər başçı olsun, budur həqiqət,
Sərdarı dindirmir dəyanət, riqqət,
"İP" mənəviyyata verməkdə diqqət,
Onu cəlb eyləyən ancaq mayadı.
Sərdar Cəlaloğlu:
Əli lider deyil, adi tüfeyli,
Çox qrant qoparmaq İsanın meyli,
"Kölgə Kabineti" yaşayar xeyli,
"İP"-in iflas günü gələn mayadı.
İqbal Ağazadə:
"İP"-də çoxlu ölü, həm də leş görə,
İstəyir bir görüb, onu beş görə,
Sərdar qadir deyil ciddi iş görə,
Onunku fitnə-fel, əsil riyadı.
Sərdar Cəlaloğlu:
Keçir sabahları qülü-qal ilə,
Açır işlərini onlar fal ilə,
"İP"-də yaşayırlar ehtimal ilə,
Sözünün əvvəli-sonu guyadı.
İqbal Ağazadə:
İstirahət yeri Nardaran, Quba,
Son vaxtlar olubdu bu adam qaba,
Sərdar meyillənib murdar çirkaba,
Bizim istiqamət o saf suyadı.
Sərdar Cəlaloğlu:
Bizim verdiyimiz əla qiymətdi,
Bossdan istəyimiz puldu, nemətdi,
İsanın, Əlinin, "İP"-i zülmətdi,
"Kölgə Kabineti" şəfəq, ziyadı.
İqbal Ağazadə:
Zilləyib gözünü ən uca dağa,
Özü burnunacan batıbdı lığa,
Özünü vurubdu həyasızlığa,
Sərdarda olmayan bu hiss həyadı.
MİRZƏ QƏRƏNFİL