PDF Oxu

Köşə

  • 2 220

Kompyuter dövrünün uşaqları...

Kompyuter dövrünün uşaqları...

Deyəsən, neçə əsrlərdən bəri sürətlə dəyişən dünyanın, kompüter və informasiya əsrinin bir para adamların dünyagörüşündə heç bir təsiri-filanı yoxdur. Sanki bu saydıqlarım bu adamların yanından "vızz" olub başqa səmtə uçub gedir...

Belə olmasaydı, bu adamlar elə keçən əsrdən qalan geridə qalmış bisavad, cahil vərdişlərin, adətlərin buxovundan yaxa qurtarardılar, ayılardılar ki, ay kişi, indi papağımızı qabağımıza qoyub fikirləşməyin vaxtıdır. Biz də qabaqda gedən millətlərlə biliyimizlə, dünyagörüşümüzlə rəqabət aparaq, özümüzü sübut edək...

Düzdür, dövran da dəyişir, dövlətimiz də sürətlə inkişaf edir, maşallah, müasir texnika və avadanlıqlar da bizdə hamıdakından daha çoxdur. İndi hər bir vətəndaşa, hesaba götürsən, neçə kompyuter düşür. Bunu dünya ölkələrində informasiya texnologiyaları baxımından adambaşına düşən vəziyyətlə, uzaqdakılar bir yana qalsın, elə MDB dövlətlərindəki statistika ilə müqayisə etsək, bilirsiniz necə nəticə alınır?

Sadəcə, bunu bilməyə görə Lermontov və ya Aristotel olmaq lazım deyil ki, bizim hamıdan daha çox müasir texnologiyaya sahib olduğumuzu görə biləsən. Bu, artıq ən sadə aksiomadır, vəssalam! Burası belədir.

Amma başlarımızın içindəkilər, düşüncə tərzimiz heç dəyişmir ki dəyişmir!

Yenə də keçən əsrin, ondan əvvəlki əsrlərin əvvəllərində it boğuşdurmaq, xoruz döyüşdürmək, nə bilim fala-caduyə inanmaq, bir-birinin ayağına "əngəl olmaq", qabağa gedəni tutub arxaya çəkmək kimi "klassik adətlərimiz" qüvvədədir... Fərq odur ki, indi bir az müasir formada olur bütün bunlar.

Baxın, indi hər şeyi sizə izah edəcəm.

Kompüter dedik, heç bilirsiniz ki, dünyanın neçə-neçə ölkəsində bütöv bir məktəbdə bir kompüterə sahib olmaq üçün neçə-neçə məktəblər, şəhər və kəndlər həsrətdir?

Bizdə isə hətda fala da kompüterlə baxırlar. Bu cahil insanlar anlamırlar ki, bunu icad edən hansısa bir xristian heç vaxt Allah-Taala tərəfindən yayılan insan taleyini müəyyənləşdirə bilməz. Bu qurğu elm və informasiya öyrənmək üçündür, vəssalam!

Dünyanın elə ölkələri, o ölkələrdəki on minlərlə elə uşaqlar var ki, internet deyilən məfhumdan da bixəbərdirlər. Amma bizdə kompyuterdən necə istifadə olunur?

İndi Bakının elə bir künc-bucağı yoxdur ki, orada internet klublar fəaliyyət göstərməsin. Amma necə? Bax bu, əsas məsələdir. Əgər Avropa ölkələrində uşaqlar internetdən ən son məlumatları öyrənmək, bilik və zəkasını zənginləşdirmək, dünyanın hər yerini daha yaxşı tanımaq, öz ölkələrinə savadlı və lazımlı insan kimi yetişmək üçün istifadə edirlərsə, təəssüf ki, bizim müsəlman balaları bundan "daha lazımlı işlər" üçün "yararlanırlar". Bizim qızlı-oğlanlı əksər məktəbli uşaqlar, tələbə gənclər internetə girib kompüterdən saatlarla, hətta gecə saat 2-3-dək "mırtlaşmaq", erotik və vampir "serialları" izləmək, Avropada nəinki uşaqlar üçün, hətta böyüklər üçün belə baxılması qadağan olunan zərərli təsvirləri "seyr etmək" üçün istifadə edirlər. Əvəzində bizim uşaqların və ümumilikdə gələcək nəsillərin bu kompüter texnikasından özlərinə yeni elm, təhsil, bilik qazanmaq istəyi getdi işinin dalınca...

Biz uşaqlarımıza nədənsə irəli getmək üçün var gücü ilə təhsil almaq və müasir dünyanın hər bir yeniliyindən yararlanmaq vərdişi aşılaya bilməmişik təəssüf ki. Elə indi də elədir. Təəssüf ki, hələ də məktəblərimizdə təhsilin səviyyəsi statistik göstəricilərlə ölçülür. Bu fakt, müasir zəmanədə insan şüurunun və intellektual təfəkkürünün qlobal informasiya-məlumat bazası ilə ölçüldüyü bir vaxtda olduqca gülünc və insanı bu xalqın gələcəyi üçün təşvişə salan dərəcədə qorxunc görünür. Təəssüf ki, hələ də məktəblərimizdə təhsilin səviyyəsi şagirdin biliyi ilə deyil, müəllim jurnalına yazılan qiymət cədvəli ilə ölçülür. Acı da olsa, bu, belədir. Ona görə də məktəbdə müəllimdən heç bir məsuliyyət və cavabdehlik tələbi görməyən məktəbli uşaq, kompüterdən faydalı insan olmaq üçün deyil, "başqa işlər" üçün istifadə etməyə üstünlük verir. Bütün bunlar isə indi onunla nəticələnir ki, qəbul imtahanlarına gəlib çıxan bu uşaqlar sonda heç 100 bal belə toplaya bilməyərək, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçid balını az qala 150-yə salmağa vadar edirlər...

Əziz camaatım, gəlin bu işıqlı dünyada ən yaxşı olan hər şeyi gələcəyimizin əmanət kisəsi olan uşaqlarımıza öyrədək. Gəlin bir anlığa onları və onlardan sonra gələcək AZƏRBAYCANI düşünək, kompüter və informasiya texnologiyalarından gələcəyimizi qurmaq üçün faydalanaq. Faydalanmasaq, onda yenə də Novruzəlilərimiz, it boğuşduranlarımız və xoruz döyüşdürənlərimiz hələ 100 illər sonra da bizimlə olacaq...

Digər xəbərlər