Qabil Hüseynli:
Ondan fayda gələr "İP"-ə sən, anla,
Onu cəlb edərik məntiq, qanunla,
Danışıq aparıb İsa onunla,
"İP"-çi olacaqdır tezliklə Ayaz.
Araz Əlizadə:
Ayaz Mütəllibov İsadan iri,
Bizdə qalacaqdı neçə ki, diri,
Ayaz ASDP-nin sadiq həmsədri,
O, "İP"-ə qoşulmaz, fikriniz dayaz...
Qabil Hüseynli:
Ayaza Müsavat bol sərvət verər,
Qrantla qarışıq çörək-ət verər,
"İP" ona daha çox mənfəət verər,
Bizə ondan fayda yəqin olar az.
Araz Əlizadə:
İsa təklifində, əsla, ar etməz,
Sizin yerinizi heç vaxt dar etməz,
Ayaz daha sizə etibar etməz,
O, heç vaxt inanmaz, etsəniz də naz.
Qabil Hüseynli:
Ayaz son qoymalı əsirliyinə,
Bir əlac taparıq kəsirliyinə,
Gərək bizlər gələk iş birliyinə,
O, qara niyyətli, bizlərsə bəyaz.
Araz Əlizadə:
"İP"-ə girmək ona gələrdi baha,
Bu fikrə düşməyin, əsla, bir daha,
Ayaz siyasətdə əsil əjdaha,
İsa da, Əli də qabağında qaz.
Qabil Hüseynli:
Bilirik qürbətdə hövsələ dardı,
Çox möhkəm olardı bizlərdə ardı,
Gəlsəydi, onunçün yaxşı olardı,
Şəninə açardıq retro klub "Caz".
Araz Əlizadə:
Təbliğ etməkdəsiz sizlər xaçı çox,
"İP" udar həddindən artıq acı çox,
Çox yaşlı olsa da Ayaz saçı çox,
İsanın, Əlinin başları çox daz.
Qabil Hüseynli:
Həmişə biz yaxşı sifət etmişik,
Ayaz "İP"-ə gəlsin, biz qət etmişik,
Biz onu dördəlli dəvət etmişik,
Qoy təşrif buyursun eyləyib niyaz.
Araz Əlizadə:
Sizin qəlbinizin qısa arzusu,
Sizi tərk etməyib masa arzusu,
Gözündə qalacaq İsa arzusu,
Siz uduzan tərəf, onun keyfi saz.
Qabil Hüseynli:
Onun gələcəyi qəlbimə damdı,
Siyasətdən uzaq, bir az da xamdı,
Ayaz, İsa kimi, bizim adamdı,
O, "İP"-ə gələcək, hövsələni bas.
Araz Əlizadə:
İsalı-Əlili ağzınız yırtıq,
O, qoymaz vurasız ona bir çırtıq,
Ayaz heç bir fala inanmır artıq,
Axmaq falçı kimi qurma nahaq tas.
Qabil Hüseynli:
Əli Qərb bağından gül dərə bilmir,
Boss həndəvərinə o, girə bilmir,
İsa bəy Ayazsız iş görə bilmir,
Qoy qismət olmasın bizə ölüm, yas.
Araz Əlizadə:
Dəvət olunmamış, yuxa cırmayın,
Nahaqdan narıncı çuxa cırmayın,
Siz bihudə yerə yaxa cırmayın,
Ayaz qurmayacaq sizinlə təmas.
Qabil Hüseynli:
"İP" qəbul eyləyib narıncı boya,
Olub radikala əsil paz, paya,
Əlimiz yetişmir "Əl-Qaida"ya,
Yetər dadımıza o zaman "HƏMAS".
Araz Əlizadə:
Ayaz dərin dərya, adi dəniz siz,
Qərb dindirən zaman dinibsiniz siz,
Həyatın dibinə enibsiniz siz,
Sizi hətta Ayaz eyləməz xilas.
Qabil Hüseynli:
Həsrət də qalmışıq mətin duruma,
Xilas etmək üçün yetin duruma,
"İP"-çilər düşüblər çətin duruma,
Səbətin altından tökülmür gilas.
Araz Əlizadə:
Sizi xilas etməz xarici töhfə,
Sizin gözünüzdə qaralıb lövhə,
Çoxdan süqut edib Müsavat, Cəbhə,
Sizin "İP"-inizi haqlayıb iflas.
Qabil Hüseynli:
İsanın, Əlinin dostu şərab, mey,
Bizim deşik bədən bənd-bənd olmuş ney,
Bizim liderlərdən çıxmadı bir şey,
Ayaz ola bilər bizlərə miras.
Araz Əlizadə:
Əbədi kədərdi-qəmdi bəd siman,
Zülmət qaranlıqdı işıqsız səman,
Ayaz ASDP-dən getməz heç zaman,
"İP"-ə gəlməsiyçün yoxdu bir əsas.
Qabil Hüseynli:
Yəqin üzümüzə güləcəkdi baxt,
Odur ki, daima durmuşuq sərvaxt,
"İP"-ə cəlb edərik Ayazı bir vaxt,
İndidən sevinib-gülməyin qas-qas.
Araz Əlizadə:
Atın başınızdan xülya, xam eşqi,
Sizi Xəyyam verib viski, cam eşqi,
Sizin qəlbinizdə intiqam eşqi,
Qəbrə göməcəkdi sizləri qisas.
Mirzə QƏRƏNFİL