PDF Oxu

Köşə

  • 1 265

Əli Kərimov Eynulla Fətullayevlə danışıq aparır

Əli Kərimov Eynulla Fətullayevlə danışıq aparır

Əli Kərimov:


Baxdım heyranlıqla axarına mən,

Düşmüşəm siyasi çuxuruna mən,

Eşidib sevindim uğuruna mən,

Türmədən çıxanda "İHU" yaratdın.


Eynulla Fətullayev:


Münasib həmkar tək qədrimi bildin,

Sən öz gəlişinlə göyə yüksəldin,

Cəsarət göstərib yanıma gəldin,

Yaxşı başa düşdüm, mənə bratdın.


Əli Kərimov:


Sözünü bizdən də qəti, mərd dedin,

Opponentlərinə azar, dərd dedin,

Ən çətin məqamda sözü sərt dedin,

Qəlbimdə özünə rəğbət oyatdın.


Eynulla Fətullayev:


"İP"-i götür mənim qurumuma gəl,

Olmayacaq "İHU" heç zaman əfəl,

Sizdən uzaqlaşdım illərlə əvvəl,

O vaxt İsa özü, sən də boyatdın.


Əli Kərimov:


Qəribə də olsa dəbərtdin məni,

"İP"-dən öz "İHU"-na yönəltdin məni,

Həlim çağırışla kövrəltdin məni,

Neçə qaysaqlanmış yara qanatdın.


Eynulla Fətullayev:


Qəzetdə yeyəndə mən kəlləpaça,

Sizi cəlb eylədi narıncı parça,

Eylədin cəbhəni sən parça-parça,

Elə bilirdin ki, xalis fanatdın.

Əli Kərimov:


Qrant axtarırıq xaric kosunda,

Bir əl uduzmadıq nərdin tasında,

Qırdıq diş polisin dubinkasında,

Türmədə kimlərə sən diş sanatdın?


Eynulla Fətullayev:


Oldun sən dişinlə bağırsaq kəsən,

Sənə bir "Yurd"çular dedilər əhsən,

Bozarıb Qüdrətə, Mirmahmuda sən,

Batırıb altını daim islatdın.


Əli Kərimov:


Son illər çox yaxşı işləyib kəlləm,

Ürəkdən çağırsan "İHU"-na gəlləm,

Danışdın həmişə sən əlləm-qəlləm,

Həbsxana küncündə bir müddət yatdın.


Eynulla Fətullayev:


"İHU"-mda özünçün vakant yer gördün,

Mənim timsalımda mister, mer gördün,

Sən gəldin, önündə bir lider gördün,

Yanıma gəlməklə arzuna çatdın.


Əli Kərimov:


Yatsaq da həm gündüz, gecə meydanda,

Tədbir baş tutmadı neçə meydanda,

Biz batdıq çox sabit küçə-meydanda,

Sən gedib türmənin içində batdın.

Eynulla Fətullayev:


İsanın özüylə aran çox sərin,

Eşitdin "İP"-də də çox pisdi yerin,

Çətin ki, bizlərə dəysin bir xeyrin,

Liderin özünü bir vaxt aldatdın.


Əli Kərimov:


Eli-obasıyçün bir fanar, əsgər,

Xalqı, torpağını heç danar əsgər?

Düşmənlə üz-üzə dayanar əsgər,

Guya sən türmədə cəsur saldatdın.


Eynulla Fətullayev:


Sirrini dostuna yaymadın hətta,

Böyründə bir lider qoymadın hətta,

Sən "böyük bəy"i də saymadın hətta,

Guya fenomendin, əsil talantdın.


Əli Kərimov:


Ölənlərə müdhiş bir ağı deyib,

Öldürənlərə el qınağı deyib,

Qarabağ erməni torpağı deyib,

Siyasi həmkarı "QAT"-a da atdın.


Eynulla Fətullayev:


Sən lider deyilsən, ayıl, qon yerə,

Təklikdə gəlmisən özün son yerə,

Əlinlə cəbhəni böldün on yerə,

Həmkar qapısına saysız qol atdın.


Əli Kərimov:


Keçmədi həyata bir arzu-dilək,

Qüvvətli olmadı nə qol, nə bilək,

Birinci cəhddəcə sındın çubuq tək,

Güman edirdin ki, möhkəm poladdın.


Eynulla Fətullayev:


Nəhayət, çox ucuz satdın özünü,

Sən çox oda-közə atdın özünü,

Yüksək mərtəbəyə dartdın özünü,

Əli, dəfələrlə aranı qatdın.


Əli Kərimov:


Yerini çox şirin saldırmaq üçün,

Siyasi çekini aldırmaq üçün,

Reytinqi bir qədər qaldırmaq üçün,

Türmədə yubanıb vaxtı uzatdın.


Eynulla Fətullayev:


Özün xalsız qaldın, reytinq, xal deyə,

Səni fitlədilər bəd amal deyə,

Daim qışqırsan da radikal deyə,

Sən sübut etdin ki, sarsaq ifratdın.


Əli Kərimov:


Yaxşı lider sanar özünü alçaq,

Xiyar acı olar tapdalansa tağ,

Aşağı sallanar bar verən budaq,

Nazlanıb özünü yuxarı dartdın.


Eynulla Fətullayev:


Akif tək olmadın adi "QAT"-çı sən,

Ulaqda oturub oldun atçı sən,

Saysan da özünü "islahatçı" sən,

Onlarla cəbhəyə, "Yurd"a sən yaddın.


Mirzə QƏRƏNFİL

Digər xəbərlər