PDF Oxu

Köşə

  • 1 411

Çörək imtahanı...

Çörək imtahanı...

"Allah heç kimi çörəklə imtahana çəkməsin". Yəqin bu el misalını hamınız yaxşı xatırlayırsınız. Amma dünyanın bu vaxtında Afrikada əsil çörək imtahanı ilə üz-üzə qalıb insanlar. Somalidə, ana bətnindəcə acından qırılan körpələr, bütün dünya üçün utanc aynasıdır desəm, qətiyyən səhv etmərəm. 21-ci əsrdə, kompüter və informasiya əsrində İNSAN ACINDAN QIRILIR!

Allah insanları ÇÖRƏKLƏ imtahana çəkir bu günlərdə ...

10 minlərlə somalili uşaq, elə bələkdəcə, balasına çörək tapmadığına görə, fəryad qoparan anasının gözü qarşısında, yenicə göz açdığı bu işıqlı dünyanı acından ölərək qaranlıq dünyaya dəyişirsə, bunu izah etməyə dil də çətinlik çəkir artıq. Əsil insanlıq dramı yaşanır Afrikada.. Bir tikə çörək və bir qurtum su üçün bu insanlar hər şeyi etməyə hazırdırlar indi!

Şükür Allaha ki, bizlər dövlətimizin apardığı iqtisadi strategiya nəticəsində nəinki çörək dərdi çəkmirik, hətta başqalarına da köməklik əlimizi uzada bilirik, iqtisadi göstəricilərimizə görə dünyanın ən öndə gedən ölkələrindən biriyik. Burası belədir. Bu firavan günlərimizin qədrini bilməliyik, ay camaat!

Amma bilirikmi? Təəssüf ki, bir çox hallarda yox!

Amma unutmayaq ki, 1990-1993-cü illərdə biz də çörək imtahanı ilə üz-üzə qalmışdıq o zamanlar. Yadıma gəlir, o zaman uşaq idim, indiki Şabran rayonunda bir çörək zavodu var idi. Bütün rayon əhalisi, hələ üstəlik, ətrafdakı kənd-kəsək camaatı da gəlib axşamdan gecə səhərə qədər çörək növbəsində dururdu orada. O zaman çörək almaq hər adamın hünəri deyildi və bu mənzərə mənə məşhur "Şərikli çörək" bədii filmini xatırladırdı bir növ. O günlər əsil kino lenti kimi gözümün qarşısından getmir heç... İnsanlar qapqara çörək alıb balalarına aparmaq üçün od qalayıb küçədə yatırdılar səhərə qədər.

İndi çörək dərdi çəkməsək də, onun qədrini yenə bilmirik təəssüf ki...

Sovet dövründə şəhər yerlərində çörək çox olanda, yazması belə günah olsa da, deməliyik ki, zibil yeşiklərinin içinə atardılar çörəyi. O vaxtlar kənd-kəsək camaatı kisələrlə dolu çörək qırıntısını şəhərdən kəndə daşıyırdılar. Bir gün bu çörəyin günahının bizləri tutacağı barədə ağsaqqal-qarasaqqalllar elə o vaxt xəbərdarlıq edirdilər. Amma bir para nadanlar onların bu xəbərdarlıqlarını "köhnə fikirlilik" kimi yozub, arsız-arsız hırıldayırdılar...

Amma sonralar həm başımıza gələn dəhşətli faciələr, həm də yuxarıda qeyd etdiyim kimi, axşamdan səhərə qədər bir para qara çörək üçün növbəyə durduğumuz günlər göstərdi ki, rəhmətliklər düzgün proqnoz veriblər!

Elə indi də çörək qədri bilməməyimiz əvvəlki qaydada davam edir. Yenə də şadlıq saraylarından tutmuş kafe-restoranlara qədər torba-torba çörəklər, undan hazırlanan yeyinti məhsulları zibil qablarına "hədiyyə edilir". Təəssüf ki, hələ də biz cəmiyyətdə yaşayan insanlarımızın şüurlarında çörəyin insan üçün nə qədər müqəddəs və vacib olduğu barədə fikir formalaşdıra bilməmişik. Hələ də qənaətli çörək yemək mədəniyyəti bizlərə məxsus olmayan faktordur. Təəssüf ki, ailələrimizdə yeyilməsi mümkün olmayacaq qədər çörək və ərzaq alınaraq, günün sonunda tullantıya çevrilir. Artıq bu hal neçə on illərdir ki, bizdə ictimai-mənəvi xəstəliyə çevrilib. Mən belə bir işin tərəfdarıyam ki, hər bir ailəyə çörəyin əhəmiyyəti, qənaətlə necə varlı olmağın sirləri və çörəyə qarşı hörmətsizliyin hansı dəhşətlərə gətirib çıxardığı barədə xüsusi məlumat kitabçaları paylanmalıdır. Özü də ərzaq dükanlarında, çörək satılan yerlərdə.

Bunu edək ki, sabah yenə bizdən sonrakılar çörəyi zibilliklərə atıb yenə ÇÖRƏK İMTAHANI ilə qarşılaşmasınlar, ay camaat!

Digər xəbərlər