Vurğun Əyyubov:
Artır radikalın qorxu-hürküsü,
Qrantı az verdi bossun tülküsü,
Bizi çox təntitdi yayın bürküsü,
Payızda kütləvi aksiya başlar.
Fuad Qəhrəmanlı:
Bizə dönük baxtı tale yazmışdı,
Radikal başları kiflər basmışdı,
Yayın istisində tormozlaşmışdı,
Sərin payız günü işləyər başlar.
Vurğun Əyyubov:
Biri-birisiylə çox pis gənəşib,
İfratlar yorulub küncə dirəşib,
Əli də, İsa da "İP"-də gərnəşib,
Bossun qrantıyla dodağı yaşlar.
Fuad Qəhrəmanlı:
Bizdə problemlər boldu, dərindi,
Radikal birliklər bezib ərindi,
İsti ötüb-keçib indi sərindi,
Bizi dəstəkləyər yəqin əyyaşlar.
Vurğun Əyyubov:
Piket alınmadı nə yayda, yazda,
Qrant göndərmədi Avropa tuz da,
Mitinq alınmasa sərin payızda,
Mısmırıq sallanar, çatılar qaşlar.
Fuad Qəhrəmanlı:
"İP"-ə qoşulubdu hər keçəl, kosa,
Radikal qurumlar batardı yasa,
Payızda aksiya heç alınmasa,
Radikal kəslərin başına daşlar.
Vurğun Əyyubov:
Sərinlik də qədəm qoymaqda yavaş,
İnşallah, yığışıb çıxararıq baş,
Mitinqlər, piketlər baş tutaydı kaş,
Yağardı başlara Qərbdən şabaşlar.
Fuad Qəhrəmanlı:
"İP" də ələkçiyə hədsiz qıl verər,
Mitinq bağçamız da bol məhsul verər,
Boss işləyən görüb bizə pul verər,
Çəkilər süfrəyə plovlar, aşlar.
Vurğun Əyyubov:
Pul Qərbdən liderə, qulama gələr,
Adamlar xoş nitqə, kəlama gələr,
Kütlələr meydana salama gələr,
Sonra da başlayar böyük uduşlar.
Fuad Qəhrəmanlı:
Gərəkdi birlikdə biz məqsəd güdək,
Xaricdən lazımdı bizlərə yedək,
Biri qalaq deyir, o biri gedək,
Yaman haçalanıb bizdə baxışlar.
Vurğun Əyyubov:
Bizlər çox dilədik Allahdan səbir,
Fələk qurumlara bəxş etdi qəbir,
Kütləvi aksiya o gözəl tədbir,
"İP"-ə gətirərdi əlvan naxışlar.
Fuad Qəhrəmanlı:
Yaxşı fikir versək axar-baxara,
O zaman mümkündü sifət ağara,
Bizim yerimizdi zülmət mağara,
Bir də cəngəllikdə rahat koğuşlar.
Vurğun Əyyubov:
Gərəkdi payızda biz olaq sərvaxt,
Yəqin üzümüzə güləcəkdi baxt,
Küçə-meydanlara çıxarıq o vaxt,
Nə vaxt ki, yağacaq leysan yağışlar.
Fuad Qəhrəmanlı:
Radikal qurumlar lap cuşə gələr,
Qrantlar payıza, ya qışa gələr,
Kütlələr yüyürüb alqışa gələr,
Küçə-meydanlarda başlar çıxışlar.
Vurğun Əyyubov:
Yürüşə çağırış çıxış mətnində,
Gəllik öhdəsindən hər bir çətnin də,
Mitinqlər böyüyüb ana bətnində,
Tezliklə başlanır yəqin doğuşlar.
Fuad Qəhrəmanlı:
Radikal qurumlar verməkdədi çat,
Əli məəttəl qalıbİsa olub pat,
Yaman zəifləmiş cəbhə, Müsavat,
"İP"-i də iflasa gömdü qarğışlar.
Vurğun Əyyubov:
Bizə qənimləri əfv etmişik,
Doğma radikalı məhv etmişik,
Etiraf etsək ki, səhv etmişik,
Qüdrətli Yaradan bizi bağışlar.
Fuad Qəhrəmanlı:
Hər lider tutubdu başlarını dik,
Qurumlarındasa yekə bir dəlik,
Güclənir getdikcə mənəm-mənəmlik,
Liderlik üstündə başlar boğuşlar.
Vurğun Əyyubov:
İfratlar sevməmiş öz həmdəmini,
Hərəsi daşıyır dərd-sitəmini,
Basmamış payız da öz qədəmini,
Getməkçün başlanıb yırlar-yığışlar.
Fuad Qəhrəmanlı:
Birinci pilləni umar hər qurum,
Yaman çətinləşib daxildə durum,
Radikal önündə dərin uçurum,
Arxada əlçatmaz uca yoxuşlar.
Vurğun Əyyubov:
Yoxdu bircə kəlmə nitqi, sözü də,
Yaman bərəlibdi Qərbin gözü də,
Müəmmalı tərzdə bossun özü də,
Soyuq nəzərini bizlərə tuşlar.
Fuad Qəhrəmanlı:
"İP"-in başı üstü çox sıx dumandı,
Liderlərin başı arpa-samandı,
Nə qədər ki, bizdə durum yamandı,
Fayda verməyəcək payızlar, qışlar.
Mirzə QƏRƏNFİL