PDF Oxu

Köşə

  • 1 324

“Ümid” funksionerləri İqbal Ağazadəni ittiham etməyə başlayıblar

“Ümid” funksionerləri İqbal Ağazadəni ittiham etməyə başlayıblar

Tahir Kərimli:


Özünə get "İP"-də axtar bir həyan,

Aldın öz payını İqbal, alış-yan,

"Ümid"də üzvlər qaldırıb üsyan,

Qəbul eyləmirlər artıq İqbalı.


İqbal Ağazadə:


Bizdə qalmaqal yox, dinmə, ayıbdı,

Reytinqini saxla, enmə, ayıbdı,

Hələlik, qəzaya uğramayıbdı,

Çayda saxlamışam hələ mən salı.


Tahir Kərimli:


Cumdular üstünə, sən məəttəl qaldın,

Səni pislədilər, endin-alçaldın,

Səni pislədilər, yerində aldın

Reytinq cədvəlində aşağı balı.


İqbal Ağazadə:


Bədxahlar gözünə soxulmuş tirəm,

Çox bədxah qarnına salmışam vərəm,

Mən elə əvvəlki güclü liderəm,

Məni söyənlərin pisləşib halı.


Tahir Kərimli:


Bir qədər gendən bax özün-özünə,

Qəm-kədər çökübdü iki gözünə,

Yalandan xoş görkəm vermə üzünə,

Əhvalın korlanıb, çevirmə valı.


İqbal Ağazadə:


Yetir köməyimə söz silahı da,

Təhlil eyləmişəm mən sabahı da,

Ziyanıma deyil heç qabağı da,

Xeyrimə olacaq bu işin dalı.



Tahir Kərimli:


"Ümid"də çalış az, iftixar eylə,

Yalandan öyünmə, barı ar eylə,

Nüfuzdan düşübsən, intihar eylə,

Bağla boğazına əlinlə şalı.


İqbal Ağazadə:


İştahanı pozar hər yerə qusan,

Bədxahları yenmək mənimçün asan,

Sən hələ düzəndə fırlanmaqdasan,

Həmişə aşmışam ən uca yalı.


Tahir Kərimli:


Eşitdim şəhərdən kəndə gedirsən,

Xarab məhsul kimi kündə gedirsən,

Deyirsən, sən "İP"-də öndə gedirsən,

Aldın partiyada aşağı xalı.


İqbal Ağazadə:


Sən əsil bədxahsan, ordların batıq,

Bu yerdə deyərdim mən sənə qatıq,

Həmişə danışdın həddindən artıq,

Bu mala sən qatma o biri malı.


Tahir Kərimli:


Sıravi kəslərə boyun əyirsən,

Gözümə son vaxtlar qəmli dəyirsən,

Sən şəkər balını yağla yeyirsən,

Səhərlər yeyirəm mən arı balı.

İqbal Ağazadə:


Xızırın dirilik nəfəsi məndə,

Kamil siyasətçi həvəsi məndə,

Bilirsən Koroğlu nərəsi məndə,

İfrat nəzərlərdə özün kor Alı.


Tahir Kərimli:


Neçə ayaqlara üzünü sürtdün,

Kasıb boss görəndə pulunu ütdün,

"Ümid"çiləri yox, cibini güddün,

Düz başa düşmədin haram-halalı.


İqbal Ağazadə:


Nə evdən eşiyə çıxa bilirsən,

Nə də bir kimsəni yıxa bilirsən,

Nə gündüz Günəşə baxa bilirsən,

Nə görə bilirsən Ayda hilalı.


Tahir Kərimli:


Hazırda bəlaya olmusan düçar,

"Ümid"də qəlblərə tapmadın açar,

Sən "İP"-ə üz tutdun axırda naçar,

Əlindən aldılar cahı-cəlalı.


İqbal Ağazadə:


Mənsiz qalan zaman çarasızlardı,

"Ümid" üzvləri yararsızlardı,

Onlar səfillərdi, parasızlardı,

İçlərində bircə mənəm paralı.

Tahir Kərimli:


Ürəyinə yara atacaqdılar,

Eşitdim ki, gora atacaqdılar,

İndi səni ora atacaqdılar,

Get vaxtından əvvəl boşalt xaralı.


İqbal Ağazadə:


"İP"-çilərin özü dəstəkdi mənə,

Məni dəstəkləyən ürəkdi mənə,

Yetişmiş üzvlər gərəkdi mənə,

Qoparıb ataram budaqdan kalı.


Tahir Kərimli:


İsitməz yüz yaylar, baharlar səni,

Alıb ağuşuna buz-qarlar səni,

Pis günə qoyublar həmkarlar səni,

Sənin dərdli qəlbin dərddən yaralı.


İqbal Ağazadə:


Bossun pullarına tamam yerik biz,

"İP"-ə, "6-lar"a daim şərik biz,

Cari məsələni həll eylərik biz,

Axıra saxlarıq çətin sualı.


Tahir Kərimli:


Yaxınlıqlar etdin naqis, nahaqla,

Özünü birinci saydın nə haqla?

Həmkar quyruğunu tapdalamaqla,

Dost etdin özünə dərdi-məlalı.


İqbal Ağazadə:


Başı pul verənə əyək həmişə,

Bosslara da sağ ol deyək həmişə,

Dedik kabab edib yeyək həmişə,

Sən toyuq budunu, mənsə maralı.


Mirzə QƏRƏNFİL

Digər xəbərlər