Sərdar Cəlaloğlu:
İfratçün hər tərəf sərt uçurumdu,
Bu gün çox münasib, yaxşı durumdu,
ADP klassik köhnə qurumdu,
"Ana müxalifət" ola bilərdik.
Əhməd Oruc:
Çalışın siz üzə bu gün az çıxın,
Radikal tərəfə olanda axın,
Heç vaxt biz tərəfə gəlmədin yaxın,
Biz bunu yadına sala bilərdik.
Sərdar Cəlaloğlu:
Bizə də mesajla gəlinir hədə,
Radikal deyildi hər gədə-güdə,
Bir valideyn tək müxalifətə,
"Ana" laylasını çala bilərdik.
Əhməd Oruc:
Ünvana dubinka, həm də zopa bas,
Səni tanıyırıq, gəl az gopa bas,
Ola bilməz bizə ADP əsas,
Səni də hörmətdən sala bilərdik.
Sərdar Cəlaloğlu:
Titrəyiş duyuram batmış səsində,
Nərə azalıbdı gur nəfəsində,
"Ana müxalifət" vəzifəsində,
Meydanda birinci qala bilərdik.
Əhməd Oruc:
Sən gedə bilmirsən iriyə doğru,
Addımın çox zəif diriyə doğru,
Hücum sürətini geriyə doğru,
Qaçış sürətini dala bilərdik.
Sərdar Cəlaloğlu:
Sənin də inkişaf etmədi zəkan,
Daldan gözləyirik adi bir təkan,
Bizə lazım deyil geniş bir məkan,
Kiçik qərargahı qala bilərdik.
Əhməd Oruc:
Acımır xəmirin, turşuyub xaman,
Səni öz kürsündə qocaltdı zaman,
Başında saçın da seyrəkdi yaman,
Xeyli sıx olsaydı, yola bilərdik.
Sərdar Cəlaloğlu:
Gecikib, tükənib olsaq biz xərif,
Tutar yerimizi hər azğın hərif,
"Ana müxaliflik" olsaydı zəif,
Xiffətdən saralıb-sola bilərdik.
Əhməd Oruc:
A Sərdar, sən özün adi bir xəstə,
Artıq qalaqlanıb kədər qəm üstə,
Bu adı sizlərə getsək güzəştə,
Zərif xülyalara dala bilərdik.
Sərdar Cəlaloğlu:
Yolu üstündəyik biz ədalətin,
Hər yolu keçərik, bizlər çox mətin,
Sağa getmək bizə olsaydı çətin,
Getməyə, şübhəsiz, sola, bilərdik.
Əhməd Oruc:
Dürüst şəxs qəlbində saf mənlik durar,
ADP önündə tənbəllik durar,
Daim qarşınızda cəngəllik durar,
Sizin yolunuzu tala bilərdik.
Sərdar Cəlaloğlu:
Danışma, adamın tökülür əti,
Geri çəkilmirik, sözümüz qəti,
Ana alınmasa, müxalifəti,
Sözsüz, özümüzə xala bilərdik.
Əhməd Oruc:
Artıq başa çatdı dözümün sonu,
Budu məsələdə sözümün sonu,
Çəkdik gündəliyə "DUİ"-də bunu,
Yekun qərar: sizi bala bilərdik.
Sərdar Cəlaloğlu:
Partiyam bənzəyir şəkərə-qəndə,
ADP mənimdi, sirlər var məndə,
Zərgər işi görən biz zərif rəndə,
Sizi suvaq vuran mala bilərdik.
Əhməd Oruc:
Sizlər çox qapıda sındırdınız diş,
Gəlmir əlinizdən bir əməlli iş,
Sizlərdən çox uzaq hər bir yetişmiş,
Bənzəriniz vardır kala, bilərdik.
Sərdar Cəlaloğlu:
Pul verib o qərbli lotunu alsaq,
Sizin gözünüzün odunu alsaq,
"Ana müxalifət" adını alsaq,
Düşərdiniz hansı hala, bilərdik.
Əhməd Oruc:
Gəl çatma uzaqdan öz qaşlarını,
Hellə öz başına sal daşlarını,
Sizin ADP-nin boşbaşlarını,
Soxduqdan sonra biz kola, bilərdik.
Sərdar Cəlaloğlu:
Özümüz çevrilib lev heyvanına,
Daim güvənərək dev heyvanına,
Nə vaxt çevrilsəniz ev heyvanına,
Qatardıq naxırda mala, bilərdik.
Əhməd Oruc:
Tezləşdirmək üçün gəlişinizi,
Gəlin siz genəldin girişinizi,
Dayandırsaydınız yerişinizi,
Sizi keçirməyə qola bilərdik.
Sərdar Cəlaloğlu:
Eşitdik ildırım nərələri də,
Sal kimi bərkitdik bərələri də,
Dəf etdik biz dərin dərələri də,
"DUİ" keçidini çala bilərdik.
Əhməd Oruc:
Siz Qərbin canında parazit gənə,
Odur ki, düşübsüz indi bu günə,
Gözləyin bossunuz gətirər yenə,
Əgər geciksəniz yala, bilərdik.
Mirzə QƏRƏNFİL