PDF Oxu

Köşə

  • 1 230

“İP”-də “Yol xəritəsi” mübahisəsi

“İP”-də “Yol xəritəsi” mübahisəsi

Pənah Hüseynov:


Təklif, məsləhətlər səf-səf düzülür,

Liderlər çiyrənir, dodaq büzülür,

"Yol xəritəsi" ki, "İP"-də çözülür,

Təklif Zəfərin yox, sözsüz, mənimdir.


Zəfər Quliyev:


Təklif sənin deyil, öyrənmişəm tam,

Bu cür iş islamda sayılır haram,

Siyasətçi deyil, politoloqam,

Yalan deyən kəsə Allah qənimdir.


Pənah Hüseynov:


Zəfər yox, mənimçün sən adi Fatı,

Sonra dəyişmək də olar bu adı,

"Xəritə" çox yaxşı bir ideyadı,

Quran haqq kitabım, islam dinimdir.


Zəfər Quliyev:


Bu hal çox toxundu, düzü, şəstimə,

Durdun "xəritən"lə mənim qəsdimə,

O qədər iftira atdın üstümə,

Üstünə yönələn qəzəb, kinimdir.


Pənah Hüseynov:


Bunu qarşılayıb bir məzə kimi,

Qəbul eyləmədin sən təzə kimi,

İdeyam olubdu düz yüzə kimi,

Təkliflər içində təzəm, yenimdir.


Zəfər Quliyev:


Həmişə gözlədin xoruz banını,

Sən nədən qoymadın yerə yanını?

Vaxtında tutmuşam mən yalınını,

O, sənin dəncəyin, mənim dənimdir.

Pənah Hüseynov:


Təklifim olacaq bir mənə qalan,

Həvəsin yamandı, nəfəsin yalan,

Çox vaxt veyillənib gəzdiyin dalan,

Bəlkə bir, deyəsən, mənim tinimdir.


Zəfər Quliyev:


Kim nə təklif etsə, gizlincə əgər,

Lider ağırlığı çiyninə çəkər,

Çıxarıb bayıra atdığın təkər,

And iç ki, sənin yox, mənim şinimdir.


Pənah Hüseynov:


Hər xofdan bağrın da yarılmaqdadı,

Hövsələn daralıb, cırılmaqdadı,

Zəiflik damarın qırılmaqdadı,

Sənin kədərindi, mənim şənimdir.


Zəfər Quliyev:


Söz pərdəarxası susan gəlindi,

Nəfsin bu gəlinə deyən əlindi,

"Xəritə", əlbəttə, xaric zilindi,

Sözsüz ki, o, mənim normal bəmimdir.


Pənah Hüseynov:


Sən onu düşündün, mən isə buyam,

Kövrək daşlarından möhkəmdi qayam,

Təklifi vermişəm, zövq almaqdayam,

Bu dəmlər sənin yox, mənim dəmimdir.

Zəfər Quliyev:


Get Sabirabadda bostanları gəz,

Bir gəliş gələrəm, heç üzün gülməz,

Təklifin bir uğur qazana bilməz,

Sənin hər zəfərin mənim qəmimdir.


Pənah Hüseynov:


Mən nə söyləmişəm, dərində dedim,

"İP"-in həm xeyrində, şərində dedim,

"Yol xəritəsini" yerində dedim,

Mənim hər təklifim yeni çəmimdir.


Zəfər Quliyev:


Qəlbinə salmışam sənin vəlvələ,

Ruhunu sarıbdı "İP"-də zəlzələ,

Bir doğru sözünü görmədim hələ,

Sənin yalanların yalan yemimdir.


Pənah Hüseynov:


İstərəm rəqiblər fikrə dalalar,

Qalanlar səninlə adi balalar,

Əlini sevənlər bibi, xalalar,

İsanın bossları dayım, əmimdir.


Zəfər Quliyev:


Sən sərbəst qəbul et həşiş, qurmanlar,

Səni məhv etməyə çoxdu gümanlar,

Təklifindən çıxan tüstü-dumanlar,

Sulu qəlyanımdır, adi demimdir.

Pənah Hüseynov:


Narahat etmirəm, əsla, heç kəsi,

Sən də bir az azalt sarsaq zil səsi,

Mənim təklifimin xoş nəticəsi,

Ünvanıma gələn dolu gəmimdir.


Zəfər Quliyev:


Deyəsən, qatmışam zəhər aşına,

Bir çömçə pay düşür sənin kaşına,

Çıxarma özünü dağın başına,

Sənin kimiləri, bil, heç kimimdir.


Pənah Hüseynov:


Bilmirəm təklifi hara aparım?

Daxildə, xaricdə çoxdu həmkarım,

Sizlərə nisbətən artıq miqdarım,

Sənin kimiləri rəqəm kəmimdir.


Zəfər Quliyev:


Bir vaxt nazir oldun, düşüncənsə dar,

Tetçerin önündə oldun tamam xar,

Sənin tək yalançı fırıldaqçılar,

Könül mizrabımda sarı simimdir.


Pənah Hüseynov:


Sizin tərəfdarlar adi bandadı,

Kələm qrantları çəpişdandadı,

Daxildən axan pul cibişdandadı,

Xaricdən nə gəlsə, bil, sələmimdir.


Zəfər Quliyev:


Boss qrant buraxmır şişib köpənə,

Daim məhsul qalır buğda səpənə,

Dəysin söylədiyin nitqin təpənə,

Qüvvə kəlamda yox, qələmimdədir.


MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər