PDF Oxu

Köşə

  • 1 233

“İP”, “6-lar” və nəhayət, “125-lər”...

“İP”, “6-lar” və nəhayət, “125-lər”...

İqbal Ağazadə:


Kimsə qoy etməsin heç umu-küsü,

"İP"-dən çağırırıq bura hər kəsi,

"Kölgə kabineti", "Yol xəritəsi",

"125-lər" də ona bəzəkdi.


Sərdar Cəlaloğlu:


Hörmət edən varsa şəxsən adına,

İstəməz ki, düşsün İsa oduna,

Çoxları gedəcək "İP"-in badına,

"İP" ən sarsaq qurum, axmaq özəkdi.


İqbal Ağazadə:


Hər ikisi verib bizə fasonu,

Geyərək əyninə narıncı donu,

İsadı, Əlidi korlayan onu,

"İP"-in üstü bəzək, altı təzəkdi.


Sərdar Cəlaloğlu:


Bizik əsil radikal, nə var, bizdə var,

Maraqlanan ifrat, gəl ləzzət apar,

Çox cəlbedicidi bizim qurumlar,

"İP"-in liderləri alabəzəkdi.


İqbal Ağazadə:


"İP"-də olmadılar liderlər sayıq,

"125"-lərdə hamımız ayıq,

Yayda da, qışda da biz maşındayıq,

Sizin sürdüyünüz yayda xizəkdi.


Sərdar Cəlaloğlu:


İsa da, Əli də sərməst dolaşar,

Bizdə ideyalar qaynayıb-daşar,

"125", "6-lar" əbədi yaşar,

"İP"-də hökmranlıq çox qısa çəkdi.



İqbal Ağazadə:


Bizlərə qurumlar xaricdəndi pay,

Qurumlar lap çoxdu, biz bilmirik say,

İsanın, Əlinin ittifaqı zay,

Sərdarla İqbalın birliyi təkdi.


Sərdar Cəlaloğlu:


Bədxahlar İsa tək tipə qoşulsun,

Cahillər, sərsəmlər "İP"-ə qoşulsun,

Çox ifrat çalışır bizə qoşulsun,

Bizim vəziyyətə qulaqlar şəkdi.


İqbal Ağazadə:


"İP" işi ölümə qənşər başlayıb,

Radikal durumda min şər başlayıb,

Başqa qurumlarda məhşər başlayıb,

Bizdəsə vəziyyət yaxşı, qəşəngdi.


Sərdar Cəlaloğlu:


"Yurd"un, Müsavatın taxtı yatıbdı,

Zamanın irəli vaxtı yatıbdı,

İsanın, Əlinin baxtı yatıbdı,

Pullara açılan bomboş ətəkdi.


İqbal Ağazadə:


A bossum, burada çoxalıb quzun,

Sözsüz ki, siz bunu pisliyə yozun,

Bizim əl-qolumuz olduqca uzun,

İsanın, Əlinin əli gödəkdi.

Sərdar Cəlaloğlu:


Çox pul qoparmağı İsa edib qət,

Boss da pul verməyi eyləyibdi vəd,

"İP"-də hər tərəfi basıb üfunət,

Bizdə bağça-bağdı, güldü-çiçəkdi.


İqbal Ağazadə:


Lider var xaricdən gözləyir tavar,

Lider var amalda əsil mal-davar,

Amalsız, kamalsız liderlər ki, var,

Hamsı öz payına, əsil xötəkdi.


Sərdar Cəlaloğlu:


Sizə nə versələr aşırın, təpin,

Sonra səbrinizə soyuq su səpin,

Nəsibi qarışqa yuvası "İP"-in,

Bizim qismətimiz baldı, pətəkdi.


İqbal Ağazadə:


Dartıb qaldıraraq özünü dağa,

İsalar, əlilər daraşıb yağa,

"İP"-dəki rəqiblər ləng bir tısbağa,

Mən cəld bir bəbirəm, Sərdar pələngdi.


Sərdar Cəlaloğlu:


İndi Qərbə doğru yol almağımız,

Ümumi reytinqdə nol olmağımız,

Bizim də "SOROS"-dan pul almağımız,

Qeyri-real xülya, arzu-diləkdi.

İqbal Ağazadə:


Yenə qalib çıxdı zərbin bossları,

Məhv etdi ərəbi hərbin bossları,

"İP"-i məhv eyləyən Qərbin bossları,

Bizə qarğış tökən çərxi-fələkdi.


Sərdar Cəlaloğlu:


Çəlləklər yanında, şərab içində,

Olmuşduq hamımız xarab içində,

Qalmışdıq əbədi çirkab içində,

Bizi çıxdaş edən xəlbir, ələkdi.


İqbal Ağazadə:


Xaric budağıdı töküldükləri,

Hamıya məlumdur söküldükləri,

İsanın, Sərdarın büküldükləri,

Bir vaxtlar cəbhədə eyni bələkdi.


Sərdar Cəlaloğlu:


Girməyib qulağa hər minnət-xahiş,

Etdirib özünü möhkəm nümayiş,

O, Mütəllibova edib sitayiş,

İqbal başdan-başa küydü-kələkdi.


İqbal Ağazadə:


İsayla, Rəsulla durub yan-yana,

Əliylə girərdi əvvəl meydana,

Daxilən bənzəyir Sərdar şeytana,

Deməyə məcburam üzdən mələkdi.


Sərdar Cəlaloğlu:


İqbal bəy mənimlə çox olub tabsız,

Keçmədi 20 il heç də əzabsız,

Ayıran səbəblər saysız-hesabsız,

Bizi birləşdirən adi lələkdi.


MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər