Pənah Hüseynov:
"İP"-in işləridi hey gətirən bəd,
Yaxşı olacaqdır, veribdilər vəd,
Sonsuzdu, əlbəttə, strateji xətt,
Taktiki gediş də kifayət qədər.
Araz Əlizadə:
Mitinq keçirməyə hamısı qorxdu,
Radikal durumda küy-kələk çoxdu,
İş görmək lazımdı, o da ki, yoxdu,
Lazım deyil burda danışmaq hədər.
Pənah Hüseynov:
Taktikada işlər gətirməyib bəd,
Bizə Qərb özü də qoymayıbdı hədd,
Bizdə çox güclüdü strateji xətt,
Bossu üstümüzdə saxlayıb Qədər.
Araz Əlizadə:
Nə kəfənin olub, nə də ki, gorun,
Onun öləziyən işığı korun,
Çoxdan sönüb sənin "generator"un,
Radikal kəslərə üz verib kədər.
Pənah Hüseynov:
İblis, şeytan kimi çox şər tökərdik,
Küçəyə, meydana zəhər tökərdik,
Bir vaxtlar mitinqdə çox tər tökərdik,
İndi qazanırıq axıtmadan tər.
Araz Əlizadə:
Onların əlindən gəlmisiz zara,
Qovmağa layiqdi çoxu mal-qara,
İsa, Əli kimi lider-avara,
Hər zaman bir məqsəd, bir maraq güdər.
Pənah Hüseynov:
Xaric öz biziylə bizləri bizlər,
Daim işləyirik, əyilməz dizlər,
Taktiki gedişlər edirik bizlər,
Radikallar bizi daim şad edər.
Araz Əlizadə:
Strateji sizdə çox axmaq fənndir,
Qırılmaq üzrədir nazilmiş kəndir,
Çox pis qurulubdu taktiki təndir,
Bişən əməllərin çoxu küt gedər.
Pənah Hüseynov:
Sevməzdi deyirlər taktikamızı,
Əvvəlki dövrlər taktikamızı,
Xaricdə sevirlər taktikamızı,
Odur ki, Qərb pulu vaxtında ödər.
Araz Əlizadə:
Çətin Qərbə getmək bu cür teç ilə,
Sizi doğrayırlar saz ülgüc ilə,
Siz bu potensialsız az güc ilə,
Verə bilməzsiniz rəqibə xətər.
Pənah Hüseynov:
Bizlərin düşməni, öcü kifayət,
Sözsüz, bizi sancan cücü kifayət,
Bizim taktikanın gücü kifayət,
Qərbli sponsora və bizə yetər.
Araz Əlizadə:
Didişdiz narıncı bir boyaq üstə,
Saxlamaq istərdi boss dayaq üstə,
Birtəhər durubsuz dörd ayaq üstə,
Gününüz keçəcək bundan da betər.
Pənah Hüseynov:
Təkliyi qrantsız vaxtlar anlarıq,
Xaricdən jest görüb vüqarlanarıq,
Biz ondan vaxtında yararlanarıq,
Bossun bağçasında bol məhsul bitər.
Araz Əlizadə:
Boss öz tərsliyilə düşəndə bəndə,
Qrantlar sürüşüb əldən gedəndə,
Qərb sizlərdən cavab tələb edəndə,
Sizin radikallar ümidsiz itər.
Pənah Hüseynov:
Qrant yox, bizləri qəm-kədər boğur,
Qərb pul verməsə də deyir yap-yoğur,
Yaxşı günlər bizə gətirər uğur,
Pis günlər bizlərin üstündən ötər.
Araz Əlizadə:
Bossdan da azalıb tulapayınız,
Sizə yardım etmir qərbli dayınız,
Sizi öz daxili hay-harayınız,
Xaricdən zədələr, daxildən didər.
Pənah Hüseynov:
Taktika olmasa daxılda belə,
Həsəd yaradarıq paxılda belə,
Dəstək artar, hətta daxildə belə,
Bizə balıq verər hər böyük vətər.
Araz Əlizadə:
Dəmir əvəzinə pis şüşə gedər,
İnanma radikal dönüşə gedər,
Reytinqlər günbəgün enişə gedər,
Yalançı cazibə sizləri ütər.
Pənah Hüseynov:
Zaman qarışardı məntiq olmasa,
Adam darıxardı tənqid olmasa,
Şərait nə qədər münbit olmasa,
İşləmək istəyər, nərildəyən nər.
Araz Əlizadə:
Baha başa gələr bəd niyyətiniz,
Gözə də görünmür əziyyətiniz,
Çox da yaxşı deyil vəziyyətiniz,
Süquta uğradar radikalı şər.
Pənah Hüseynov:
Qərbi dəstəkçi tək tez gətirərək,
Bossun qrantından çox götürərək,
O zaman dərindən köks ötürərək,
İnamla deyərik Allahu-Əkbər.
Araz Əlizadə:
Siz çox sallandınız güman çöpündən,
Yapışmaq lüzumsuz aman çöpündən,
Əliniz sürüşər saman çöpündən,
Sizə həmdəm olar yenə bəd xəbər.
Mirzə QƏRƏNFİL