Əli Kərimov:
Bossun qrantları bizim olacaq,
Lazımi məqamda bədxah solacaq,
Biz pul istəyirik xaricdən ancaq,
Almaq ehtimalı enib sıfıra.
İsa Qəmbərov:
Bizi istəməyən saralsın-solsun,
İstərik çoxları bizə qoşulsun,
Təki pullu olaq, cibimiz dolsun,
Bosslar istəsələr olluq fırfıra.
Əli Kərimov:
Yaxına qoymadıq biz boyatını,
Rep sevdik, sevmədik heç bayatını,
Biz daddıqdan sonra Qərb qrantını,
Saldıq özümüzü əbədi tora.
İsa Qəmbərov:
Yerə qoymaqdayıq artıq biz dizi,
Bir çox bədxahlar da itirir izi,
Beş-üç avro ilə aldadıb bizi,
Xaric göməcəkdi bizləri gora.
Əli Kərimov:
Vurub qəlbimizə sağalmaz dağı,
Bossun özü olub bizlərə yağı,
Başımız altına qoyub yastığı,
Möhtac qoyacaqdı Qərb bizi şora.
İsa Qəmbərov:
Verdik biz ayları - illəri yelə,
Yığılmamış qalıb çox şələ-külə,
Keçirə bilmirik bir piket belə,
Çıxıb əlimizdən artıq pul-para.
Əli Kərimov:
Üzdük əlimizi Xarı bülbüldən,
Nagahan çıxmışıq torpaqdan, küldən,
Marks, Lenin olmaq keçdi könüldən,
İstədik bənzəyək həm Tomas Mora.
İsa Qəmbərov:
Xaricin pulundan çətin ki, hürkəm,
Qabımı partladar mənim də sirkəm,
Əvvəl alacağıq məzlum bir görkəm,
Tabe olacağıq axırda zora.
Əli Kərimov:
Bizdən üz döndərir meydan, səkilər,
Çətin ki, yollara kütlə tökülər,
Əvvəl pul vəd edib, geri çəkilər,
Bosslar qəlbimizə çox vurar yara.
İsa Qəmbərov:
Düşər başımızdan çox baş dövlətlər,
Olmaq istəmirlər sirdaş dövlətlər,
Kənara çəkilər qardaş dövlətlər,
Bizdən üz döndərir ulduz, aypara.
Əli Kərimov:
Bossun simasına uyğundu simam,
Çimməyə tapmırıq xudmani hamam,
Acından qarnımız boşalıb tamam,
Aparan da yoxdu ən ucuz bara.
İsa Qəmbərov:
Deyirlər sədrliyi unut bu ildən,
Pis bir başqan kimi düşmürəm dildən,
Varlı sponsorlar çıxacaq əldən,
Urcah olacağıq topala, kora.
Əli Kərimov:
Günümüz gələcək xoş çağa getmir,
Bizlərə qoyulan qadağa getmir,
Çəkiclə vursam da qabağa getmir,
Divar daşlarına ilişib kora.
İsa Qəmbərov:
Şığıdıq qarğa tək biz leşə doğru,
Heç zaman çatmarıq finişə doğru,
Üzümüz dayanıb enişə doğru,
Qorxuram sərt yamac bizləri yora.
Əli Kərimov:
Xaricdən bizlərə mal vermədilər,
Bosslar buza dönmüş yal vermədilər,
Solo oxumağa yol vermədilər,
İstədik qoşulaq lüzumsuz xora.
İsa Qəmbərov:
Daxildə kəsildi dost dayağımız,
Xaricdə dayandı boss dayağımız,
Soyudu qorxudan əl-ayağımız,
İstərlər bizlərə verələr fora.
Əli Kərimov:
Baxmır üzümüzə bizi görənlər,
Artıb aramızda pərən-pərənlər,
Bizdən üz çevirir dəstək verənlər,
İnanmaq çətindi əhdə-ilqara.
İsa Qəmbərov:
Qərb vermək istəmir bizlərə aman,
Ötüb getməkdədi sürətlə zaman,
Bizə kömək etmir nə saz, nə kaman,
Dərdə çarə deyil nə də gitara.
Əli Kərimov:
20 il nə gəldi biz çəkdik dişə,
Bizi qoymadılar çıxaq girişə,
Bizi cəlb etmədi boss da bir işə,
Qaldıq yerimizdə aciz-avara.
İsa Qəmbərov:
Qurtula bilmədik qara niyyətdən,
Danışmaq səhv olar nailiyyətdən,
Qaldıq işdən-gücdən, fəaliyyətdən,
Yaman çox dayandıq üzü divara.
Əli Kərimov:
Xaricdən kəsilib tamam pulumuz,
Möhkəm bağlanıbdı həm əl-qolumuz,
Bilirik ki, yoxdu xilas yolumuz,
Mübtəla olmuşuq ağır azara.
İsa Qəmbərov:
Pullu yer də yoxdu lövbər salmağa,
Məcburuq birlikdə fikrə dalmağa,
Pulumuz qalmayıb nəsə almağa,
Hamımız olsaq da üzü bazara.
Mirzə QƏRƏNFİL