Lalə Hacıyeva:
Düşüb çoxdan duman-çən siyasətə,
Mənəm bu şəhərdə tən siyasətə,
Yenidən gəlirəm mən siyasətə,
Yolumu həsrətlə gözləyir Əvəz.
Etibar Məmmədov:
İstərəm düzəlsin ifrat halları,
Boss mənə göndərsin ancaq pulları,
Bizləyərəm köhnə radikalları,
Onlarla görüşüm olmaz heç əbəs.
Lalə Hacıyeva:
Nazlı "Madam"anə pəri, dönüşüm,
Sanma ki, artırsın şəri, dönüşüm,
Mənim başılovlu geri dönüşüm,
Əvəzçün də bəsdi, mənimçün də bəs.
Etibar Məmmədov:
Bu gün radikallar açıblar bazar,
Alıb qarınları ağrılı azar,
Məndə təzələrə yoxdur etibar,
Köhnə kadrlara verərəm nəfəs.
Lalə Hacıyeva:
Qərb möhtac qoysa da bizi pencərə,
Biz qədəm qoyarıq nurlu səhərə,
Partiya mənimçün geniş pəncərə,
"MBH" olmuşdu son vaxtlar qəfəs.
Etibar Məmmədov:
Hazırıq bossları döşləmək üçün,
Biz Qərbdə avrolar dişləmək üçün,
Köhnə kadrlarla işləmək üçün,
Lap doğru deyirəm, məndə çox həvəs.
Lalə Hacıyeva:
Nitqimlə çox kütlə qəlbi dağlaram,
Üzümü Qərb səmtə tutub ağlaram,
Bossların başını özüm yağlaram,
Əvəz, sən qranta gedən yolu kəs.
Etibar Məmmədov:
Liderlər içində mənəm ən uca,
Çörək paylayaram AMİP-çi aca,
Tələs ey radikal müxalif qoca,
Mənim yolum üstə, əsla, salma səs.
Lalə Hacıyeva:
Boss yemi yeyərik biz tum üstündən,
Zirvəyə ucallıq həm qum üstündən,
Kölgəni ataram qurum üstündən,
Uca qamətliyəm, sanki bir vələs.
Etibar Məmmədov:
AMİP siyasətdə ən bitkin əsər,
Başçıyam, sözümdə var ciddi kəsər,
Birdən gecikərsən, köhnələr küsər,
Özümə deyirəm, Etibar, tələs.
Lalə Hacıyeva:
Heç vaxt qol qoymadım özüm nəm işə,
Gərək qarışmasın kədər, qəm işə,
Mənim apardığım möhtəşəm işə,
Yenə də Əvəz bəy gətirəcək nəhs.
Etibar Məmmədov:
:
Sevinc içindəyəm çöhrəm tamam şən,
Radikalı iki böləcəyəm tən,
Toplayıb başıma köhnə kadrı mən,
Qəsdən edəcəyəm yenilərlə bəhs.
Lalə Hacıyeva:
Onlar pis iş görüb adıma yazdı,
"İP"-də bir lider qaz, birisi dazdı,
Mən qadın başçıyam, iştaham azdı,
Kişi liderlərdə daşı dəlir nəfs.
Etibar Məmmədov:
Onlar zəif tərəf, mən güclü tərəf,
Keçmişlə dialoq mənə bir şərəf,
Digər rəqibləri edəcəyəm dəf,
Ancaq bundan sonra ötürəcəm köks.
Lalə Hacıyeva:
Biz məyus olarıq qalınca qrant,
Liberal ciblərə dolunca qrant,
Bosslar göndərəcək bolluca qrant,
Xaricdən axacaq müftə tərəvəz.
Etibar Məmmədov:
İsadan, Əlidən, ey könül, əl çək,
Uğur qazanmaqçün böyükdü istək,
Keçmiş yetkiliyə olmaqçün dəstək,
Geridə qoyaram "İP"-çiləri məhz.
Lalə Hacıyeva:
Alaram... əlindən imkanını mən,
Kişi liderlərin həm canını mən,
Tutanda partiya sükanını mən,
Yəqin ki, Əvəzdə dönməyəcək ləfz.
Etibar Məmmədov:
Siyasi meydanda olaram yenə,
Özüm də gəlmişəm imana, dinə,
Köhnə yetkililər arxadır mənə,
Bu yolla çoxuna verəcəyəm dərs.
Lalə Hacıyeva:
Əlimə bir yaxşı bəhanə gəlib,
Paralel dünyadan nişanə gəlib,
Yenidən qurumla meydana gəlib,
Əvəzlə birlikdə edəcəyəm rəqs.
Etibar Məmmədov:
Köhnə liderlərə olum sadağa,
Yoxdu mənim üçün artıq qadağa,
Bəlkə də meydanda gəldim qabağa,
Ey mənim uğurlu küləyim, bərk əs.
Lalə Hacıyeva:
Məni maqnit kimi cəlb edir şəhər,
Çox zaman görmədim dostlardan bəhər,
Əvəz gözlərimə dəyir birtəhər,
Ehtiyat edirəm, çərx fırlansın tərs.
Etibar Məmmədov:
AMİP-də qoyarlar başıma tacı,
Görüşlər mehriban, xatirə acı,
Göynəyir dostlarçün burnumun ucu,
AMİP tarlasında bağlanıbdı mərz.
Mirzə QƏRƏNFİL