PDF Oxu

Köşə

  • 1 274

Obama Ərdoğana nə söz verdi?

Obama Ərdoğana nə söz verdi?

Ağ Evdə Barak Obama ilə Rəcəb Tayyib Ərdoğanın 2 saatdan çox çəkən gizli görüşü, axır ki, baş tutdu. Amma əsas məsələ odur ki, Obama Ərdoğana nə söz verdi?

Rəsmi Vaşinqtonun Yaxın Şərqdə Ərdoğanı Sultan Səlim, Türkiyəni regiondakı müsəlman faktorunun əsas söz sahibi kimi qəbul edib-etmədiyi, Qərbdəkilərin qardaş ölkənin bir nömrəli baş ağrısı olan PKK-nı siyasi alət və təxribat maşını kimi bundan sonra Türkiyəyə qarşı istifadə etməkdən əl çəkib-çəkmədikləri, Amerikanın bundan sonra regiondakı proseslər fonunda Türkiyə ilə birgə hərəkət edib-etməyəcəyi kimi ən vacib məsələlər, Ağ Evin içərisini görməyəcəyimiz qədər qaranlıqdır və Obamanın Ərdoğana bu məsələlərdə nə dediyi də elə qaranlıq olaraq qalacaq məncə.

Əslində, Ərdoğanın Obama tərəfindən Ağ Evə çağırılacağı, kifayət qədər gözlənilən hadisə idi.

Çünki rəsmi Ankaranın Yaxın Şərqdə fəallaşması, baş nazir Rəcəb Tayyib Ərdoğanın Liviya və Afrika da daxil olmaqla, bir çox ölkələrə səfərləri, bu bölgədə Türkiyənin təsir imkanlarının çox tez bir zamanda sürətlə genişlənməsi, açıq şəkildə okeanın o tayında ciddi marağa və bir az da narahatçılığa səbəb olmuşdu. Somali aclarından başlamış Müəmmar Qəddafinin xarabazara çevirdiyi Liviyaya qədər hər yerə "baş vuran" Türkiyə lideri, üstəlik, Qərb dövlətlərinə də xəbərdarlıq ünvanlayaraq, onları Liviyanın neft quyularından gözlərini birdəfəlik çəkməyə çağırdı. Necə deyərlər, rəsmi Ankara, özünü Şərqin yeni lideri kimi, yaxud da Osmanlı İmperatorluğunun varisi kimi aparmağa çalışır və müəyyən mənada, buna nail də ola bilir. Baş verənlərdən aydınca görünür ki, Ağ Evin pəncərəsindən Türkiyə elə beləcə də görünür. Amma bu liderlik İsraillə Türkiyə arasındakı gərginliyin pik nöqtəyə çatdığı bir vaxtda baş verir ki, bu da Avropanı mütləq Türkiyə və Yaxın Şərqlə bağlı hesablarını yenidən ciddi şəkildə gözdən keçirməyə sövq edəcək. Çünki həmişəkindən fərqli olaraq Türkiyənin regiondakı hazırkı statusu, indi tamam başqa bir siyasi panorama yaradır. Bu məsələdə ABŞ-ın Türkiyəyə münasibəti, Fransa və Almaniyanın münasibətindən çox fərqlənir. Xüsusilə Fransa özünün keçmiş müstəmləkəsi olan Liviyada onun əvəzinə Türkiyənin ağalıq etməsini, hələ üstəlik, yuxarıda qeyd etdiyimiz kimi, Ərdoğanın Avropadan Liviya neftindən gözünü çəkməsini açıq şəkildə tələb etməsini, heç cürə "həzm edə bilmir".

Xüsusilə keçən il Fələsinə humanitar yardım aparan "Mavi mərmərə" gəmisinin İsrail hərbçiləri tərəfindən gülləbaran edilməsi, 10-dan çox insanın öldürülməsi, ondan da əvvəl Davosda Türkiyə baş nazirinin İsrail prezidentinə qarşı Avropanın ali tribunasından sərt ittihamlar səsləndirməsi, onları balaca müsəlman uşaqları beşiyindəcə öldürən qatil adlandırması, Türkiyənin Şərqdəki müsəlman ölkələrində nüfuz və mövqelərini sürətlə gücləndirməyə başlayıb ki, bu da Qərbdəkilərin ürəyini sevinc hissi ilə doldura bilməz...

Artıq de-fakto Türkiyə Şərqdəki müsəlman dövlətlərinin lideri kimi çıxış edir. Bu, inkar olunması mümkünsüz olan ciddi siyasi faktordur. Demək olar ki, artıq İran, regionda gedən bütün məsələlərdə "oyundankənar vəziyyətə" düşüb. Türkiyə İrandan fərqli olaraq bölgədə heç bir silahlı qruplaşmanı dəstəkləmədən, sadəcə, İsraillə informasiya və diplomatiya müharibəsinə başlayaraq, özünü bu bölgədə yaşayan və 40-50 il hakimiyyətdə olan Qəddafi, Mübarək və Əsəd kimi feodal başçıların əlindən bezən müsəlmanların gözündə əsas söz sahibinə çevirə bildi. Amma ən maraqlısı odur ki, nədənsə Ağ Ev Türkiyənin Şərqdə Osmanlı İmperatorluğu iddiasına düşməsinə, hələ ki, Barak Obamanın R.T.Ərdoğanı Ağ Evə dəvət edərək 2 saat gizli danışıq aparmasından o tərəfə keçməyib. Sözsüz ki, Ağ Ev 50-60 illik əsas müttəfiqinə, NATO-dakı əsas söz sahiblərindən birinə "qulaqburması" vermək istəsə, heç şübhəsiz ki, bunu bir sıra "üsullarla" edə bilər. Elə PKK-nı İstanbulda hərəkətə gətirmək də bu "üsullara" daxildir.

Amma görünür, Ərdoğanın "Şərq əməliyyatı", haradasa Ağ Evin də maraqları ilə uzlaşır. İlk növbədə, ona görə ki, Ərdoğanın sözü olmasın, son illər özünü yaxın Şərqdə "ərköyün uşaq" kimi aparan və regionda çox zaman rəsmi Vaşinqton üçün baş ağrısı yaradan Təl-Əvivin "ipini yığmaq", İsrailin müsəlman dünyasında anti-Amerika kampaniyasına rəvac verən addımlar atmasına "veto qoymaq", elə ilk növbədə, ABŞ üçün də xüsusi əhəmiyyət daşıyan məsələdir. Heç sözsüz ki, Ağ Evdə Ərdoğanla 2 saat gizli danışıq aparan Obama, bu məsələni də AKP lideri ilə müzakirə etməmiş olmaz. Belə görünür ki, rəsmi Vaşinqton Şərqdəki əsas müttəfiqini itirmək istəmir, əksinə, Türkiyəni yenidən qazanmaq istəyir. Həm də, görünür, regionda İranın əvəzinə Türkiyənin müsəlman lideri kimi çıxış etməsi, Ağ Evi də razı salır. Ən azından ona görə ki, regionda baş verənləri öz nəzarətində saxlamaq üçün Ankaranın bu missiyası ona çox lazımdır. Amma unutmayaq ki, bu dediklərimiz, siyasətin görünən üzüdür. Demək ki, Ərdoğanla Obamanın Ağ Evdə keçirdikləri 2 saatlıq gizli görüşün detallarını bilmək üçün, ən azı bizim uzun illər yaşamağımız lazım olacaq. Yaşayarıq, görərik!

Digər xəbərlər