Əhməd Oruc:
İfrat xəyalında qurur Turanı,
Ya da ki, dağıdır cümlə İranı,
"İP"-in nə daxildə arxa duranı,
Nə də ki, xaricdə dəstəyi vardır.
Arzu Səmədbəyli:
Gəlsin "6-lar"a nifrinim, qadam,
Bossu xatırlayıb sevinir adam,
Qərb dəstək veribdi bizlərə müdam,
"İP"-in boss qəlbində istəyi vardır.
Əhməd Oruc:
İfratların çatır hər bir yarağı,
"İP"-də çatışmır bir saqqal darağı,
Qərbin də Bakıda böyük marağı,
Hər bossun da "İP"-də öz bəyi vardır.
Arzu Səmədbəyli:
Siyasətdə ömür sürməsi üçün,
"İP"-in də meydana girməsi üçün,
Qərbin bizə dəstək verməsi üçün,
Xüsusi marağı, həm səyi vardır.
Əhməd Oruc:
"İP"-də olanların hər şeyi haqda,
İsadan, Əlidən gileyi haqda,
Sizlərin çox mənfi mövqeyi haqda,
Qərbin və ABŞ-ın pis rəyi vardır.
Arzu Səmədbəyli:
Durulma getməkdə İsa felində,
Bosslara məhəbbət Əli dilində,
Müalicə üçün "İP"-in əlində,
Bir arqument kimi çox zəyi vardır.
Əhməd Oruc:
Əvvəl döşəyini tül edəcəkdir,
Sonra çolaq, topal, şil edəcəkdir,
Sizləri yandırıb kül edəcəkdir,
Yandırıcı səmum küləyi vardır.
Arzu Səmədbəyli:
Bossla çox yaxınıq hələ beşikdən,
Xoş ab-hava gəlir bizə eşikdən,
Biz təmizlənərik keçib deşikdən,
"İP"-in gur ələyən ələyi vardır.
Əhməd Oruc:
Liderlərin kimi artır təlaşın,
Çox tez hazır olar yəqin başdaşın,
Zərbənin gücündən partlayıb qaşın,
Çöhrəndə bossların biləyi vardır.
Arzu Səmədbəyli:
Tezliklə çatacaq, sözsüz, sonların,
Qərbdə dəyişiblər bosslar donların,
Bosslar can yandırır bizə, onların,
Bizi bükmək üçün bələyi vardır.
Əhməd Oruc:
Canyanan bildiyin qəlbli bossların,
Sizə fikirləri fərqli, bossların,
Qrantverənlərin, qərbli bossların,
Sizdən uzaqlaşmaq diləyi vardır.
Arzu Səmədbəyli:
Bir büst qoyacaqlar bosslar bizə tunc,
"İP" bel sütunundan olubdu qulunc,
Əlinin əlində Zülfüqar qılınc,
İsada İisus xaç vəhyi vardır.
Əhməd Oruc:
"İP" liderləriylə qalıbdı darda,
Bundan sonra yerin olacaq barda,
Bosslar da dururlar sizdən kənarda,
Sizin liderlərin kələyi vardır.
Arzu Səmədbəyli:
Sənin arqumentin artıq solubdu,
O, bir müsəlmandı, yaşa dolubdu,
Bilirsən ki, İsa Həccdə olubdu,
Onun başı üstə fələyi vardır.
Əhməd Oruc:
"İP"-dən üz döndərir sadiq dostların,
Onlara gərəkmi süni tostların?!
Qrantverənlərin, qərbli bossların,
Sizləri sevməyən ürəyi vardır.
Arzu Səmədbəyli:
Hələ bundan sonra olacaq keflər,
Özündən yalandan uydurma miflər,
Kəsməz əlaqəni bizimlə şeflər,
"İP"-in xaric kimi dirəyi vardır.
Əhməd Oruc:
Sən elə bilirsən çöldən ov gedir,
Sizin evinizə xan plov gedir,
Sənə elə gəlir boss sinov gedir,
Sizlərin onlara gərəyi vardır.
Arzu Səmədbəyli:
Çox ələ almışıq hər növ dünyanı,
Kəsə bilməz iti bülöv dünyanı,
"İP" cəlb eyləməkdə bütöv dünyanı,
Bizim içimizdə zirəyi vardır.
Əhməd Oruc:
Hamınız qaldınız işsiz-əməksiz,
Əli də, İsa da qalıb köməksiz,
Tezliklə "İP" qalar duzsuz-çörəksiz,
Əhmədin yeməyə çörəyi vardır.
Arzu Səmədbəyli:
Əhməd Oruc, batdın öz kədərində,
Qurumun kökləri itib dərində,
Əlbəttə, dünyanın hər bir yerində,
"İP"-in öz məxsusi özəyi vardır.
Əhməd Oruc:
Hopdunuz yaddaşa rişxənd, lağ üçün,
Gəldiniz siz tufan qoparmaq üçün,
Sizi son mənzilə aparmaq üçün,
Xaricin həddən çox xərəyi vardır.
Arzu Səmədbəyli:
Heç vaxt olmadınız siz üzübəri,
Qaldınız bir sümük, həm də bir dəri,
Həmişə siz təmsil etdiniz şəri,
"İP"-in öz xilaskar mələyi vardır.
Mirzə QƏRƏNFİL