PDF Oxu

Köşə

  • 1 315

Şimali Afrika hadisələri radikallarda inqilaba meyil oyadıb

Şimali Afrika hadisələri radikallarda inqilaba meyil oyadıb

İsa Qəmbərov:

Məni Qəddafidi eyləyən əsir,
Liviya qəlbimə edibdi təsir,
Çağırır "İP"-imi qiyama Misir,
Tunis qulağıma inqilab deyir.

Əli Kərimov:

Kinlə doldurarıq bal şəhdimizi,
Yerinə yetirsək biz əhdimizi,
Qərb qiymətləndirir hər cəhdimizi,
Boss mənə çatacaq dolu qab deyir.

İsa Qəmbərov:

Rus hələ Qafqazda edir gəlhagəl,
Ölkə daxilinə deyir ol əngəl,
O yandan ingilis deyir vəcdə gəl,
Bu yandan Sarkozi göstər tab deyir.

Əli Kərimov:

Xeyli qatlasanız yerə diz əgər,
Sizi düşündürsə kürsü, miz əgər,
Qiyama çatmasa gücünüz əgər,
O vaxt olacaqdır hal xarab deyir.

İsa Qəmbərov:

Onlar deyir siz çox, bizlər isə tək,
Aşıb-daşmalıdı sinəndə istək,
İstəsən göstərək biz sənə dəstək,
Piketdən-mitinqdən çoxlu yap deyir.

Əli Kərimov:

O qədər içərsən, olarsan alkaş,
Balıq yeməkləri, kəlləpaça, baş,
Səhərlər verərik viski ilə xaş,
Axşam ləziz təam, həm kabab deyir.
İsa Qəmbərov:

Qəvvas tək cumarıq biz oda-közə,
Qərb bizdən üsyanlar istəyir təzə,
Deyir küçələri qiyamla bəzə,
Bosslar inqilaba açar tap deyir.

Əli Kərimov:

Onları narahat etməkdə fal iş,
Xaric gözləməkdə bizdən fəal iş,
Bosslar tələb edir ancaq real iş,
Həm də eyləməyin çox da gop deyir.

İsa Qəmbərov:

Tunisdən Bin Əli çoxdan olub rədd,
Yəmənli Saleh də qoymayıbdı hədd,
Müəmmər Qəddafi, həm Bəşər Əsəd,
Veribdi əlimə uzun sap deyir.

Əli Kərimov:

Boss deyir mənalı bir hürüş keçir,
İstər nəriltiylə, ya bürüş keçir,
Dəyərli bir piket, ya yürüş keçir,
Qrantı ağzına soxum lap deyir.

İsa Qəmbərov:

Qərb dedi Misirdə şeytan, şər çapdı,
Dəməşqdə xalq üstə bir Bəşər çapdı,
Necə Səddam çapdı, Müəmmər çapdı,
Qıratı kütləyə doğru çap deyir.
Əli Kərimov:

Boss deyir nuş edin dava camını,
Deyir ölkə dadsın üsyan tamını,
Boss məsləhət görür: incit hamını,
Xalqına, millətə ver əzab deyir.

İsa Qəmbərov:

İfrat törətməli bəla, xatalar,
Radikallıq odu ara qatalar,
Boss elə deyəndə, bizim atalar
Arxı tullanmamış etmə, hop deyir.

Əli Kərimov:

Başımıza qrant ələyən bosslar,
Üsyan, qiyam deyib inləyən bosslar,
Bizlərdən hərəkət diləyən bosslar,
Sizlərə verərik hətta top deyir.

İsa Qəmbərov:

Bossları dərk eylə qəlb pultu ilə,
Kinli ol, qəlbinin pas-xıltı ilə,
Dəy yerə nərilti-gurultu ilə,
Cəsur ol, durduğun yerdən qop deyir.

Əli Kərimov:

Kütləvi aksiya özünə qalsın,
Hər lider özünə bir çarə qılsın,
Qoy bir az kədərin-dərdin dağılsın,
Odur ki, özünçün çal rübab deyir.
İsa Qəmbərov:

Səsimiz çıxmadı aman Allaha,
Bosslar da bağlayıb güman Allaha,
Nə "İP", nə "6-lar", inan Allaha,
Heç biri bosslara deyil bab deyir.

Əli Kərimov:

Qrantı dollarla bol tullayırıq,
Meydançün narıncı çul tullayırıq,
Biz sizə havadan pul tullayırıq,
Üsyanla, qiyamla ver cavab deyir.

İsa Qəmbərov:

Qərb qidanı isti, boyat verərdi,
Bəzən də sevgidə murad verərdi,
Boss deyir pul sizə həyat verərdi,
Bizimçün olardı bir savab deyir.

Əli Kərimov:

Qorxaqlıq etmişdi sizləri trus,
Baha başa gəlib sizə bu qruz,
Sizə əmrləri moskvalı rus,
Yüz il əvvəl verib fars ərbab deyir.

İsa Qəmbərov:

"İP"-i də altıya-beşə qatmamış,
Üzvləri ölüyə, leşə qatmamış,
Siqaretə xeyli nəşə qatmamış,
Əvvəl dörd-beş dəfə vur qullab deyir.

Əli Kərimov:

Ayağa qaldırıb qolumuz üstə,
Sizi saxlamışıq pulumuz üstə,
Sizin ifanızda, yolumuz üstə,
Çıxıb qarşımıza bir tüllab deyir.

Mirzə QƏRƏNFİL

Digər xəbərlər