PDF Oxu

Köşə

  • 1 500

Eldar Namazov İqbal Ağazadəni pis siyasətçi hesab edir

Eldar Namazov İqbal Ağazadəni pis siyasətçi hesab edir

Eldar Namazov:


Görünəndən azdı ağlı-kamalı,

Dalana aparır onu amalı,

Yaxşı insan kimi sayma İqbalı,

O, nə siyasətçi, nə deputatdı.


İqbal Ağazadə:


Fəlakətdi adam olada murdar,

Bundan əskiklər də duymazı vüqar,

Yaralı yerimə toxundu Eldar,

Qaysaq qopararaq onu qanatdı.


Eldar Namazov:


Hazır əl açmağa bir sail kimi,

Əyilir çox yumşaq bir naqil kimi,

Özünü göstərir o, aqil kimi,

Ancaq bəd gedişi axmaq variantdı.


İqbal Ağazadə:


Yönəlib həm mülkü, malı məqsədə,

Onunsa çevrilib dalı məqsədə,

Biz can atmaqdayıq ali məqsədə,

Eldar istədiyi ancaq qrantdı.


Eldar Namazov:


Siyasət gətirdi ona adsızlıq,

Ağzına gətirib bosslar dadsızlıq,

Yağır sifətindən istedadsızlıq,

Onda çatışmayan nemət talantdı.


İqbal Ağazadə:


Məşğul etməmişdir Eldarı məntiq,

Eybəcər adamdı, özü də əntiq,

O, ola bilmədi yaxşı bir natiq,

Səbəb boğazından çıxan qlantdı.


Eldar Namazov:


Gerçəyə dönmədi istəyi, haşa,

Arzusu-diləyi ilişdi daşa,

İqbalı tanıdan dosta-tanışa,

Blotnoy ədası, bir də blatdı.


İqbal Ağazadə:


Vacib bir sənəddə qolu olmadı,

Cibi qrantlarla dolu olmadı,

Onun irəliyə yolu olmadı,

Eldar "ANİF"-ində əbədi batdı.


Eldar Namazov:


O, elə bilir ki, yaranıb yoxdan,

İstəyir kam alsın varlıdan, toxdan,

Onsuz da ümidi sınmışdı çoxdan,

İqbalın "Ümid"i əbədi yatdı.


İqbal Ağazadə:


Elə var-gəl etdi o, boş-boşuna,

Bir xeyir çıxmadı onun tuşuna,

O, çata bilmədi mənzil başına,

Hərçənd ki, gecəni gündüzə qatdı.


Eldar Namazov:


İqbal yalnız çoxlu pulu sevirdi,

Neçə həmkarını yıxıb devirdi,

Nə qədər quruma arxa çevirdi,

Nə qədər bostana qəfil daş atdı.

İqbal Ağazadə:


Maraqlı bir şeyi o, yazammadı,

Nə bizdə heç nəyi o, pozammadı,

Eldar vəzifədə pul qazanmadı,

Bizə qoşulanda arzuya çatdı.


Eldar Namazov:


Nə ayırd etmədi əyrini-düzü,

İşə yaramadı İqbalın özü,

Dana gözü kimi dombaldı gözü,

Pul qazanmayanda həmkarı satdı.


İqbal Ağazadə:


O, səriştəsizdi, bu, günah deyil,

O, hətta adicə bir Pənah deyil,

Özü piyadadı, Eldar şah deyil,

O, bu iddiada könüllü matdı.


Eldar Namazov:


Sevir içki vursun, o, bala-bala,

Siyasət elmində gedibdi dala,

Nəsə təşkil etmək yaddı İqbala,

Bir iş gör deyəndə, o, yaxa dartdı.


İqbal Ağazadə:


"ANİF"-də bu adam göz yaşı tökür,

Eldarın üzündən şeytan, cin hürkür,

Bu yolda yaxşıyam, mənə min şükür,

Siyasət mənə yox, Eldara yaddı.

Eldar Namazov:


Bir iş görmədilər narınc donlular,

Sabah dost olurlar keçmiş qanlılar,

Məni bağışlasın adlı-sanlılar,

İqbal nə sanlıdı, nə də ki, addı.


İqbal Ağazadə:


Qoy Tanrı saxlasın bizləri sondan,

Birinci o çıxdı narıncı dondan,

Bütün radikallar incikdi ondan,

İqbal bir mənə yox, hamıya atdı.


Eldar Namazov:


O qaçdı ardınca çata bilmədim,

Əsəbdən hirsimi uda bilmədim,

Onu axtarsam da tuta bilmədim,

Mən piyada oldum, o oldu atdı.


İqbal Ağazadə:


Fırıldaq ifratlar satdılar onu,

Adi mitinqçiyə qatdılar onu,

Radikal sıradan atdılar onu,

Eldarın xörəyi lap zəhər daddı.


Eldar Namazov:


Onu tanıyan yox, adsız adamdı,

Ürəyi kibritsiz, odsuz adamdı,

İqbal səriştəsiz, xodsuz adamdı,

O, əsla olmamış heç zaman xoddu.


İqbal Ağazadə:


Bossu görən kimi qəlb çalaram mən,

Hətta gedib Qərbdə qab yalaram mən,

Radikal içində çox qalaram mən,

Eldar iflasdadı, həm də vot-votdu.


MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər