Vurğun Əyyubov:
Rəqib beyinləri min sual alsın,
İstərik ki, xaric bizdən mal alsın,
Mitinqlər, piketlər adi hal alsın,
Küçəyə-meydana dolsun kütlələr.
Tahir Kərimli:
Yük eyləmişdiniz ürəyə qəmi,
Batmışdı xəyalda minlərlə gəmi,
20 il əvvəllər olduğu kimi,
Sizi bürüyəcək yekə qəm-kədər.
Vurğun Əyyubov:
Kütlə ürəyinə dolar şeytan, şər,
Küçə-meydanları doldursaq əgər,
Elektorat bizi tam dəstəkləyər,
Bizim olacaqdır qələbə, zəfər.
Tahir Kərimli:
Sizin hər işiniz çoxdan olub bəd,
Sanki dönüb oldun əsil bədheybət,
Yalançı çağırış, şayiə, qeybət,
Ancaq tələsmisiz həm də bir qədər.
Vurğun Əyyubov:
Töküb camaatı çəkərik qiyyə,
Kütlələr də bədnam adi vurreyə,
Yüksəldi bizlərdə əhval-ruhiyyə,
"İP"-çiyik, "İP" özü sonadək gedər.
Tahir Kərimli:
Eli çökdürdünüz siz bəy əmilər,
Büdcəmiz boşaldı, yandı zəmilər,
İflasa uğrayıb sizin kimilər,
Daima bossların əlini güdər.
Vurğun Əyyubov:
Hər çağırış qiyam, hər yazı qiyam,
Bəyanat verərik, avazı qiyam,
Qiyam qaldırarıq, ən azı qiyam,
Üsyan, inqilaba qüvvəmiz yetər.
Tahir Kərimli:
Axıb qurtarmaqda artıq dolunuz,
Artıq tükənibdi cibdə pulunuz,
Çox qısa olacaq iflas yolunuz,
Sizi yarı yolda qoyacaq Qədər.
Vurğun Əyyubov:
Yellənər narıncı geyim dam üstə,
İçərik qoyaraq camı cam üstə,
Köklənərik üsyan, həm qiyam üstə,
İnqilab bağımız verəcək bəhər.
Tahir Kərimli:
Rast da gəlmisiniz bossun tuşuna,
Heç vaxt gəlmədiniz Qərbin xoşuna,
Danışıb zirvədən sizlər boşuna,
Enişdə görərsiz "İP"-i bir səhər.
Vurğun Əyyubov:
Bizə kübaryana həyat sürdürər,
Ciddi bəyanatlar çox iş gördülər,
Nəfsiniz bosslara qrant verdirər,
Bizim qəzəbimiz bədxahı didər.
Tahir Kərimli:
Hamınız məhkumsuz tutdu-yıxdıya,
Manikunyan salar sıxdı-sıxdıya,
Qərb də salar sizi gözümçıxdıya,
Yollarda-izlərdə iziniz itər.
Vurğun Əyyubov:
Bosslara bol qrant aradanlarıq,
Pisi aramızdan daradanlarıq,
Bizlər "İP"-li-"İP"-siz yaradanlarıq,
Bağlarda narıncı qərənfil bitər.
Tahir Kərimli:
Qalacan xarici bayraqlar altda,
Canın çıxacaqdı dayaqlar altda,
Sən özün düşəcən ayaqlar altda,
İsa da, Əli də alacaq xətər.
Vurğun Əyyubov:
Sənin bizim kimi baxtın da yoxdur,
Bizim iflas yöndə faktın da yoxdur,
Səsini çıxarmaq haqqın da yoxdur,
Biz betər gündəyik, sən bizdən betər.
Tahir Kərimli:
Gedib dincəldiniz həm Havayda da,
Bir arxa gördünüz hər subayda da,
Nicat axtardınız siz Dubayda da,
Guya kömək edər Bəhreyn, Qətər.
Vurğun Əyyubov:
Verə bilməzsiniz bir cavabı da,
Düşüb əlinizdən viski qabı da,
Qaçar altınızdan, hətta yabı da,
Bizdə şahə qalxar hər dürlü kəhər.
Tahir Kərimli:
Gəlin göstərməyin özünüzü tox,
Sizin hər biriniz bacarıqsız lox,
Dərinə getməyə bir lüzum da yox,
Sizi qaşılayan hər bir boss ütər.
Vurğun Əyyubov:
Yalan danışdınız yoxdu düzünüz,
Bədxahlıq içində itdiz özünüz,
Daim pis cəhəti görür gözünüz,
Biz sizdə görmədik tərpəniş, təpər.
Tahir Kərimli:
Yerlərə tökülsün bədxah ətiniz,
Gözə görünmədi əzm, diqqətiniz,
Dağıldı havada hər bir vədiniz,
Qərb yolu üstündə çoxunuz köpər.
Vurğun Əyyubov:
Çöküb önümüzdə zirvələr, diklər,
Üsyan, inqilabdı qəlbdə istəklər,
Biz Qərbdən alarıq yeni dəstəklər,
Bizim arxamızda möhkəmdi sipər.
Tahir Kərimli:
Bəhs də edirsiniz geniş plandan,
Sizi ayrı saldı gərdiş plandan,
Siz çox danışdınız yalan-palandan,
Sizin bəd yeliniz uçurub çəpər.
MİRZƏ QƏRƏNFİL