PDF Oxu

Köşə

  • 1 224

Elektorat radikalların gələcəyinə şübhə ilə yanaşır

Elektorat radikalların gələcəyinə şübhə ilə yanaşır

Nurəddin Məmmədli:


Qəribə, həm də ki, bəd amallarıq,

Düz 20 ildir ki, miskin lallarıq,

Biz çox mərhəmətli radikallarıq,

Elektorat dəstəkləyəcək bizi.


İqbal Ağazadə:


Küçəyə-meydana gəldiniz bütlə,

Dəstək qazandınız daim lüm-lütlə,

Bir vaxt arxanızca gedən o kütlə,

Daşqalaq edəcək hər birinizi.


Nurəddin Məmmədli:


Aşıb-daşmaqdadı kolbalarımız,

Sıxlaşacaq zəncir halqalarımız,

Yıxacaq inqilab dalğalarımız,

"Altılar" içində ən irinizi.


İqbal Ağazadə:


Niyyətiniz çirkli ümman dənizdi,

Əliniz gətirmir, bərəkətsizdi,

Ölünüz onsuz da hərəkətsizdi,

Kütlə məhv edəcək hər dirinizi.


Nurəddin Məmmədli:


Bizdə yaxşılaşır həmişə durum,

Sizin önünüzdə dərin uçurum,

Siz "Beşlər", "Altılar" lüzumsuz qurum,

Silməz bir adam da, heç tərinizi.


İqbal Ağazadə:


Özünüzü eldən kənar saldınız,

Elə bildiniz ki, çox ucaldınız,

Küçədə-meydanda azıb qaldınız,

Müəyyən etmədiniz öz yerinizi.

Nurəddin Məmmədli:


Sizin uğurunuz ziyana qalsın,

Alkaşa, sərxoşa, piyana qalsın,

Qoy sizin anrınız o yana qalsın,

Aşkar etmədiniz heç bərinizi.


İqbal Ağazadə:


Bir an qopmadınız öz yerinizdən,

Baş açmaq çətindi dərd-sərinizdən,

Bir dəfə soruşun liderinizdən:

"Harda gözləyərsiz öz ərinizi?"


Nurəddin Məmmədli:


Yaradan da sevmir naqis-naşını,

Saldı başınıza göydən daşını,

Nə xaric sizlərə qoşdu başını,

Bir boss da almadı heç hərinizi.


İqbal Ağazadə:


Tutdunuz ehsanda-toyda xaricdən,

İtaət sizlərdən, qayda xaricdən,

Axdı cibinizə fayda xaricdən,

Xalqa yüklədiniz öz şərinizi.


Nurəddin Məmmədli:


"6-lar" içində amal da çürük,

Daim radikala olubsunuz yük,

Opponent gözündə axtardınız tük,

Daim diyirlədiz öz tirinizi.

İqbal Ağazadə:


Qafa tasınızda çatışmır kamal,

Guya kursunuzdu ən yüksək amal,

Adınızı qoyub böyük radikal,

Daim qorudunuz öz dərinizi.


Nurəddin Məmmədli:


Yeyib dağıtdınız siz zəyə kimi,

Girdiniz meydana tam yiyə kimi,

İşlədiz xaricə xəfiyyə kimi,

Atdınız xalq üstə pas-kirinizi.


İqbal Ağazadə:


Tarixdən bir ibrət alıbsız indi,

Dərin xəyallara dalıbsız indi,

Hərəniz bir küncdə qalıbsız indi,

Satıb həm lideri, həm merinizi.


Nurəddin Məmmədli:


Qranta satdınız rütbəni, mizi,

Siz xaric önündə əydiniz dizi,

Məhv edib massaget Tomrisinizi,

Başa çəkibsiniz Qərb Kirinizi.


İqbal Ağazadə:


Bağlayıb boğaza çox qalın çatı,

Xaricdən aldınız hədsiz qrantı,

Rədd edib meydandan Dürat, Qıratı,

Çəkdniz meydana boz xərinizi.

Nurəddin Məmmədli:


Dartaraq həmişə qoşa qıçından,

Çıxardıb ordunu Şuşa-Laçından,

Tutdunuz dördəlli Qərbin xaçından,

Ayaq altda qoyub öz pirinizi.


İqbal Ağazadə:


Hərraca qoyaraq evi-eşiyi,

Satın almışdınız siçan deşiyi,

Çıxarıb meydana iti-pişiyi,

Guya sevirsiniz şıq şirinizi.


Nurəddin Məmmədli:


Qarışqasız, filə verirsiz öyüd,

Hər bir lideriniz bəhərsiz söyüd,

İndi "Altılar"da olubsuz seyid,

İrəli verərək hər mirinizi.


İqbal Ağazadə:


Qaçdınız, millətə siz ata-ata,

Gəldi əlinizdən hər cür şər-xata,

Çata bilmədiniz eşşəkdən ata,

Bərkidib qatıra yəhərinizi.


Nurəddin Məmmədli:


İş görüb siz zildən, bəzən də pəsdən,

Məqsədyönlü tərzdə, özü də qəsdən,

Götürüb ehmalca "Altılar" üstdən,

"İP"-ə yüklədiniz dərd-sərinizi.


İqbal Ağazadə:


Bu gün hər biriniz, xuliqan, cani,

"İP"-də Əli sizə olmaqda mane,

İsa da sizləri eyləmir qane,

İndi dolayırsız liderinizi.


Mirzə QƏRƏNFİL

Digər xəbərlər