Tahir Kərimli:
Başlayıb Əlinin, İsanın yası,
Müxalif qurumun çatmır havası,
"İP"-də getməkdədi lider davası,
Qurumlar istefa astanasında.
Qabil Hüseynli:
"İP" öz mövqeyində durubdu qəti,
Biz təmsil edirik müxalifəti,
Meyil, durumunuz hansı səmtədi?
Sizin bu nəticə nə əsasında?
Tahir Kərimli:
Radikal ağıza çəkilib mala,
Onu bənzətməyin yalandan bala,
Sizin qurumlar da qaldılar dala,
Batdınız radikal fırtınasında.
Qabil Hüseynli:
Qədəmlərin gödək, qısadı qolun,
İlişdin yanında daim kos-kolun,
Vəhdətdə həmişə daralıb yolun,
Başını itirdin gen trasında.
Tahir Kərimli:
Məgər azmı atdıq sizin mitili?
Sizləri çox sancdı bizim ditdili,
Həmişə atanda sizlər dütdülü,
Vəhdət çox udubdu nərtaxtasında.
Qabil Hüseynli:
İndi dəyişibdi büsbütün siman,
Daim başın üstə asıldı duman,
Vəhdətin beş yerə bölünən zaman,
Müsavat çox dartdı öz trosunda.
Tahir Kərimli:
Yararlı olmamış dar Kuzbass yolu,
"İP" də yaşamaqda son iflas yolu,
Müsavat güdürdü bir xilas yolu,
"Yurd" boğulan vaxtda Əli tasında.
Qabil Hüseynli:
"Yurd" özü, Müsavat bir an yatmadı,
Sizi dirəngə də heç oyatmadı,
Vəhdət də tez çökdü, sona çatmadı,
Yəqin duz çox olub nəhs yarasında.
Tahir Kərimli:
Qurum çıxmayıbdı sizin sıradan,
Sizə şans vermədi qadir Yaradan,
Artıq "İP" də sönüb çıxır aradan,
Sizləri görmədik ön sırasında.
Qabil Hüseynli:
Xoş ovqat, hətta ev-eşikdə yoxdu,
İziniz-tozunuz deşikdə yoxdu,
Sizin təmsilçilər beşlikdə yoxdu,
Adınız çəkilmir on arasında.
Tahir Kərimli:
Xalqı isitmədi ürək odunuz,
Sübut olunmadı istedadınız,
Pis siyasətçi tək çıxdı adınız,
Batdınız xaricin pul-parasında.
Qabil Hüseynli:
Yer tuta bilmədin ön lider kimi,
Oldun ölülərə tən lider kimi,
Silindin tarixdən sən lider kimi,
Vəhdət öləzidi köz qorasında.
Tahir Kərimli:
Çökdü əksinizə tamam vəziyyət,
Siz "İP"-də çəkdiniz daim əziyyət,
Gerçəyə dönmədi radikal niyyət,
Söndünüz zülmətin zil qarasında.
Qabil Hüseynli:
Xaricə uzanır radikal əli,
Qalıb çox liderlər ikitirəli,
Əli hətta bu gün gedir irəli,
İsa önə çıxıb basa-basında.
Tahir Kərimli:
Dərin xəyallara dalmaqda Əli,
Həyəcan təbili çalmaqda Əli,
Xaricdən təlimat almaqda Əli,
De, nə var İsanın boş qafasında?
Qabil Hüseynli:
Bir sənsən meydanda qalan hərif tək,
İsa da səslənir "İP"-ə rədif tək,
Şikayət etməmiş Əli zəif tək,
Var nicat zərbəsi İsa kosunda.
Tahir Kərimli:
Son vaxtlar heç biri tərpənmədi bic,
Əlinin üzünə həsrətdi ülgüc,
İsa görməyəndə gerçəklikdə güc,
Axtarıb əlacı falda-ovsunda.
Qabil Hüseynli:
Sən indi tənhasan, bizə az iliş,
Sınıbdı ağzında sənin neçə diş,
Olmadı heç zaman irəliləyiş,
Qaldın əlamanda, xosun-xosunda.
Tahir Kərimli:
"İP" özü qan qusa-qusa alçaldı,
Əli də adi bir lisa, alçaldı,
Zirvədə olmayan İsa alçaldı,
Önündə diz çökdü o, Qrossun da.
Qabil Hüseynli:
Açıq de, Qərb sevib hansı dəlini?
Artıb yekəlməkdə qrant yelini,
Əlində gəzdirir xaric Əlini,
İsaya hörməti artıb bossun da.
Tahir Kərimli:
Zaman yıxmaqdadı onlarla kəli,
Çox bəd gətirmişdi onun əvvəli,
Əli də, şübhəsiz, olacaq dəli,
İsa dəmlənəcək "İP"-in yasında.
Qabil Hüseynli:
Daim qovruldunuz əzab içində,
"İP" də, "Altılar" da savab içində,
Vəhdətin qalmışdı çirkab içində,
İtib-batmışdın sən özün yosunda.
Mirzə QƏRƏNFİL