PDF Oxu

Köşə

  • 1 111

İcazəsiz aksiyalar vətəndaşların rahatlığını pozur

İcazəsiz aksiyalar vətəndaşların rahatlığını pozur

Tahir Kərimli:


Məşğul etməkdədi səni böhtan, şər,

Yaxşı işlər görün, bədxahlıq yetər,

Kütləvi aksiya mitinq, piketlər,

Keçirilməlidir şəhərdən kənar.


Qabil Hüseynli:


"İP"-in yeni üzvü sıravi Cəfər,

Elə mən özüm də edərik səfər,

Ora cəlb olunar iki-üç nəfər,

Bu cür aksiyayla radikal yanar.


Tahir Kərimli:


Partlamaqdasınız hiddətinizdən,

Yararlanan yoxdu qeyrətinizdən,

Bezərək lüzumsuz söhbətinizdən,

Qəzəbli əhali sizləri danar.


Qabil Hüseynli:


Bir az süfrə açıb qılığa girsək,

Gələn kütlələrə araq içirsək,

Mərkəzi meydanda mitinq keçirsək,

Söz verib ki, gəlib oxuyar Tunar.


Tahir Kərimli:


Çox yaxşı tanıyır adamlar sizi,

İçib, danarsınız duzlu dənizi,

Çox dondurmusunuz vəzifənizi,

Soyuq nitqinizdən kütlələr donar.


Qabil Hüseynli:


Kütləvi aksiya bizimçün peşə,

Küçədə kütlələr sanki bir meşə,

Mərkəzi meydanda çıxıb yürüşə,

Bizi elektorat çox yaxşı qanar.


Tahir Kərimli:


Liderlərin tənbəl, sıravilər loş,

Son illər gününüz heç də keçmir xoş,

Sözsüz ki, boss sizi qoyub cibiboş,

Mitinqə gələnlər cibinə qonar.


Qabil Hüseynli:


Boss verən qidanı qarına tıxsaq,

Qarşıya keçəni uçurub yıxsaq,

Şəhər kənarına mitinqə çıxsaq,

Gələn bizi tapmaz əlində fanar.


Tahir Kərimli:


Əlimdən aldınız paramı belə,

Qapdınız havada haramı belə,

Sizdə yox erməni dramı belə,

Sizin elektorat istəyər dinar.


Qabil Hüseynli:


Qoy "İP"-ə boylansın bortdan, boylular,

Pənahımız yalnız xortdan boylular,

Gəlmir tədbirlərə cırtdan boylular,

Bizi sevənlərin boyları çinar.


Tahir Kərimli:


Çıxacaq aradan sizin Cəfər də,

İştirak etməzsən sən də səfərdə,

Gəlməz mitinqlərə bircə nəfər də,

Qəm-kədər içində ürəyin sınar.

Qabil Hüseynli:


Mitinq-piketlərə artmaqda maraq,

Daim işimizdən ilham alaraq,

Gələcək nəsillər yada salaraq,

Bizim "İP"-imizi korifey sanar.


Tahir Kərimli:


"İP"-in sırasında həddən çox şəkçi,

Əsla yaxın düşməz əsil məsləkçi,

Sizi bir zamanlar sevən dəstəkçi,

Əllərinə çatan pulları sanar.


Qabil Hüseynli:


Mitinqlərdən əvvəl istərəm yatam,

Rəğbət göstərməkdə Temirxan, "Madam",

Bizim aksiyaya gələn hər adam,

"İP"-in mitinqində qəlbən şadlanar.


Tahir Kərimli:


Ziyanınızasa çox nəhsi gedir,

Demə lehinizə bir bəhsi gedir,

Mitinqlərinizdən zəhləsi gedir,

Bunu mətbuatda söyləyib Anar.


Qabil Hüseynli:


Tərs qapaz alardı faydana girən,

Sizsiniz iblisə, şeytana girən,

Bizim piketdə də meydana girən,

Natiq olmasa da, burda xodlanar.

Tahir Kərimli:


Delikatesiniz siyənək olar,

Orda nəsibiniz dəyənək olar,

Qulaqlar uzanıb döyənək olar,

Yalançı vədlərdən ürək odlanar.


Qabil Hüseynli:


Qranta bağlıdı, bil, saman davam,

Səninlə olmamış heç zaman davam,

Kənarda qalanlar əbədi avam,

Tribunaya çıxan natiq adlanar.


Tahir Kərimli:


Sizdə ehtiraslar tez sönər ancaq,

Bir qismi faydasız gücənər ancaq,

Çoxusu yalandan bəzənər ancaq,

Onların bir qismi nazla modlanar.


Qabil Hüseynli:


Sənin Vəhdətində çıxar ələkçi,

Ya da körpələrçün nadir bələkçi,

Bizlərdən çox uzaq olan dəstəkçi,

Aksiya eşidib dərhal atlanar.


Tahir Kərimli:


Siz dalda qoyarsız "raketi", inan,

Əsil sayarsınız maketi, inan,

"İP"-in aksiyası, piketi, inan,

Semiçka tumu tək çox tez çıtlanar.


Qabil Hüseynli:


Yaxşı üzvlərdir gözümə dəyən,

Qıvraq olar hər boss çörəyi yeyən,

Bizi sözdə deyil, qəlbən istəyən,

Hər bir çətinliyə dözüb qatlanar.

MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər