PDF Oxu

Köşə

  • 1 246

Müxalifət payızda bir mitinq də keçirə bilməyib

Müxalifət payızda bir mitinq də keçirə bilməyib

Nurəddin Məmmədli:


Biz ki, yola düşdük, olluq səfərlik,

Uğur özümüzdə, deyil Cəfərlik,

Mitinq keçirərik beş min nəfərlik,

Şəhərin ən böyük bir meydanında.


Əhməd Oruc:


Əgər tələssəniz üz qəza verər,

Siz israr etsəniz, el cəza verər,

Mer özü mitinqə icazə verər,

"Motodram" adlanan məkan yanında.


Nurəddin Məmmədli:


Açılar qarşıda qapı-bacalar,

Bizi təqib edər ancaq ucalar,

Kütlə hayqırtısı ərşə ucalar,

Bu, xoşuna gələr həm şeytanın da.


Əhməd Oruc:


Artıq sizə boss da vermir heç yemək,

Nəticəsi yoxdu, çəksən də əmək,

Tərəqqi, büsatı görmürsən demək,

Hardandı bu məkr sənin qanında?


Nurəddin Məmmədli:


Bu gün dəmirdəndi "İP"-də hər şüşəm,

İndi səni çətin mən başa düşəm,

Biz mitinq keçirrik azman, möhtəşəm.

Get otur özünün məhdud qınında.


Əhməd Oruc:


Nahaqdan günləri, ayı sayırsan,

İnanaram bədxah bir iş qayırsan,

Bizə uğursuzluq arzulayırsan,

Bir məkr, hiylə var cılız canında.

Nurəddin Məmmədli:


Nahaqdan yaxına gəlirsən özün,

Özünün işinə gülürsən özün,

Qadir "İP"-çilərik, bilirsən özün,

Alarıq canını xoruz banında.


Əhməd Oruc:


Bir uğur görünməz uzun söhbətdə,

Başınız hələ də dava, qeybətdə,

Mitinqi keçirin "Bibi-Heybət"də,

Yanında gen yer var Zığ, Hövsanın da.


Nurəddin Məmmədli:


Süqut həddindədi uğursuz dəmin,

Batmaqda həm "DUİ" adlanan gəmin,

Gözü kəlləsinə çıxacaq Semin,

Marağı artacaq həm İvanın da.


Əhməd Oruc:


Sizə kələk gələn hər dəli müsbət,

Demə ki, həm İsa, həm Əli müsbət,

Olmamış qurumun əvvəli müsbət,

Quru heykəl qalar "İP"-in sonunda.


Nurəddin Məmmədli:


Bizi saya salmırıq sən tək pöhrəni,

Gəlmədi əlindən uğur törəni,

Yuxuda mitinqdə gördüm çöhrəni,

Göründün gözümə İblis donunda.

Əhməd Oruc:


Qıdığı da tutur sizdə ölünün,

Üzv həmkarların biri tülünün,

Suyu quruyubsa Aral gölünün,

Bu, başına gələr Miçiqanın da.


Nurəddin Məmmədli:


Finala qurumla qoşa çatanda,

Uduzdun, münasib yaşa çatanda,

Aksiya uğurla başa çatanda,

Sözsüz ki, açılar sənin donun da.


Əhməd Oruc:


Xarici tərrədər aksiyanız da,

Hamını çərrədər aksiyanız da,

Xırda meh törədər aksiyanız da,

Qarşısı alınar bərk tufanın da.


Nurəddin Məmmədli:


İlan tək yerində möhkəm qıvrılar,

Sənin kimilər də dərddən qovrular,

"İP"-in mitinqinin külü sovrular,

Açarı tapılar həm qafanın da.


Əhməd Oruc:


Əlinə çatmadı bossların payı,

Hazırdır deməyə haylara dayı,

Artmazdı mitinqdə adamın sayı,

Meydana çıxsaydı həm cananın da.

Nurəddin Məmmədli:


Yaxından özünə baxaydın azca,

Liberal olmadın "İP"-də sən qazca,

İllərlə süründün sən arxamızca,

Bir artım olmadı heç ad-sanında.


Əhməd Oruc:


Səni sırıdılar badam yerinə,

Naqis liberalsan, qadam yerinə,

Bir lider qoymadı adam yerinə,

Köməyi olmadı əhd-vəfanın da.


Nurəddin Məmmədli:


Dedin ki, önündə yollar açılar,

Sənə gün ağlayar həmkar bacılar,

Bircə sənə qaldı ağrı-acılar,

Bilmədin dadını sövq-səfanın da.


Əhməd Oruc:


İşin pis deyildi cəbhədə önlər,

İndi Müsavatda ruhun da inlər,

Səndən uzaq oldu sevincli günlər,

Dadını çox gördün hər cəfanın da.


Nurəddin Məmmədli:


Yolunu uğursuz eylədi gərdiş,

Rəzillik yolunda sındırıbsan diş,

Dəyməz bir qəpiyə apardığın iş,

Çoxlu səhvlər gördüm həyəcanında.


Əhməd Oruc:


Hələ ki, uğurlu bir tasın yoxdu,

Şirinlik verməyə monpasın yoxdu,

Cənubu tapmırsan, kompasın yoxdu,

Qalmısan çöllüyün biyabanında.


Mirzə QƏRƏNFİL

Digər xəbərlər