Rauf Arifoğlu:
Onun həm də dərdi-əzabı artıq,
Kəkələməkdədi xitabı artıq,
Bağlanıb İsanın kitabı artıq,
Çoxalıb postuna göz dikən gözlər.
Vurğun Əyyubov:
Başqanlıq postuna şərik Hacıyev,
Türmədə əsəbi gərib Hacıyev,
Arzu Səmədbəyli, Arif Hacıyev,
İsadan könüllü istefa gözlər.
Rauf Arifoğlu:
Sarıb Müsavatı tifil hücumu,
Səfilə layiqdi səfil hücumu,
Görəndə bu qədər qəfil hücumu,
İsa da dərdini qəlbində gizlər.
Vurğun Əyyubov:
Son məqamda gəlib axıra düşüb,
20 ildən sonra axura düşüb,
İsanın gözləri çuxura düşüb,
Başı xarab olub, bükülüb dizlər.
Rauf Arifoğlu:
Ağzını açanda tökülür qatıq,
Şəkəri qalxıbdı, ordları batıq,
İsa əski kimi köhnəlib artıq,
Bosslar onu qoyub, bizləri bizlər.
Vurğun Əyyubov:
İsa dözə bilmir heç tablayaraq,
Gərək biz günləri hesablayaraq,
Arifi, Arzunu qabaqlayaraq,
Gərək posta doğru yönələk bizlər.
Rauf Arifoğlu:
Bəd gündə dəyibdi zərbə dostlara,
Artıq etibar yox körpə dostlara,
Tuşlanıb səmtimiz Qərbə, bosslara,
Qrantlara doğru aparar izlər.
Vurğun Əyyubov:
Boss yeməyi keçmir nəfəs borumdan,
Başqanlıq həvəsi getmir şüurumdan,
İstərlər əkilsin tezcə qurumdan,
Onlar kabus kimi İsanı izlər.
Rauf Arifoğlu:
Bir boss da əlinə vermir bir kasa,
Əlindən çıxmaqda tutduğu masa,
Dördəlli yapışıb postundan İsa,
İndi kəsərsizdi lüzumsuz sözlər.
Vurğun Əyyubov:
Orda Jirinovski, burda Sem dayı,
Yaman şirinləşib indi boss payı,
Posta göz dikənin artmaqda sayı,
Başqanlıq üstündə cəmləşib həzzlər.
Rauf Arifoğlu:
Başqan yorulubdu, bu, bizə bəlli,
Xəz köynək tikərdim mən ona güllü,
İstefa versəydi İsa könüllü,
Bax, bu hal bizlərdə gəlişi tezlər.
Vurğun Əyyubov:
Süzülüb gedibdi qəlbinin bağı,
Mütəmadi sancır onun dalağı,
Qurumda çəkməkdə İsa gözdağı,
Onun sinəsinə basılıb közlər.
Rauf Arifoğlu:
İsa dönüb olub bir sümük-dəri,
Onu sevməyənlər ondan betəri,
Deyirlər İsaya çatar gücləri,
Sayır özlərini şah yıxan ferzlər.
Vurğun Əyyubov:
Nitqi də tükənib, qısalıb dili,
Standartdan artıq nazilib beli,
Postdan qopmaz İsa diriykən ölü,
Sancılıb köksünə neştərlər, kürzlər.
Rauf Arifoğlu:
İndi Müsavatda şuluqdu işlər,
Bir fayda da vermir Qərblə görüşlər,
İsanın postuna qıcanıb dişlər,
İçi mən qarışıq bozarıb üzlər.
Vurğun Əyyubov:
Həvəslə bu postu tutandı Pənah,
Bizim namizədlər qoysaydı hərgah,
İsa istefaya gedir, ay Allah,
İndi qan ağlayır dərələr, düzlər.
Rauf Arifoğlu:
İndi Müsavatda postda yuva dar,
Namizəd gözü kor, qulaqları kar,
Bosslar da çıxardı ona havadar,
Onu dəstəklərdi cümleyi-ərzlər.
Vurğun Əyyubov:
İndi möhtac qalıb başqan, postuna,
Dram alıb çıxar İşxan postuna,
Onlar çıxan kimi başqan postuna,
Deyirlər dəyişər həyatda tərzlər.
Rauf Arifoğlu:
Son dəfə oturub fikrə dalırlar,
Öz əməllərindən razı qalırlar,
Artıq bu başqanı yola salırlar,
İsa yolu üstdə bağlanıb dərzlər.
Vurğun Əyyubov:
Canlara vəlvələ salmaq istəyir,
Bədxahlardan qisas almaq istəyir,
İsa öz yerində qalmaq istəyir,
Arxa plandadı gümanlar, fərzlər.
Rauf Arifoğlu:
Qərbdə azalmaqda bossların sayı,
Bunlara erməni olubdu dayı,
Elə İsa özü onların tayı,
Maskalı sifətlər çürümüş bezlər.
Vurğun Əyyubov:
Gərək mən İsanı ağ bezə büküm,
Namizədlərlə də itidi hökm,
İsa getməlidi, qətidi hökm,
Əsəblər gərilib, qabarıb hirslər.
Mirzə QƏRƏNFİL