PDF Oxu

Köşə

  • 1 327

Müxalifətin birləşə bilməməsinin səbəbi lider məsələsində fikir müxalifliyidir

Müxalifətin birləşə bilməməsinin səbəbi lider məsələsində fikir müxalifliyidir

Yusif Bağırzadə:


"İP"-də, həm "5-lər"də batıbdı gəmi,

Keçmiş liderlərin artıbdı qəmi,

Mən özüm bir sadiq AMİP-çi kimi,

Nə İsa, nə Əli tərəfdarıyam.


Qiyas Sadıxov:


Həm İsa, həm Əli doymaz bir gödən,

Pənahın özü də sırf maraq güdən,

AXP-nin sədri olduğum gündən,

Çətin ki, özümə lider arayam.


Yusif Bağırzadə:


Köhnələr təzəyə olmazlar çətir,

Etibar yanımda mənim heç nədir,

Xoşbəxtəm AMİP-də olmuşam sədr,

Demədim ki, irin verməz yarayam.


Qiyas Sadıxov:


Qərb bir İsa boyda günah sındırdı,

Əli eynicinsli nigah sındırdı,

Bütün qıfılları Pənah sındırdı,

Qapı-pəncərəsi bağlı sarayam.


Yusif Bağırzadə:


Qərbin kanalından keçmir mal, mülk, var,

Radikal qurumun dəhlizləri dar,

Heç nə qazanmadı bizim Etibar,

Təpədən-dırnağa bildi parayam.


Qiyas Sadıxov:


"İP" böyük olsa da, problemi çox,

"Yurd"da, Müsavatda lider deyil tox,

AXP-də, hətta möhtəşəmlik yox,

Çətin ki, Pənahla burda yarıyam.


Yusif Bağırzadə:


Etibarı yaxın buraxmadı "İP",

Məni sədr qoysa da, heç dolmadı cib,

AMİP-də üç dəfə sədr dəyişib,

Növbəti sədr üçün yalnız forayam.


Qiyas Sadıxov:


Gəlsin uzaqlardan Pənah səsi, hə,

Meydanda sevmədim heç bir kəsi, hə,

Mən adi AXP tənzimçisi, hə,

Müvazinət üçün adi tarayam.


Yusif Bağırzadə:


"İP"-də davam edir lider davası,

İsinmir, "5-lər"in heç də yuvası,

Başımda var, sözsüz, lider havası,

Ancaq mən AMİP-də quru harayam.


Qiyas Sadıxov:


"İP"-in qarşısında vüqarı qırıb,

Özü AXP-ylə ilqarı qırıb,

Pənah sədrliyi mənə tapşırıb,

Divara vurulmuş adi korayam.


Yusif Bağırzadə:


Bir çox radikalın əyilib mostu,

Yoxdu Etibarın əbədi dostu,

Tutmağa heyim yox daimi postu,

Tezcə dəyişəcək adi sırayam.

Qiyas Sadıxov:


Küncdə yesə belə darı, Şəmistan,

Tənəffüs də vermir barı, Şəmistan,

Pənah çox amansız Sarı Şəmistan,

Mən isə önündə adi Gərayam.


Yusif Bağırzadə:


Çox olub AMİP-də əziyyətim də,

Fəal sədr kimi qətiyyətim də,

Etibardan pisdi vəziyyətim də,

Lider tək çox dərdə özüm çarayam.


Qiyas Sadıxov:


Radikalın işi olub qarışıq,

Biri o birinə uzadır qaşıq,

Pənahın yolunda həm bir gur işıq,

Həm də AXP-də yanar çırayam.


Yusif Bağırzadə:


Bakı, Gəncə, Yevlax, həm Şəki lider,

İtirir ətində çox çəki lider,

Bir araya gəlmir heç iki lider,

Mən özüm təklikdə böyük şurayam.


Qiyas Sadıxov:


"İP"-in "KŞ"-sində yıxıbdı kömə,

Pənah burda məni qoyubdu dəmə,

Səsimin zili də dönübdü bəmə,

Havaya tuşlanan cılız "ura"yam.

Yusif Bağırzadə:


"İP"-çi liderləri top da oyatmır,

Son vaxtlar Etibar nədənsə yatmır,

Uzalı əllərim "İP"-ə də çatmır,

AMİP-də sağalmaz şişkin xorayam.


Qiyas Sadıxov:


Əli də, İsa da, lap çoxu deyir,

Pənah itirmişəm mən oxu deyir,

Gəlib-gedəndə də tez oxu deyir,

Elə zənn edir ki, Türkan Şorayam.


Yusif Bağırzadə:


Elə liderlər var adi balqabaq,

Çox lider kürsüdə olubdu dabaq,

Saymaqda özünü Etibar qabaq,

AMİP maşınında arxa farayam.


Qiyas Sadıxov:


Qoyardım mən onu qumara, olsa,

Adı götürərdim bir çara olsa,

Əlbəttə, cibində pul-para olsa,

Pənahın cibini gərək darayam.


Yusif Bağırzadə:


Dayanmazdım əsla cip arasında,

İsa, Əli adlı tip arasında,

Özüm Etibarla "İP" arasında,

Müəmmalı keçid, adi arayam.


Qiyas Sadıxov:


Bir sözlə, o, xoruz, mən cavan beçə,

Pənah bir bədheybət, mən adi cücə,

Malik olmamışam möhtəşəm gücə,

Pənahın əlində ora-burayam.


Mirzə QƏRƏNFİL

Digər xəbərlər