PDF Oxu

Köşə

  • 1 284

İsa Qəmbərovla Əli Kərimovun dueti

İsa Qəmbərovla Əli Kərimovun dueti

İsa Qəmbərov:


Vəziyyət olsa da "İP"-də nataraz,

Əli ilə mənim daim kefim saz,

Bizdə də müsəlman qanı var bir az,

Üsyan qaldırarıq ərəblər kimi.


Əli Kərimov:


Biz təpər görmürük əsla Pənahda,

Çünki qulağacan batıb günahda,

Olarıq könüllü biz bir cinahda,

Çalsaq da dostları əqrəblər kimi.


İsa Qəmbərov:


Nəimi, Nəsimi, Mənsur, Fəzlüllah,

Dedilər şüurla insan tam Allah,

Biz də baş işlədib, əstəğfürullah,

Dünya yaradarıq Tanrı, Rəbb kimi.


Əli Kərimov:


Boss bizim, biz isə bossların tayı,

Yolu keçməliyik biz də dolayı,

Suriya, Liviya, Misir olayı,

Zirvəyə ucaldar bizi təb kimi.


İsa Qəmbərov:


Boşalan qabları təmiz yalarıq,

Düşəndə həm bossu, Qərbi yolarıq,

Biz də hər zəncirdən azad olarıq,

Yellə göyə uçan bir vərəq kimi.


Əli Kərimov:


İşləsək, olar boss, həm də Qərb nəcib,

O zaman xaric də dolduracaq cib,

Küçəyə, meydana qayıtmaq vacib,

Lüzumlu, ya da ki, bir gərək kimi.

İsa Qəmbərov:


Gözaltı edərək göz yerimizi,

Üzüsulu billik üz yerimizi,

Müəyyən edərik öz yerimizi,

Sinədə çarpınan bir ürək kimi.


Əli Kərimov:


Boss da verər bizə sığallı ağ at,

Pul allıq, xaricə satıb qarağat,

Bossların önündə durub farağat,

Qələmə düşərik bir zirək kimi.


İsa Qəmbərov:


Qorxutmaz nə boran, nə də qar bizi,

Boss bilir özünə sadiq yar bizi,

Enlidi, çox yaxşı qoruyar bizi,

Biz tapa bilmərik bu kürək kimi.


Əli Kərimov:


Daim yad edərik vacib assı biz,

Niyə itiririk o, Qrossu biz?

Təmsil etməliyik hansı bossu biz?

Baxanda üzünə bəs görən kimi?


İsa Qəmbərov:


Xeyli cilovlarıq qəzəbi, kini,

Şən cücələr kimi dənlərik dəni,

Qarşıya atılan boss ruzisini,

Yalayaq əməlli duz-çörək kimi.

Əli Kərimov:


Daim başımızı qaşıyırıq biz,

Axı Qərblə dost tək yaşayırıq biz,

Guya problemi daşyırıq biz,

Edib çiynimizi bir xərək kimi.


İsa Qəmbərov:


Gələrik xaricin rast yardımına,

Ehtiyac çoxalıb dost yardımına,

Əl açıb həmişə boss yardımına,

Verrik çiynimizi bir dirək kimi.


Əli Kərimov:


Çoxları ayağa üzü sürtür ki,

Biz qrant alanda bədxah pörtür ki,

Bosslar da qapını açıb-örtür ki,

Qapıdan içəri cəld girək kimi.


İsa Qəmbərov:


Daim biz xaricə gedək çaparaq,

Bol qrant almasaq, tufan qoparaq,

Özümüzü orda elə aparaq,

Qərbin ağacından bar dərək kimi.


Əli Kərimov:


Bizimki barmenlik, bar da saqilik,

Qərbə və bosslara bağlı naqilik,

Bizlər çox ağıllı, həm də aqilik,

Özünü göstərən çox sərək kimi.

İsa Qəmbərov:


Qərbin yanında biz dönmərik şirə,

Beş-üç dəfə azdı, azı on kərə,

Bizə qrant verən boss keçən yerə,

Özümüzü yerə tez sərək kimi.


Əli Kərimov:


Təslim edilərək bez, çul qismində,

Pul ala bilərik çox pul qismində,

Hansısa lideri biz qul qismində,

Qərbin qabağına tez verək kimi.


İsa Qəmbərov:


Qərbi özümüzə yiyə bilərik,

Pul alıb, çox sağ ol deyə bilərik,

Əlbəttə, nuş edib yeyə bilərik,

Bossun zəqqumunu biz xörək kimi.


Əli Kərimov:


Sən öz qurumunla geri qal axsa,

Qrantın yerinə allam araqsa,

Qərb bizə daha çox qrant buraxsa,

Bossa bağışlarıq biz çərək kimi.


İsa Qəmbərov:


Gözümə "5-lər" də gəlməkdədi loş,

Mənə ancaq qrant, dollar gəlir xoş,

"İP"-də danışırlar o qədər boş-boş,

Səs-küydən tutulub qulaq dəng kimi.


Əli Kərimov:


Daimi möhkəmlənir mənim "İP" qalam,

Get-gedə azalır dövrəmdə qulam,

Təklikdə mən özüm daha fəalam,

Radikal dəyməkdə gözə ləng kimi.


Mirzə QƏRƏNFİL

Digər xəbərlər