Pənah Hüseynov:
Görmədim sənin tək üstünə qoyan,
Ləyaqətin olsun, ay adam, dayan,
Otursun yerində şayiə yayan,
"İP" hazırda əsil güc mərkəzidi.
Sərdar Cəlaloğlu:
Çox da eşələmə, bünövrə qırıq,
İndi "İP"-də qopub tufan, qışqırıq,
Otur AXP-ndə, basma fısqırıq,
Ora güc yox, əsil gic mərkəzidi.
Pənah Hüseynov:
Pərgarsan badalaq atmaqda, pəldə,
Çox asıb-kəsirsən bu gəlhagəldə,
Burda kəsilməkdə əməl də, əl də,
Çünki "İP" olubdu ülgüc mərkəzi.
Sərdar Cəlaloğlu:
Hər dəfə özünün yükünü çəkər,
"İP" geri qalıbdı, fırlanır təkər,
Məni hövsələdən çıxarsan əgər,
Onları sayaram mən bic mərkəzi.
Pənah Hüseynov:
Bura qayıdandan unutdum qəmi,
Qurum xatırladır mənə xoş dəmi,
Radikal fərdlərin "İP" bir həmdəmi,
Son 20 ildə ən dinc mərkəzi.
Sərdar Cəlaloğlu:
Qaraya çevirib qurum ağ yeri,
"İP"-in qalmayıbdı indi sağ yeri,
Bura QHT-nin yığıncaq yeri,
İsayla Əliyçün girinc mərkəzi.
Pənah Hüseynov:
Özünü bənzətmə pələngə, şirə,
Ümidini bağla haqqa, Qədərə,
Sən özün bilərsən, bələn kədərə,
Bizimçün bu qurum sevinc mərkəzi.
Sərdar Cəlaloğlu:
Bosslar atlı olub, sizlər piyada,
Başınız üstündə hələ qan-qada,
"Cırtdan"a dönübsən sən də, İsa da,
Ora "cırtdanlar"çün bir künc mərkəzi.
Pənah Hüseynov:
Get, soyuq havada bir xeyli üşü,
Gizlət sifətində soyuq gülüşü,
Kənara qoyuram qızıl-gümüşü,
Razılaş, "İP" olub bürünc mərkəzi.
Sərdar Cəlaloğlu:
Sizə getdi çoxlu ölkə güzəştə,
Siz isə etdiniz kölgə güzəştə,
Bir az da gedərək bəlkə güzəştə,
Dilinlə deyəsən, "İP" tunc mərkəzi.
Pənah Hüseynov:
Əhvalımız olub çox qəliz yəqin,
Azalıb daraqda həm giliz yəqin,
Qulunclar qatmaqda "İP"-i biz yəqin,
Tezliklə edərik qulunc mərkəzi.
Sərdar Cəlaloğlu:
Sizlərdə yaranıb biganə istək,
Ən ali istəkdi şəhanə istək,
Mən orda olanda yeganə istək,
"İP"-i etmək idi tam pənc mərkəzi.
Pənah Hüseynov:
Genəlibdi burda xeyli bacalar,
Bura gələn gənclər qalıb ucalar,
Bizdə istefaya çıxır qocalar,
"İP" əməlli-başlı bir gənc mərkəzi.
Sərdar Cəlaloğlu:
Qururmda açsanız yeni bir kilsə,
Ermənipərəstlə ara düzəlsə,
Sizə ermənidən qrant çox gəlsə,
Qurum dönüb olar bir "inç" mərkəzi.
Pənah Hüseynov:
İndidən deyirik sənə vidanı,
Atırıq ardınca dərdi-qadanı,
Toplayıb bosslardan gələn qidanı,
"İP"-də düzəldərik bir linç mərkəzi.
Sərdar Cəlaloğlu:
İndi içinizdə artıbdı ağrı,
Daha sən gözləmə, əsla, uğuru,
"İP"-in yönəlibdi iflasa doğru,
Gəlib dərd üstünə kədər mərəzi.
Pənah Hüseynov:
Yenə də bizlərə batmaqda dişin,
Xoşuma gəlmədi sənin gəlişin,
Sənin yaxşılıqla olmamış işin,
Əsla, sən unutma kini, qərəzi.
Sərdar Cəlaloğlu:
Gəlib payınızı xaric böləcək,
Sizin üzünüzə gülər gələcək,
"İP"-də çox oturmaq lazım gələcək,
Boss qidası üstə çox at çərəzi.
Pənah Hüseynov:
Dirçəldər bir meyvə-qarğat bizi,
Liderlər saxlayır farağat bizi,
Mövqeyin eyləmir narahat bizi,
Qurumdan razıyıq biz əlqərəzi.
Sərdar Cəlaloğlu:
Aralı düşübdü özündən masan,
Başına enibdi iri boss kasan,
Sən özün quruyub arıqlayıbsan,
Dadına çatardı qırıq tərəzi.
Pənah Hüseynov:
Getmir nə Muğana, Milə Etibar,
Götürmür "İP" kimi şələ Etibar,
Sizdən kənar qaçır hələ Etibar,
Lalə də buraxmır "İP"-ə Əvəzi.
Sərdar Cəlaloğlu:
Yenə siz başlayın qulam verməyə,
Xaric hazırlaşır xlam verməyə,
Sizə bu qurumda salam verməyə,
Bəlkə də Qrossun gəldi nəvəsi.
MİRZƏ QƏRƏNFİL