Əli Kərimov:
Həmkarlar məni də "Yurd"dan atacaq,
Lider cərgəsinə mütləq qatacaq,
Səndən sonra növbə mənə çatacaq,
Amandı, İsa bəy, postunu atma.
İsa Qəmbərov:
Qrantı bosslardan özüm alaram,
Daha iri qablar dibi yalaram,
Müsavatda vahid lider olaram,
Üz vurma, Əli bəy, mən gedər oldum.
Əli Kərimov:
Məni əzizləyən bir bəyim yoxdu,
Ciddi bir əməlim, bir səyim yoxdu,
Sədrlikdən getmək istəyim yoxdu,
Amandı, İsa bəy, postunu atma.
İsa Qəmbərov:
Çox etdim Qərb cibi mən ələk-vələk,
Gələ bilməmişəm bir üzvə kələk,
Həyata keçmədi bir arzu-dilək,
Üz vurma, Əli bəy, mən gedər oldum.
Əli Kərimov:
Sənə gəlsə belə adi iş kimi,
Qəlbim gizildəyər göynər diş kimi,
Bu, qəbul edilər pis vərdiş kimi,
Amandı, İsa bəy, postunu atma.
İsa Qəmbərov:
Məni dirigözlü batil edərlər,
Qırıb ayağımı, həm şil edərlər,
Qurultayda məni mitil edərlər,
Üz vurma, Əli bəy, mən gedər oldum.
Əli Kərimov:
Mən təkid etdikcə, gəl daza vermə,
Tormozla dedikcə, sən qaza vermə,
Məni dirigözlü güdaza vermə,
Amandı İsa bəy, postunu atma.
İsa Qəmbərov:
Yığdığın gümüşü bürünc eyləmə,
Bossu da, Qərbi də girinc eyləmə,
Özünü cəbhədə gülünc eyləmə,
Üz vurma, Əli bəy, mən gedər oldum.
Əli Kərimov:
Ayaqda sürünmək zülüm deməkdir,
Yetkiliyə güzəşt bölüm deməkdir,
Postu tərk eyləmək ölüm deməkdir,
Amandı, İsa bəy, postunu atma.
İsa Qəmbərov:
Könüllü atıram postu, fərəhli,
Getməsəm, qovarlar ikitərəfli,
Üzüsulu getmək daha şərəfli,
Üz vurma, Əli bəy, mən gedər oldum.
Əli Kərimov:
Canımı verərdim bossun uğrunda,
Özünü qurban ver dostun uğrunda,
Mübarizə apar postun uğrunda,
Amandı, İsa bəy, postunu atma.
İsa Qəmbərov:
Kimə dəstək verdim, üstümə qalxdı,
İndi Müsavatda bir qəmxar yoxdu,
Başqanlıq həvəsi olanlar çoxdu,
Üz vurma, Əli bəy, mən gedər oldum.
Əli Kərimov:
Elə özümünkü kəsilər qənim,
Od tutub, cızhacız yanar bədənim,
Sən getsən, kitabım bağlanar mənim,
Amandı, İsa bəy, postunu atma.
İsa Qəmbərov:
Keçibdi zamanım, çatıb momentim,
Yox əldə keçəri bir dokumentim,
Yerimdə qalmağa yox arqumentim,
Üz vurma, Əli bəy, mən gedər oldum.
Əli Kərimov:
İstərəm, postumda qalıb qocalam,
Arzumdu, mən "Yurd"da daim ucalam,
İstərəm, sədrlik postunda qalam,
Amandı, İsa bəy, postunu atma.
İsa Qəmbərov:
İndi Qərb tərəfdən azalıb saman,
Sıxlaşıb kəlləmin üstündə duman,
Artıq getməliyəm, yetişib zaman,
Üz vurma, Əli bəy, mən gedər oldum.
Əli Kərimov:
Cəbhədə bir-iki üzvə tavanam,
Qərbdən də, bossdan da hələ yavanam,
Axı hələ səndən xeyli cavanam,
Amandı, İsa bəy, postunu atma.
İsa Qəmbərov:
Hər bir üzv, müavinim sıxmaqda məni,
Hər yerindən duran yıxmaqda məni,
Hər nadan saxlayar çaxmaqda məni,
Üz vurma, Əli bəy, mən gedər oldum.
Əli Kərimov:
Gücü çaqqalda yox, sən axtar fildə,
Güc səndəkindən çox topalda, şildə,
Dayan öz postunda bir-iki il də,
Amandı İsa bəy, postunu atma.
İsa Qəmbərov:
Cümlə liberalda mən tək rəhbər yox,
Hazırda bir qətrə məndə təpər yox,
Böyrümdə-başımda çünki sipər yox,
Üz vurma, Əli bəy, mən gedər oldum.
Əli Kərimov:
Başını sən nə tez qoydun balınca,
Məni də apardın öz zavalınca,
Gərək sədrliyi atım dalınca,
Amandı, İsa bəy, postunu atma.
İsa Qəmbərov:
Bəlkə əlləşəcək biri kəfənnən,
Sənin nə işin var, söylə bir mənnən?
Sən qal öz postunda, canın cəhənnəm,
Üz vurma, Əli bəy mən gedər oldum.
MİRZƏ QƏRƏNFİL