Etibar Məmmədov:
Nə İsa, nə Əli vurmasın döşə,
Düşməz bir novator heç dilə-dişə,
AMİP dönməyəcək artıq keçmişə,
Olmaz yeniləşmək gözləri bağlı.
Nurəddin Məmmədli:
Mənə aşılayır daxili hisslər,
Bizi sevməyəcək heç vaxt xəbislər,
Bütün yetkililər kemişi pislər,
Qalmayıb meydanda başı papaqlı.
Etibar Məmmədov:
Oturub liderlər dalğın, boş-bekar,
Hamısı olubdu bosslara şikar,
Burda bir həqiqət olunmur aşkar,
Hər biri oturub "İP"-də niqablı.
Nurəddin Məmmədli:
Qərbin qılığına bəzən girərik,
Düşüb əziyyətə əsəb gərərik,
Lazımi məqamda iş də görərik,
Nə olub, hamımız əlli-ayaqlı.
Etibar Məmmədov:
Yedəkçün hələ də çatışmır tros,
Çoxdan yaxasını çəkibdi Qross,
Nə Qərb dəstək verir, nə xarici boss,
İfratlar içində yoxdu dayaqlı.
Nurəddin Məmmədli:
Elə lider var ki, gönə çıxıbdı,
Ancaq yaxşıları yenə çıxıbdı,
Radikal düşüncə önə çıxıbdı,
Həm də yerindədi kamalı, ağlı.
Etibar Məmmədov:
Çoxları özünün içini yeyib,
Çoxu da qocadı, qəddini əyib,
Liderlər köhnədi, yeniləşməyib,
Qrant axtarmaqda əli çıraqlı.
Nurəddin Məmmədli:
Qəbul etmək olar şər birimizi,
O zaman görərsən nər birimizi,
Uğur təqib edir hər birimizi,
Gedir gələcəyə yarlı-yaraqlı.
Etibar Məmmədov:
Əvvəl bir-birini didərək yeyər,
Sizdə tarazlığı liderlər əyər,
Görmürəm mən onda bir sivil dəyər,
"İP" artıq görünür çəkic-oraqlı.
Nurəddin Məmmədli:
Misal gətirirəm onlarla gənci,
Bizim sıramızda onlar bir inci,
Çoxusu xaricə çatıb birinci,
Bizi təmsil edər dəftər-varaqlı.
Etibar Məmmədov:
Başınızda duran uzunqulaqdı,
Yalandan deməyin üzünüz ağdı,
Sivil yeniləşmə sizdən uzaqdı,
Sərxoş liderlər də qaşlı-qabaqlı.
Nurəddin Məmmədli:
Xeyli qabaqdayıq hətta sayda da,
Bizə doğru gəlir var da, fayda da,
Bizdə hər şey yeni, sivil qaydada,
Maşallah, liderlər başlı-qulaqlı.
Etibar Məmmədov:
Maraq dairəniz bidətin himni,
Sizi cəlb etməkdə sərvətin himni,
Yox bir qərargahda dövlətin himni,
Eviniz, damınız deyil bayraqlı.
Nurəddin Məmmədli:
Hamı da dalğındı, dəstək görünmür,
Nə Əli, nə İsa zirək görünmür,
Heç kəsin üzündə fərəh görünmür,
Hamı üzüntülü, həm də fəraqlı.
Etibar Məmmədov:
Düzəliş olmayıb İsa büstündə,
Çox üzlər qarsındı odlu tüstündə,
Sanki gəzmirsiniz asfalt üstündə,
Üzünüz-gözünüz tozlu-torpaqlı.
Nurəddin Məmmədli:
Biz həm Müsavata, cəbhəyə varis,
Hər bir kəs müstəqil olmağa həris,
Hamı da üsyankar, hamı mübariz,
Hər bir üzvümüz də yarlı-yaraqlı.
Etibar Məmmədov:
Sizi dəstəkləyən Tomas, Meqqi var,
Onlarla vəhabi, üç-beş həqqi var,
Sizdə nə inkişaf, nə tərəqqi var,
"İP"-də hər bir kəsin üzü cırmaqlı.
Nurəddin Məmmədli:
Hamı bir-birinə bizlərdə sirdaş,
Kim ki, bizi sevmir başına bir daş,
Bizlərdə yerində hər bir başçı, baş,
Öz yerində əllər, üstü dırnaqlı.
Etibar Məmmədov:
Çıxdığı zirvədən enməyəcəkdi,
Qrant az olsa da dinməyəcəkdi,
Heç bir üzvünüz də çimməyəcəkdi,
Sizə tuşlanmasa şlanq şırnaqlı.
Nurəddin Məmmədli:
Bizə şirin sözün, eşqin iftira,
Həm özün, həm də ki, miskin iftira,
Desən də bizlərə kəskin iftira,
Şükür, hamımız da əlli-barmaqlı.
Etibar Məmmədov:
Çox vaxt olursunuz leşlə də məşğul,
Liderlər Bayılda, Keşlədə məşğul,
Heç vaxt olmursunuz işlə də məşğul,
Süfrəniz həmişə çaxır-araqlı.
Nurəddin Məmmədli:
Ölüb gedəcəyik çatanda əcəl,
Dirçəldik, boss bizə deyəndə dirçəl,
Onların heç biri deyildir keçəl,
Həm Əli, həm İsa başı daraqlı.
Mirzə QƏRƏNFİL