Son günlər müxalifətdaxili arenada müxtəlif mövzularda yaranmış anlaşılmazlıq ictimaiyyətin diqqətindən yayınmamaqdadır. Belə ki, gah "İctimai Palata" ətrafında, gah da digər siyasi "birliklər" ətrafında aparılan müzakirələr fikir ayrılıqları yaratmaqla yanaşı, oradakı partiyaların kimin yanında olmaları baxımından qərar vermələrinə kifayət qədər çətinliklər yaradır. Bu isə bir daha təsdiq edir ki, radikal düşərgədə həm də ciddi qərarsızlıq hökm sürür və bu amil partiyalararası narazılıqların şiddətlənməsinə təkan verir.
Məsələn, mövzu ilə bağlı münasibət bildirən ADP sədri Sərdar Cəlaloğlu deyib ki, bu cür halların baş verməsi təbiidir və gözləniləndir. Yəni hər hansı müxalifət partiyası anidən fikir dəyişkənliyinə məruz qalsa, bunu təbii qəbul etmək lazımdır. Bu isə, onu deməyə əsas verir ki, müxalifətin "birliyini" əks etdirən "İctimai Palata"nın, eləcə də, "beşlər" formatının daxilindəki siyasi partiyalar yerdəyişmələr edərək, fikirləri üzərində stabil dayanmadıqlarını bu addımları ilə isbat edirlər.
Düzdür, radikal müxalifət düşərgəsindəki fikir ayrılıqlarını ciddi-cəhdlə ört-basdır etməyə səy göstərən ADP sədri bu gizlinləri "müxalifətdaxili inteqrasiya" qismində sırımağa çalışır. Onun bildirdiyinə görə, bir partiyanın bir qurumdan başqa quruma keçməsi "müxalifətdaxili inteqrasiyadır". Amma ictimaiyyət də görür ki, bu, heç də belə deyil. Daha dəqiq desək, bu, sadəcə, müxalifət partiyalarında çoxdan azara çevrilmiş ayağısürüşkənlik "siyasətidir".
Digər tərəfdən, müxalifət partiyalarının ayağısürüşkənliyinə başqa cür də don geyindirən ADP sədri "İctimai Palata" da, biz də öz fikrimizi hər dəqiqə dəyişə bilərik. Burada belə bir məsələ yoxdur" deyərkən özü də etiraf edib ki, bu fikirlər mövcud həqiqətin göstəricisidir. Yəni ayağısürüşkənliyin nümunəsidir. Bizim kənddə isə, necə deyərlər, "ayağısürüşkənə" pis gözlə baxırlar...
RÖVŞƏN RƏSULOV