Radikal müxalifət öz qorxaqlığını, boşboğazlığını və el dili ilə desək, loğazlığını sübut etdi. Amma nə ilə, hansı üsulla? O üsulla ki, guya iqtidar nümayəndələri ilə debata getmək üçün bunlar hər zaman hazır olublar, amma...
Məsələ də elə əmmadadır. Yəni daha öncə rənglərini dəyişərək siyasi buqələmun təsiri bağışlayan müxalifət yetkililəri bir ağızdan iddia edirdilər ki, guya bunlar debatlara getməkdən ötrü, özlərinə "bab" tapa bilmirmişlər. Guya bunlar daha böyük diapazonda, daha böyük debatlara çıxmağa hazırıymışlar. Ancaq nə oldu, nə baş verdi ki, debatlardan imtina etdilər? Bu sualın cavabı da bizdədir...
Belə ki, hələ bir müddət bundan əqdəm, yəni debat məsələsi gündəmə çıxandan sonra, dialoqlardan-filandan çənə döyən Müsavat başqanı İsa Qəmbərov, AXCP (i) sədri Əli Kərimov və onların çənələrinə şam tutanlar həmin dialoqları debat keçirmək istəyi ilə əvəzləməyə qərar verdilər. Bu vasitə ilə onlar siyasi gündəmdə qalmağı düzgün hesab etsələr də, alınmadı. Çünki onların debat məsələsinə dərhal cavab verildi, hətta bunun üçün vaxt da müəyyənləşdirildi. Fəqət, bu müəyyənləşdirilmədən sonra, radikalların fısları anidən yatdı. Onlar nə qədər nala-mıxa döysələr və sudan quru çıxmağa cəhd göstərsələr də, heç nə alınmadı. Sonda məlum oldu ki, bəs radikallar, həqiqətən də, loğazlıq edirlərmiş.
Bu gün Müsavat başqanının, AXCP (i) sədrinin daha nə bilim, haranınsa zingildəyənin yenidən durub debat barəsində çərənləmələri artıq gec verilmiş qərardan savayı heç nə deyil. Çünki bu, həm də gec verilmiş qərarla yanaşı, qorxaqlığın, məğlubiyyətin göstəricisidir. Zamanında debata çıxmağa "ürək" etsəydilər, olardı başqa məsələ. Ancaq "ürəkləri" nədi, heç "ciyərləri" də bunu etməyə cürət etmədi. Qorxdular və qorxaqlıqlarının cavabını əməlləri bahasına aldılar. Ona görə də debatı-mebatı saxlasınlar "taxtalı köyə". Daha dəqiq desəm, qəbiristanlığa. Nə vaxt ki, haqq dünyaya gedəcəklərsə, bax, onda inkir-minkirlə debata çıxmağa məcbur olarlar. Ən azından onları elə o tərəflərdə "qəşəng" debatlar gözləyir...
P.S. Məncə, radikal ünsürlər inkir-minirdən sonra, şeytanla hansı mövzuda debat edəcəklərini indidən planlaşdırsalar yaxşı olardı. Axı onlar bir zamanlar bəyan etmişdilər ki, hakimiyyətə gəlməkdən ötrü şeytanla iş birliyinə getməyə hazırdırlar...